“Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edilib. Bununla bağlı Baş nazir Əli Əsədov fevralın 3-də müvafiq qərar imzalayıb. Qərarla Nazirlər Kabinetinin 2020-ci il 17 aprel tarixli 140 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nın “7. Səhiyyə, rifah və xidmət ixtisasları qrupu” hissəsinə “040718 Optometriya” məzmunlu 7.18-ci bənd əlavə edilib. Beləliklə də bu ildən etibarən tibb üzrə orta ixtisas təhsili müəssisələrində (kolleclərdə) optometriya ixtisası tədris olunacaq. Bu ixtisası bitirənlər oftalmoloq kimi fəaliyyət göstərəcəklər.
Məlum qərara qədər tibb üzrə orta ixtisas təhsili müəssisələrində mamalıq işi, tibbi profilaktika, tibb bacısı (qardaşı) işi, ortopedik stomatologiya, müalicə masajı, laboratoriya diaqnostikası, əczaçılıq ixtisasları üzrə kadr hazırlığı həyata keçirilib.
Nəzərə alaq ki, tibb ixtisasları əsasən bu sahə üzrə ixtisaslaşmış ali və orta ixtisas məktəblərində tədris olunur. Peşə təhsil müəssisələrində isə yalnız kimyəvi analiz laborantı və laborant mikrobioloq kimi tibb sahəsinə nisbətən yaxın olan, məzunlara əsasən laboratoriyalarda işləmək imkanı verən ixtisaslar tədris olunur. Ali və orta ixtisas məktəblərinə qəbul ola bilməyən gənclərin tibb bacısı (qardaşı), ilk tibbi yardım, hicama, zəli qoymaq, masaj terapiya, əczaçılıq, mamalıq, diş texniki və kosmetologiyaya marağını, əmək bazarında belə kadrlara böyük tələbat olduğunu nəzərə alan işbazlar özəl kurslarda ödəniş müqabilində cəmi bir il ərzində bu peşələri öyrədir, sertifikat verir, hətta işlə təmin olunmağa köməklik göstərirlər. Bu da bəzən ağır fəsadlara yol açır.
Mövcud vəziyyət nəzərə alınaraq, bu peşələrin və ya ixtisasların peşə təhsil müəssisələrində daha peşəkar səviyyədə tədrisi mümkündürmü? Bu yolla həm işbazların pul qazanmaq xətrinə qeyri-peşəkar səviyyədə iş görməsinin qarşısını almaq, həm də bu ixtisaslara meyl edən məktəb məzunlarını dövlət təhsil müəssisələrində peşəkar, ixtisaslı kadr kimi yetişdirmək, gələcəkdə baş verə biləcək fəsadların qarşısını almaq mümkündürmü?
Mövzu ilə bağlı fikirlərini Medianews.az-a bölüşən təhsil eksperti Kamran Əsədov bildirib ki, Azərbaycanda 51 ali təhsil müəssisəsində 187 min, 54 orta ixtisas təhsil müəssisəsində, yəni kolleclərdə 50 minə yaxın, həmçinin peşə təhsili müəssislərində 45 minə yaxın tələbə təhsil alır, ölkədə əmək bazarının müxtəlif sahələrinə uyğun kadr hazırlığı həyata keçirilir.
Ekspert qeyd edib ki, əmək bazarı dünyada baş verən texnoloji yeniliklər, müasir standartların tətbiqi sayəsində mütəmadi olaraq dəyişir.
