İranın dini rəhbəri Əli Xameneinin ofisinin sözçüsü Əlirza Pənahian deyib ki, İmam Zamanın zühurundan sonra məktəblərin, universitetlərin və elmi seminariyaların 90 faizi bağlanacaq. Onun sözlərinə görə, zühur dövründə insanlarının təhsilə ehtiyacı olmayacaq və zühurdan öncəki 27 elmi sahədən yalnız ikisi inkişaf edəcək.
İslamda, müqəddəs “Qurani-Kərim”də belə bir hadisədən, yəni İmam Zamandan, onun zühurundan bəhs edilirmi? Doğrudanmı gələcəkdə kiminsə zühuru ilə elmə, təhsil müəssisələrinə ehtiyac qalmayacaq? Səsləndirilən iddialar nə dərəcədə əsaslıdır?
Mövzu ilə bağlı Medianews.az-a danışan dinşünas Elşad Miri bildirib ki, əgər həqiqətən də İranın dini rəhbərinin sözçüsü belə bir fikir səsləndiribsə, bu, həmin insanların dünyagörüşünü, təhsillə bağlı düşüncələrini ortaya qoyur.
Dinşünasın sözlərinə görə, gələcəkdə kiminsə İmam Zaman, Mehdi olmasını iddia etmək, yaxud belə bir iddiaları səsləndirənlərə inanılması üçün təhsilə ehtiyac yoxdur: “İnsanlar təhsilsiz və cahil olmalıdır ki, kimsə çıxıb gəlsə onun Mehdi olduğunu iddia edə bilsin. Halbuki İslam dinində Mehdilik və ya İmam Zaman anlayışı yoxdur. Bunlar sonradan ortaya çıxmış, İslamlaşdırılmış anlayışlardır. Digər dinlərin hər birində də daim bir qurtarıcı, xilaskar gözləyib, belə bir anlayışı təlqin ediblər. Bununla bağlı Bosniyanın sabiq lideri Aliya İzzetbeqoviç deyib ki, Mehdi anlayışı bizim tənbəlliyimizin adıdır. Yəni, biz özümüzün bacarmadığımızı, edə bilmədiyimizi Mehdinin gəlməsi ilə həyata keçəcəyini düşünürük. Bu, həqiqətən də insanı tənbəlləşdirən məsələdir. İslamın müqəddəs kitabı “Qurani-Kərim”də İmam Zaman və ya Mehdi ilə bağlı hər hansı anlayış, işarə, surə, ayə yoxdur”.
Alpər TURAN