Son dövrlər Hepatit A virusunun yayılması ilə əlaqədar olaraq, sosial şəbəkələrdə müxtəlif iddialar səsləndirilməkdədir. Belə iddialardan biri də paytaxt Bakıda və ətraf rayonlarda içməli suya dərman qatılması barədə fikirlərdir. Səs halında “WhatsApp” qruplarda paylaşılan bu iddiaya görə, içməli suyun tərkibində Hepatit A virusu olduğu üçün müvafiq qurumlar suya naməlum dərman qatıblar və içməli suyu qaynadılmadan orqanizmə qəbul etmək virusa yoluxmaya səbəb ola bilər. Kimliyi bilinməyən şəxslər tərəfindən yayılan, insanlar arasında narahatlığa səbəb olan bu iddiaların həqiqətə uyğun olub-olmadığını öyrənmək üçün səs yazısında adları qeyd olunan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA), “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə sorğu yolladıq, həmçinin həkim-mütəxəssisin fikrini öyrəndik.
AQTA-dan Medianews.az-ın sorğusuna cavab olaraq bildirildi ki, məlum səs yazısında Agentliyin adı çəkilərək, guya qurumun içməli su ilə bağlı hər hansı tapşırıq və ya göstəriş verməsi iddiası əsassızdır, həqiqəti əks etdirmir. Qeyd olundu ki, AQTA mərkəzləşdirilmiş qaydada əhaliyə verilən içməli suya nəzarət etmir.
“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı Medianews.az-a açıqlamasında dedi ki, əhaliyə verilən içməli suyun keyfiyyəti ilə bağlı narahatlığa heç bir əsas yoxdur. O, vəziyyətin nəzarət altında olduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, bütün mənbələrdən Bakı və Sumqayıt şəhərlərinə, eləcə də regionlara verilən içməli su tam keyfiyyət standartlarına uyğundur.
A.Cəbrayıllı söylədi ki, bir neçə gün öncə paytaxtın Suraxanı rayonunun Əmircan və Bülbülə qəsəbələrində yayılan Hepatit A virusunun da su ilə hər hansı əlaqəsi yoxdur: “Bülbülə və Əmircan qəsəbələrini qidalandıran 54 Ramanı mərkəzi su anbarımız, Suraxanı və Sabunçunun böyük bir ərazisini içməli su ilə tam təmin edir. Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları profilaktik tədbirlərlə əlaqədar “Azərsu”nun mütəxəssisləri ilə birlikdə mərkəzləşdirilmiş içməli su şəbəkəsində laborator müayinə üsullarının tətbiqi ilə monitorinqlər keçiriblər. Müxtəlif nöqtələrdən, o cümlədən evlərdəki su çənindən, şəbəkə xətlərindən, mərkəzi anbardan su nümunələri götürüb yoxlayıblar. Heç bir kənarlaşma yoxdur. Bu gün içməli su standartlara tam uyğundur. Həmin ərazi digər ərazilərdə olduğu kimi, keyfiyyətli, dayanıqlı içməli su ilə təmin olunur”.
Tibb üzrə fəlsəfə doktoru Abbas Bağırov Medianews.az-a açıqlamasında Bakı şəhərində və ətraf yaşayış məntəqələrində Hepatit A virusunun yayıldığını dilə gətirib. O qeyd edib ki, bu virus əsasən məktəblilərdə, azyaşlı uşaqlarda rast gəlinir.
Həkimin sözlərinə görə, bu virus əsasən su yolu ilə yayılır: “Bu virus hava damcı yolu ilə deyil, insandan-insana, yəni hər hansı əşyaya toxunma yolu ilə yayılır. Eyni zamanda su ilə da yayıla bilir. Suyu qaynadıb içməyə gəlincə, qaynadılmış suda bəzi mikroblar ölürlər, bu, doğrudur. Suyun qaynadılaraq orqanizmə qəbul edilməsi müəyyən riskləri azalda bilər. Amma nəzərə alaq ki, məişət üçün istifadə olunan su özü qaynadılmamış şəkildə qalır. Əgər bu suyun tərkibində virus varsa, yayılma riskini artırır. Onu da qeyd etmək yerinə düşər ki, beynəlxalq norma və standartlara uyğun olaraq suyun tərkibinə müəyyən kimyəvi birləşmə vurulur. Amma bu kimyəvi birləşmə də suya normadan artıq vurularsa, orqanizmə toksiki təsir göstərə bilir. Suyun təmizlənməsi, içməli vəziyyətə gətirilməsi üçün yalnız normaya uyğun miqdarda müəyyən kimyəvi birləşmədən istifadə olunur. Su filtirlərinə gəlincə, onlar elə bir vəziyyətdədir ki, onların da Hepatit A virusunu təmizləyib özündə saxlaması inandırıcı deyil. Yəni, suyun tərkibində bu virus varsa, onun yayılma ehtimalı az deyil”.
Ərtürk İSMAYIL