Onun sözlərinə görə, bu zaman yeni ixtisaslara, həmçinin köhnə ixtisaslardakı mütəxəssislərin yeni bacarıqlarına ehtiyac yaranır: “Azərbaycanda da mütəmadi olaraq, istər ali təhsil, istərsə orta ixtisas peşə təhsil müəssisələrində ixtisasların təsnifatında dəyişiklik edilir və bu, edilməlidir. 2030-cu ildə elə ixtisaslar olacaq ki, bizim ali və orta ixtisas təhsil müəssisələrində hazırda bu istiqamət üzrə kadr hazırlığı həyata keçirilmir. Bu məsələnin birinci tərəfidir. İkincisi, hazırda bizdə bir sıra sahələr üzrə mütəxəssislər var ki, onlar əmək bazarında işləyirlər. Lakin onların hər hansı bir hüquqi təhsil sənədləri yoxdur. Xüsusən də son on il ərzində yaranmış bir sıra peşələr buna aiddir. Misal üçün, müalicə masajı peşəsi və sair. Bu təbii ki, ali və orta ixtisas təhsil müəssisələrində deyil, daha çox peşə təhsil müəssisələrində hazırlana biləcək kadrdır. Çünki, burda biliklərdən çox, bacarıqlar tələb olunur. Lakin elə ixtisaslar da var ki, biz onları peşə təhsili səviyyəsində deyil, daha yüksək səviyyədə hazırlamalıyıq. Məsələn, laborant mikrobioloq ixtisası. Bu, daha çox özündə elmi bilikləri əks etdirir. Çünki, peşə təhsil müəssisələri biliklərin üzərində daha çox bacarıqlara yönəlmiş bir təhsil pilləsidir. Burada əmək bazarının tələbinə cavab verən kadrlar daha çox bacarıqlar üzərindən peşələrə yiyələnir, əldə olunan vərdişlər hesabına gələcək fəaliyyətini həyata keçirir”.
Təhsil eksperti K.Əsədov deyib ki, Azərbaycandakı peşə təhsil müəssisələrində həkim kadrları hazırlamaq mümkün olmasa da, əvəzində müəyyən bacarıqlar tələb edən turizm işinin təşkili, turizm bələdçisi, stomatoloq, laboratoriyada işləyən mütəxəssislər hazırlamaq olar: “Peşə təhsil müəssisələrində kimyəvi analiz laborantı müəyyən analizlərin nəticələrini sistemə daxil edə bilər, lakin müxtəlif təyinatlı müalicə və tövsiyə verə bilməz. Ona görə də, müəyyən akademik bilik və bacarıqları özündə əks etdirən kadrların hazırlığı təhsilin yuxarı pillələrində olmalıdır. Bu gün siz istənilən yerdə, məsələn apteklərdə göz müayinələri həyata keçirən, optika ilə məşğul olan insanlar görə bilərsiniz. Lakin onlar optometriya ilə bağlı təhsil almayıblar. Bu, əmək bazarı üçün müəyyən qədər təhlükəlidir. Biz zamanla görürük ki, gənc insanlar apteklərdə qanunsuz olaraq optik müalicə yazırlar və ya eynəklərlə bağlı tövsiyələr verirlər. Nəticədə insanlarda görmə qabiliyyəti ilə bağlı problemlər ortaya çıxır. Yaxud, biz zaman-zaman özəl tibb mərkəzlərində görürük ki, ortopedik stomatologiya ilə bağlı xidmətlər, hətta əməliyyatlar həyata keçirilir və ciddi problemlər ortaya çıxır”.
