Paradoks nə deməkdir? Bu söz ayrılıqda düz olan iki və ya daha çox fikrin bir araya gəldikdə ziddiyyət yaratmasını ifadə etmək mənasını daşıyır. Doğru zənn etdiyimiz fikir son nəticədə ya səhv, ya da əksinə ola bilər. Bu, elə bir mühakimədir ki, müəyyən hökmün həm həqiqi, həm də yalan olmasını sübut edir. Paradoks doğru olan, lakin insan beyninin heç cür doğru qəbul edə bilmədiyi bir anlayışdır.
“Bütün kritlilər yalançıdır”, – deyən kritli Epimenides tarixdə məlum olmuş ilk paradoksun müəllifidir. Epimenidesin kritli olub bu fikri söyləməsi açıq-aşkar ziddiyyət yaratmışdır. Belə ki, bu söylənilənin doğru olduğunu qəbul etsək, özü də kritli olan Epimenidesin yalançı olması lazımdır. Əgər o, yalançıdırsa, dediyi həmin ifadə də yanlış olmalıdır. Hər bir halda söylənilən həmin fikrin həm doğru, həm də yanlış olması nəticəsinə gəlmək olur. Beyniniz qarışdı, deyilmi? Mənim də…
Yeri gəlmişkən, tarixdə “yalan paradoksu” da maraqlıdır. Belə ki, “indi yalan danışıram” deyərkən doğrumu söyləyirəm, yoxsa yalanmı söyləyirəm? Bu söylənilənin doğru olduğunu düşünsək, o zaman yalan söylədiyim doğrumu olur? Söylənilənin yalan olduğunu düşünsək isə, o zaman da bu cümlə doğru olmalıdır, hə? Yenə dolaşığa düşdük.
İndi isə “doğru-yalan paradoksu”na nəzər salaq. Əlinizə ağ bir vərəqə götürün. Həmin vərəqənin bir üzünə belə yazın: “Bu vərəqənin digər tərəfində yazılan cümlə doğrudur”. Vərəqənin digər üzündə, yəni arxa tərəfində isə belə yazın: “Bu vərəqənin digər tərəfində yazılan cümlə yanlışdır”. Sonra baxın görün, necə bir paradoks meydana çıxmış olur. Siz bunu düşünməkdə olun, mən aradan çıxaraq digər paradoksa keçid edim.
Alman filosofu Fridrix Nitsşenin ümumiləşdirmə paradoksu da maraqlıdır. O, deyirdi: “Bu daxil bütün ümumiləşdirmələr yanlışdır”. Əgər Nitsşenin söylədiyinin də bir ümumiləşdirmə olduğunu düşünsək, fikirləşin görün, necə bir paradoks yaranır. Yox, yox, çox düşünməyin, çünki bunu nə qədər düşünsə də, həll edə bilməyib intihar edən filosof olub tarixdə.
Fizikada “baba paradoksu”na toxunmasaq olmaz. Belə ki, zamanda keçmişə yolçuluq edən biri babasını öldürərsə, o zaman onun doğulması qeyri-mümkün olar. Belə olan halda isə, həmin adam babasını necə öldürə bilər? Sizə onu deyim ki, fizikadakı bu paradoksa dair sənədli film belə çəkilib. Dərhal “google” vasitəsilə həmin sənədli filmi tapıb baxın, bəlkə də, elmi bir cavab izləyəcəksiniz.
Tamam, sizi çox yormaq fikrim yoxdur. Sonuncu paradoks haqqında dadeyim və bu mövzunu bitirim: Fəlsəfədəki məşhur “Theseusun gəmisi parakdoksu”. Theseusun gəmisi zaman keçdikcə o qədər çox təmir olunur ki, bir gün baxıb görürlər ki, onun dəyişilməmiş tək bir hissəsi belə qalmayıb. Bu zaman isə belə bir paradoksal sual yaranır: Bütün hissələri tamamilə dəyişilmiş gəmi həmin gəmidirmi, yoxsa tam başqa bir gəmidirmi? Düşünüb öz cavabınızı verin. İnanmıram ki, bu suala tapdığınız cavaba özününüz asanlıqla inanasınız.
Bu qədər, qalın salamat. Bu mövzuda bitmədi sözüm, amma davam da etməyəcəyəm. Çünki öz beynim də yandı artıq…
Tərtib etdi: Yunis Xəlilov
Naxçıvan Dövlət Universitetinin Hüquq fənləri kafedrasının baş müəllimi