Bir neçə gündür Bakı səmasında uçan quş dəstələrinin sayı artıb. Əsasən qarğaya bənzəyən bu quşların çox olması, xüsusən də sübh tezdən daha çox rast gəlinməsi paytaxt sakinlərində təəccüb, sual, hətta narahatlıq doğurub. Bəzi vətəndaşlar bunu baş verə biləcək hər hansı təbiət hadisəsinin xəbərdarlığı kimi qəbul ediblər. Onların narahatlığı nə dərəcədə əsaslıdır? Bakı səmasında quş dəstələrinin artmasına səbəb nədir?
Bununla bağlı Medianews.az-a danışan Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun baş elmi işçisi, biologiya elmləri doktoru, dosent Tahir Kərimov bildirib ki, Bakı şəhəri səmasında dəstə-dəstə uçan quşlar qarğa cinsinə aid edilən zağcalardır.
Bioloq alimin sözlərinə görə, zağcalar Azərbaycanda oturaq quş növləridir: “Bu quşlar dağ ətəklərində, rayonların ərazisində dəstə halında ağaclarda yuva qururlar. Bəzən bir ağacda 20-40 arası zağca yuvası olur. Qış fəsli olanda həmin quşlar dağlıq bölgələrdən düzənlik ərazilərə, o cümlədən də Bakı şəhərinə uçurlar. Paytaxt ərazisində həm iqlim bu quşlara uyğundur, həm də yem bazası mövcuddur. Bütün canlılar üçün ən birinci tələbat yemdir. Havaların soyumasından asılı olaraq zağcalar da bu tələbatlarını ödəmək üçün oktyabr və noyabr aylarından Bakı səmasında görünməyə başlayırlar. Mart ayında isə Bakı şəhərinin ərazisini tərk edir, yuvalarına qayıdırlar”.
Dosent T.Kərimov deyib ki, hazırda da zağcalar Bakıya qış mövsümünü keçirməyə gəliblər: “Azərbaycanda qış fəsli olmasına rəğmən, havalar isti keçdiyi üçün zağcalar bu mövsüm paytaxta bir az gec gəliblər. Bu quş dəstələri Bakıda Buta dərəsi istiqamətində, qəbiristanlıqlarda gecələyirlər. Ağacların olması, xüsusən də təhlükəsizlik və sakitlik baxımından qəbiristanlıq zağcalar üçün əlverişli yerdir. Hava işıqlananda dəstə ilə Bakı ətrafına uçur, Abşeron yarımadasının qəsəbə və kəndlərində əkin, şum olan ərazilərdə yem tələbatlarını ödəyirlər. Əsasən torpaqdakı onurğasızlar, ilbizlər, həşəratlarla, həmçinin toxumlar və meyvələrlə qidalanırlar. Ümumu yanaşsaq, zağcalar ziyansız, xeyir verən quşlardır. Onlar əkinçiliyə, bağa, bostana xeyir verirlər. Əkin sahələrini zərərvericilərdən təmizləyirlər. Hava şəraitinə uyğun olaraq, bu proses hər il davam edir”.
Lamiyə MİRZƏYEVA