Ekspertin qənaətincə, xüsusilə cərrahiyə əməliyyatlarını özündə əks etdirən, birbaşa insanların sağlamlığına, səhhətinə təsir göstərən ixtisaslar peşə təhsil müəssisələrində deyil, minimum orta ixtisas təhsil müəssisələrində hazırlanmalıdır: “Bu gün bizim peşə ixtisas müəssisələrimiz, peşəkar səviyyədə kadr hazırlaya bilmir. Orada məzmunla, standartlarla bağlı çatışmazlıqlar var. Azərbaycan müstəqillik əldə etdikdən sonra daha çox diqqəti ali təhsil müəssisələrinə yönəldib. Etiraf edək ki, orta və peşə təhsil müəssisələri müəyyən qədər proseslərdən, diqqətdən kənarda qalıb. Düzdür, son illər ərzində bu sahədə ciddi şəkildə fərqi, irəliləyişi görə bilirik. Hesab edirəm ki, peşə təhsil müəssisələrinin keyfiyyətinin daha da artırılması üçün mühüm addımlar atmalıyıq. Son illər ərzində 6 peşə təhsil müəssisəsi daha çox mühəndis, avtomobil ustası, elektrik, aşpaz, bənna kimi ixtisasların hazırlığına yönəlib. Yəni burada tibbi sahəyə aid olan, səhiyyəyə, rifaha, sağlamlığa xidmət edəcək ixtisaslı kadr hazırlığı həyata keçirilməyib. Bu sahə üzrə həmin peşə təhsil müəssisələri ixtisaslaşmayıb, peşəkarlaşmayıblar. Çünki orada maliyyə yoxdur. Tibb ixtisası kifayət qədər maliyyə tələb edən ixtisasdır və onlar peşə təhsil müəssisələrində hazırlanmamalıdır”.
K.Əsədov deyib ki, əmək bazarına uyğun daha çevik kadr hazırlaması peşə təhsil müəssisələrinin üstünlüyüdür: “Qısa müddət ərzində əmək bazarının tələbinə cavab verən kadr hazırlığı peşə təhsil müəssisələrində daha yaxşı həyata keçirilir. Amma hazırda peşə təhsil müəssisələrimizdə o kadrları hazırlayacaq mütəxəssislərimiz yoxdur. Çünki yüksək bilik və bacarıqlı mütəxəssislər yüksək qonorarlarla dərs prosesində iştirak edirlər. Əgər peşə təhsil müəssisəsi tədrisə cəlb etmək istədiyi mütəxəssisə yüksək qonorar verə bilməyəcəksə, onlar peşə təhsil müəssisələrində çalışmağa maraqlı olmayacaqlar. Ona görə də biz pul qazanmaq xətrinə, görüntü üçün, insanların buna marağı var deyə, peşə təhsil müəssisələrinə tibb ixtisasları üzrə kadr hazırlığını həvalə etməməliyik. Çünki bu kadrların əmək bazarında iş təminatı, təhlükəsiz iş mühiti, peşəkar səviyyədə xidmət göstərmələri və sair kimi mühüm məsələlər var”.
Ekspert bildirib ki, peşə məktəbləri tibb müəssisələrinin çağrı mərkəzləri və laboratoriyalarında texniki işləri görə biləcək kadrlar hazırlaya bilərlər: “Peşə məktəbində tibb sahəsinə dair yalnız qeyd edilən istiqamətlər üzrə kadr hazırlığı həyata keçirilməlidir. Lakin biz tibbə aid ixtisasları tamamilə peşə təhsil müəssisələrində qısa müddətdə hazır etməklə, heç nəyə nail ola bilmərik. Düzdür, bu gün Azərbaycanda tibb mütəxəssislərinin, adambaşına düşən həkimlərin sayı azdır. Əlbəttə ki, onların sayı artırılmalıdır. Lakin bu kadr hazırlığı qəbul imtahanlarında ən azı 450, 500 bal toplayan şəxslərin təhsil ala biləcəyi ali məktəblərdə həyata keçirilməlidir. Ən aşağı səviyyədə isə bu kadr hazırlığı orta ixtisas təhsil müəssisələrində həyata keçirilə bilər. Lakin peşə təhsil müəssisələrində bunu etmək olmaz. Çünki onların avadanlıqları, kadr potensial yoxdur, müasir standartlarla təmin olunmayıblar. Ona görə də, tibb bacısı və ya qardaşı, mamalıq işləri, müalicə işi üzrə ixtisaslı kadrlar minimum kolleclərdə hazırlana bilir. Bu, kifayət qədər uğurludur. Əlbəttə ki, bu istiqamət üzrə ali təhsil müəssisələrində daha yaxşı bilik və bacarıq əldə etmək mümkündür”.
Lamiyə MİRZƏYEVA
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” mövzusunda hazırlanıb.