Tarix boyu qadınların gözəlliyinə düşkünlüyü göz önündə olub. Onlar həmişə gözəl olmaq üçün müxtəlif üsullara əl atıb, müxtəlif baxımlar edib, bəzənib, düzəniblər. Hazırda əksər qadınlar əlləri gözəl görünsün deyə dırnaq qaynaqları edirlər, dırnaqlarına müxtəlif bəzəklər verirlər. Bəs dırnaq qaynaqlarının dırnaqlara və dəriyə ziyanı varmı?
Medianews.az xəbər verir ki, mövzuyla bağlı dermatoloq Ramil Qocayev Referans.az-a açıqlama verib.
“Biz xanımlarda dırnaq qaynaqlarında bu problemlərə tez-tez rast gəlirik;
1. Dırnağın özünün zədələnməsi – Kimyəvi travmatik
2. Dırnaq ətrafı toxumanın zədələnməsi
3. Dolamaların yaranması – Anixiya
4. Eqzematoz dırnağın yaranması
Dırnaq qaynaqlarının yaratdığı xəstəliklər eyni zamanda, bəzən xroniki hala keçərək, uzun müddətli müalicənin belə effekt vermədiyi hallarla rastlaşırıq. Odur ki, bu problemlərin ilkin olaraq, dayanmasını istəyiriksə, mənşəyi bilinən yerlərdə bu prosedurlar baş versin. Ancaq, ümumiyyətlə yaxşı olar ki, istifadə olunmasın. Çünki dırnağın arxasında bildiyimiz kimi manikür vaxtı kəsilən, artıq ət dediyimiz dırnaq qoruyucu təbəqənin zədələnməsi dırnağın özünün kələ-kötürlüyünə, relyef pozuntusuna, qızarmasına, şişməsinə və dolamaya gətirib çıxara bilər”.
Həmçinin mövzuyla bağlı dırnaq ustası master Nuranə İbişova Referans.az-a açıqlama verib.
“Əgər dırnaqda problem, xəstəlik, allergiya yoxdursa, dırnaq tam şəkildə sağlamdırsa, dırnaq qaynağının heç bir zərəri yoxdur. Əksinə vaxtı-vaxtında dəyişdirilsə, dırnaq sədəfini qoruyur, dırnağı qırılmağa və zədələnməyə qoymur. Əks-təsiri ancaq insanın dərisində, dırnağında problem olarsa, material onun dırnağına zərər verə bilər. Bu hallarda mən müştəriyə xəbərdarlıq edirəm. Əgər dırnağında şübhəli bir şey görürəmsə, xəbərdarlıq edirəm ki, dırnaq qaynağını etmək olmaz. İnfeksiya keçə bilər, allergiya verə bilər və s. Amma normal halda olan dırnağa dırnaq qaynağının heç bir zərəri yoxdur”.