Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) baş prokuroru Kərim Xan Yaxın Şərqdəki vəziyyət ilə əlaqədar İsrailin baş naziri Benyamin Netanyahunu, müdafiə naziri Yoav Qallantı, eləcə də Qəzzada HƏMAS-ın üç liderini müharibə cinayətləri və insanlığa qarşı cinayətlər törətməkdə ittiham edərək, onların həbsinə order verilməsini istəyib.
Beynəlxalq məhkəmənin baş prokurorunun bu qərarı müxtəlif reaksiyalarla qarşılanıb. ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Mayk Conson Konqresin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyaların tətbiqini nəzərdən keçirdiyini bəyan edib. ABŞ-li qanunvericilər İsrailin baş naziri B.Netanyahuya qarşı həbs qərarı verilərsə, BCM-yə sanksiya tətbiq etməyi düşünürlər. M.Consonun sözlərinə görə, BCM prokurorunun B.Netanyahunun həbsinə order verilməsi tələbinə ABŞ prezidenti Cozef Bayden administrasiyasının “İsrailə təzyiq kampaniyası” səbəb olub.
Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Şəbnəm Həsənova bildirib ki, mövcud məsələyə dair müxtəlif daxili və xarici reaksiyalar olduğu qədər, ətrafında fərqli versiyalar da səslənir. Onun sözlərinə görə, müharibə cinayətlərində ittihamlar, döyüşlərdə fasilə vermək cəhdinin əksinə olaraq, bu cür addımlar israillilərin çətin vəziyyətdə olan baş nazirlərinin ətrafında daha sıx birləşməsinə səbəb olacaq: “Belə hesab edilir ki, Xanın bəyanatı müxalifət siyasətçilərini, hətta tənqidçiləri Netanyahunun müdafiəsinə qalxmasına məcbur edəcək. Çünki əksər israillilər Xanın təkcə Netanyahunu deyil, İsraili də hədəf aldığını düşünərək bunu baş nazirə deyil, dövlətə və onun müdafiəsinə qarşı kimi görür. Demokratlar və administrasiya zaman-zaman Netanyahunu müəyyən istiqamətlərə məcbur etməyə çalışsa da bu tam əks nəticə verib. Lakin müxtəlif media qurumlarında siyasi karyerasının fırtınalı kimi tərifləndirildiyi Netanyahuya edilən təzyiqləri, onun həbsinə order verilməsi tələbini də yalnız və bəlkə də heç Bayden administrasiyasının “İsrailə təzyiq kampaniyası” ilə əlaqəli hesab etmirəm”.
Politoloq deyib ki, israilliləri ABŞ Prezidenti C.Bayden dəstəkləyib: “Bayden bildirdi ki, İsrail və HƏMAS-ı müqayisə etmək olmaz. ABŞ İsrailin Qəzzadakı hərəkətlərini soyqırımı hesab etmir. Yəni, burada daxili səbəb də mövcuddur. Çünki bu, İsrailin baş nazirinin kövrək müharibə kabinetinin istefada olan generalı Benni Qantzın bundan öncə Netanyahunu Qəzzanın necə idarə olunacağına dair müharibədən sonrakı şablonun hazırlanmayacağı təqdirdə hökuməti tərk edəcəyi ilə hədələməsinə də bağlıdır. Bu, ultimatum kimi dəyərləndirilərək gərgin vəziyyətə düşən İsrail lideri üzərində siyasi təzyiqi onsuz da kifayət qədər gücləndirmişdi. Çünki Qantz televiziyaya verdiyi müsahibəsində “Seçim sizin əlinizdədir”, – deyərək tələblərinin yerinə yetirilmədiyi təqdirdə dəstəyini geri çəkəcəyi ilə bağlı xəbərdarlıq da etmişdi. Lakin onu da etiraf edək ki, Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru Kərim Xanın Netanyahunun və İsrailin müdafiə naziri Yoav Gallantın, həmçinin üç HƏMAS liderinin həbsinə order verilməsini tələb etməsi təqaüddə olan generalın üsyanını arxa planda qoymağı bacardı. Xan isə bu işdə tək deyil. Maraqlı məqam odur ki, onun altı ekspertindən beşi britaniyalıdır. Deməli, məsələ çoxtərəfli və çoxşaxəlidir”.
