Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Zəngəzur mahalının qədim türk-oğuz yurdlarından sayılan, zaman-zaman etnik tərkibi dəyişdirilən Meğri rayonu haqqında süjet hazırlanıb.
“Azərbaycanı Naxçıvanla birləşdirən yeganə dəhliz – Meğri” adlı süjetdə ermənilərin tarixin müxtəlif məqamlarında qədim türk tayfalarının yaşayıb idarə etdiyi məkanlarda düşünülmüş şəkildə insanlığa qarşı vandal hərəkətlər törətməsindən, yerli əhalini sıxışdırıb çıxarmaq üçün hər cür vasitələrə əl atmalarından bəhs olunur.
Bildirilib ki, Meğri rayonu şimaldan Qafan rayonu, şərqdən Azərbaycanın Zəngilan, qərbdən Ordubad rayonu, cənubdan isə Güney Azərbaycan, İran ilə həmsərhəddir. Rayon ərazisi 1828-ci il Türkmənçay müqaviləsinə əsasən Azərbaycanın tərkibində Çar Rusiyasının tabeçiliyinə verilib. 1918-1920-ci illərdə bu ərazi Azərbaycan Cümhuriyyətinin Zəngəzur qəzasına bağlı olub və daim erməni quldur dəstələrinin terror və təxribatlarına uğrayıb. İndiki Ermənistanda 1920-ci il noyabrın 29-da sovet hökuməti qurulandan sonra Ermənistan adlanan respublikanın tərkibinə daxil edilib.
Qeyd olunub ki, Meğri rayonunun ərazisində əksəriyyət azərbaycanlılar yaşasa da, tədricən deportasiyaya məruz qoyulub və etnik tərkib ermənilərin xeyrinə dəyişdirilib: “Azərbaycanı Naxçıvanla birləşdirən yeganə dəhliz olan Meğri inzibati rayon kimi 1930-cu il sentyabrın 9-da yaradılıb. Meğri şəhəri 1929-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi Levon Mirzoyan tərəfindən Ermənistana bağışlanıb. Rayonun 20-dən çox kənd və yaşayış məntəqəsində yaşayan azərbaycanlılar son olaraq 1988-ci ildə deportasiyaya məruz qalıblar. Rayonun Nüvədi kəndi isə 1991-ci ildə tamamilə boşaldılıb. Bundan sonra rayon üzrə tarixi yer adları dəyişdirilib. 1995-ci ildə isə Zəngəzur mahalı ərazisində yerləşən Meğri, Gorus, Qafan, Sisiyan rayonları ləğv edilib və bunların hesabına mərkəzi Qafan şəhəri olan Sünik mərzliyi yaradılıb.
Sonda vurğulanıb ki, qədim Azərbaycan torpağı olan bu məkan ermənilərin uzun illərdən bəri apardığı çirkin planların qurbanı olub: “Təbii ki, indi zaman dəyişib, yeni reallıqlar yaranıb və biz Zəngəzura, o cümlədən Meğriyə qayıdacaq, yurd yerlərimizə yeni nəfəs verəcəyik”.