İllərdir evsiz qalan media nümayəndələrinin son ümidi olan jurnalistlər üçün tikilmiş üçüncü bina Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə verildi.
Bu qərar media nümayəndələri tərəfindən birmənalı qarşılanmadı. Kimisi bu binanı uzun müddətdir gözlədiyini, kimisi də bu binanın şəhid və qazi ailələrinə verilməsində səbəbkar olan həmkarlarını qınadı, kimisi də boş qalmış digər mənzillərin media nümayəndələrinə vermək təklifi ilə fikirlərini bölüşdülər.
Medianews.az mövzu ilə bağlı media ekspertlərinə müraciət etdi.
Məsələ ilə bağlı Əməkdar jurnalist, professor Qulu Məhərrəmli bildirdi ki, vətəndaşların mənzillə təmin olması həssas məsələdir:
“Mən hesab edirəm ki, bu ölkədə hər kəsin evi olmalıdır: şəhid ailəsinin də, jurnalistin də, yazıçının da, həkimin də, müəllimin də. Cəmiyyətimiz, sosial – iqtisadi siyasət buna yönəlməlidir ki, heç kim əl açıb yalvarmasın, layiq olduğu həyatı yaşasın, gözəl yaşayış şəraiti olsun. Əlbəttə, istəyərdim ki, vətəndaşlarımız ilk növbədə mənzillə təmin olunsun”.
“Yeni Çağ” Media Qrupunun rəhbəri, jurnalist Aqil Ələsgər məsələyə münasibət bildirərkən iki həssas təbəqənin qarşı qarşıya dayanmasının təhlükəli məqam olduğunu vurğuladı:
“Bu məsələ hər iki təbəqə üçün həssas məsələdir. İllərlə kirayədə qalan biri olaraq, o mənzillərin ehtiyacı olan jurnalistlərə verilməsini təmənni edirdim. Bu gün də hesab edirəm ki, birinci və ikinci binaların verilməsindəki problemlərə, ədalətsizliyə görə reket Vüqar Səfərli və kuratorları qədər media kapitanlarının da bir çoxu məsuliyyət daşıyır. Böyük redaksiyalardakı siyahıları məhz o kapitanlar hazırlamışdılar. Üçüncü binanın jurnalistlərə verilməməsi də bir az 38 imza atanın və haqqı çatdı-çatmadı bu məsələdə ajiotaj yaradan şəxslərin ucbatından oldu. İstənilən halda, qərarı təəssüflə qarşıladım. Başda Araz Zeynalov, Rəsul Mirhəşimli və bu bir çox peşəkar jurnalistlərə, usta qələmlərə də Allahdan mənzil sahibləri olmaq üçün başqa bir qapının açılmasını arzu edirəm”.
Qaynarinfo.az saytının baş redaktoru Zahir Əzəmət illər əvvəl cənab Prezident İlham Əliyevin jurnalistlərin üçüncü binanın təməlini məhz media nümayəndələri üçün nəzərdə tutduğunu diqqətə çatdırdı:
“Bundan bir neçə il əvvəl cənab Prezident İlham Əliyev media nümayəndələrinin evlə təmin olunması sərəncamını verəndə jurnalistlərin çoxu sevinmişdi. Çünki yüzlərlə jurnalistin mənzilə ehtiyacı var idi. Nəticədə, iki bina, yüzlərlə mənzil Prezident tərəfindən jurnalistlərə hədiyyə edildi. Təbii ki, müəyyən məmurlar tərəfindən özbaşınalıqlar oldu, amma onları törədənlər cəzasını aldı. 3-cü binanın təməli qoyulanda heç kimin ağlına gəlmirdi ki, 44 günlük Vətən müharibəsi olacaq və 30 il həsrətində olduğumuz torpaqlara qovuşacağıq.
Biz torpaqlarımızı düşməndən azad etdik, öz dədə-baba yurdumuza qovuşduq. Təbii ki, bu mübarizədə qələbəmiz asan başa gəlmədi. Yüzlərlə oğullarımız qəhrəmancasına şəhid oldular. On minlərlə qazimiz bahasına torpaqlarımızı düşmən tapdağından azad etdik. Bu məqam jurnalistlərin problemindən daha mühüm məsələ kimi ortaya çıxdı…
Təbii ki, jurnalistlərin də problemi dərindir. Amma qazi və şəhid ailələrinin problemləri təxirəsalınmaz şəkildə həll edilməli olan bir məsələdir. Bu səbəbdən xeyli müzakirələrdən sonra bu binalar şəhid ailələrinə və qazilərə verildi.
Prezident İlham Əliyev binanın təməli qoyulanda qeyd etmişdi ki, jurnalsitlər üçün şəhərcik salınacaq. Mən əminəm ki, ilk fürsətdə yeni binalar tikiləcək, jurnalistlərin ev problemi həll olacaq. Ümid və səbir etmək lazımdır”.
Medianews.az