Ş.Həsənova qeyd edib ki, BCM-nin həbs orderi tələbi İngiltərə Baş nazirinin ofisində dəstək tapmayıb: “Belə bir versiya da var ki, hər iki tərəfi müharibə cinayətlərində və bəşəriyyətə qarşı cinayətlərdə ittiham etməklə döyüşlərdə fasilə yarada biləcəklərinə, həmçinin İsraili hərbi kampaniyasını yenidən düşünməyə inandırmaq istəyirlər. Amma onların buna ümid etmələrinin özü belə boş xəyal kimi dəyərləndirilir. Netanyahunun ətrafında sıx birləşmə arqumentini onunla da əsaslandırmaq olar ki, baş nazirin əsas siyasi rəqibləri arasında İsrail müxalifətinin lideri Yair Lapid də Xanı qınayaraq, onun açıqlamasını “fəlakət” adlandırdı və ABŞ Konqresinin Xanın təşəbbüsünü pisləyəcəyinə ümid etdiyini bildirdi. Hətta Netanyahunun ən qəddar tənqidçisi bu eyniləşdirmə qərarını israillilər üçün çox çətin bir şey adlandıraraq, bunun yalnız israilliləri daha çox mühasirədə hiss etməyə təşviq edəcəyini bildirib. Benyamin Netanyahu isə BCM prokurorunun ittihamlarını absurd və yalan adlandırır, axıra qədər xatırlanacaq tarixi biabırçılıq kimi xarakterizə edir və İsrailin demokratik yolla seçilmiş liderlərini “soyqırımı terror təşkilatı” HƏMAS ilə eyni səviyyəyə qoymaq cəhdindən iyrəndiyini bildirir. Netanyahu onu da əlavə edir ki, Xanın bu qərarı istənilən demokratiyanın terror təşkilatlarına və təcavüzkarlara qarşı özünü müdafiə etmək hüququnu sarsıdan təhlükəli presedent yaradır, Xan öz səlahiyyətlərindən sui-istifadə edir və bütün dünyada alovlanan antisemitizm alovunun üzərinə ağılsızcasına kerosin tökür. Baş nazir Xanın BCM-ni farslaşdırdığını da ifadə etməkdən çəkinmir ki, bunun özü də son dərəcə radikal bənzətmə və yanaşmadır”.
Politoloq vurğulayıb ki, həbs qərarı hər kəs tərəfindən mənəvi uğursuzluq kimi xarakterizə edilir, ümumiyyətlə İsrail və HƏMAS liderləri arasında hədsiz müqayisənin qəbuledilməzliyi diqqətə çatdırılır: “Xan onların hamısını HƏMAS-ın İsrailə hücumu və İsrail qüvvələrinin Qəzza zolağında cavab əməliyyatı zamanı törədilmiş hərbi cinayətlərdə günahkar olduğunu bildirsə də, Netanyahu da öz növbəsində baş prokuroru antisemitizmdə ittiham edir. Hətta Qantzın özü də belə bir fikir səsləndirdi ki, “Özünü alçaq terrordan qorumağa qərarlı olan demokratik ölkənin liderləri ilə qana susamış terror təşkilatının liderləri arasında paralellər aparmaq ədalətin dərin təhrifidir və açıq-aşkar mənəvi iflasdır”. Məsələ isə artıq mənəviyyatdan, bəşəri dəyərlərdən getdikcə tamamilə uzaqlaşır, eyni zamanda bir o qədər də siyasiləşir. Çünki ən sadə kimi görünsə də ən realist dəyərləndirmə kimi bildirim ki, tərəflər ayrı-ayrı tələfat rəqəmləri təqdim edir. Bütün bunların fonunda Netanyahunun hakimiyyətdə olduğu günlərin nəhayət sayıla biləcəyini düşünən qüvvələr də az deyil. Məhkəmənin işə nə qədər vaxt ayıracağı isə hələlik məlum deyil. Bəzən prokurorun tələbi həbs qərarı ilə bağlı qərara qədər bir neçə həftə, hətta aylar da keçə bilir. Söhbət ABŞ-dən gedirsə, reallıq onu göstərir ki, məsələyə ABŞ daxilində bir-birinə əks mövqelərin olması Ağ evdə olan çatlardan xəbər verdyi qədər, maliyyə mübarizəsi ilə sıx bağlı olaraq həm də seçki öncəsi qızışan rəqabətin məhsuludur”.
Lamiyə MİRZƏYEVA