Vaşinqton Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasında Moskvanı ittiham edir. ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasını şərh edərək qeyd edib ki, bu, Rusiyanın etibarsız müttəfiq olduğunun göstəricisidir.
Vaşinqtonun hadisəni mənfi tərzdə şərh etməsinin, bu mesajın hədəfi nədir? Sülhməramlıların bölgəni tərk etməsindən sonra Qərbin, ABŞ-nin narahatlığına səbəb olan amillər nələrdir?
Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Amid Əliyev bildirib ki, Rusiya sülhməramlılarının bölgədən vaxtından əvvəl çıxması məhz Azərbaycanla Rusiya arasındakı münasibətlərin ən üst səviyyədə olmasından xəbər verir.
“Əgər bu gün keçmiş SSRİ məkanına nəzər salsaq, Moldovada son 30 ilə yaxın, Gürcüstandan 10 ildən çox bir müddətdə Rusiyaya məxsus olan sülhməramlı qüvvələr qalıb. Onların bölgədən çıxması müzakirə belə edilmır. Maraqlıdır, ABŞ niyə onlar üçün narahatlıq hissi keçirmir? Bu, Azərbaycan diplomatiyasının yeni bir qələbəsi kimi qiymətləndirilməlidir. Vaxtından əvvəl, qeyd-şərtsiz Rusiya sülhməramlı kontingenti bölgəni tərk edir”,- o deyib.
Politoloqun fikrincə, Qərb Rusiya sülhməramlılarını hər zaman hazırkı Ermənistanın siyasi rəhbərliyi üçün real təhlükə hesab edib.
“ABŞ ümumiyyətlə bu məsləyə əvvəlcədən qısqanclıq hissi ilə yanaşıb. Bölgədən 10 000 km uzaqda olan bir dövlətin real olaraq regiona hərbi cəhətdən nüfuz edə bilməməsi anlaşılandır. Bunu heç bir mənada “etibarsız müttəfiq” adı ilə təsnifləndirmək olmaz. İşin əsl məğzi odur ki, Rusiya baş verən siyasi və hərbi prosesləri daha düzgün, məntiqi və reallığı uyğun olaraq qiymətləndirmiş, qüvvələrin daha lazım olan məntəqədə konsolidasiya olmasın üstünlük verib”, – A.Əliyev qeyd edib.
Onun sözlərinə görə, ABŞ-ni bu məsələdə narahat edən məqamlardan biri də Rusiya sülhməramlılarının belə tezlikdə Azərbaycandan çıxdığı halda, rusların Ermənistandakı həbi mövcudluğunun hələ də qalmasıdır: “Bu, həm də Azərbaycanla Rusiya arasındakı strateji müttəfiqlik münasibətlərinin hansı səviyyədə olması faktını da təsdiqləyir. Təbii ki, mövcud reallıq da ABŞ tərəfindən həzm edilmir”.
Vaşinqtonun son addımını Medianews.az-a şərh edən, ABŞ-nin Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq həmsədri Metyu Brayza isə hesab edir ki, ABŞ və Avropa İttifaqı Ermənistanı Qərblə daha çox ittifaqda olmağa təşviq edir. Onun fikrincə, bu, Azərbaycanın xeyrinə işləyə bilər.
M.Brayza Fransa kimi bəzi Avropa İttifaqı ölkələrinin “sülhməramlı” adı altında Qarabağa girmək kimi bir istəkdə ola bilməsi ehtimalına da münasibət bildirib.
“Bilmirəm, lakin güman edirəm ki, Avropa İttifaqının Ermənistanla bağlı göstərdikləri cəhdlərə Azərbaycanı da aid etmək olar. Bu, müəyyən mənada proseslərdə öz fərqini göstərə bilər. Lakin bu, Avropa İttifaqı ölkələrinin “sülhməramlı” adı altında Qarabağa girmək kimi mövzuları müzakirə etməsi demək deyil”, – deyə o fikrini yekunlaşdırıb.
Ayşən RƏHİM