Hərtərəfli tərəqqi yoluna qədəm qoyan istənilən dövlətin uğuru istedadlı və savadlı gənclərə yaxşı təhsil verərək, hazırlıqlı mütəxəssislər yetişdirməklə əldə olunur. Bundan ötrü əsas şərt onlara yüksək keyfiyyətli təhsil almaq imkanı yaratmaqdır. Son illərdə xaricdə, ən yaxşı universitetlərdə oxumaq istəyən gənclərimizin sayı birə yüz artsa da, onların xaricdə yüksək səviyyəli təhsil alması üçün əsas maneə maddi problemlərdir. Heç də hər kəsin xaricdə, bahalı təhsil verən universitetlərdə tələbə olmaq imkanı yoxdur. Onların sırasında fenomenal dərəcədə savadlı və istedadlı gənclər də var.
Azərbaycan hökuməti tərəfindən qəbul edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün dövlət proqramı” gənclərimizin dünyanın nüfuzlu universitetlərində oxumaları üçün təhsil xərclərinin, həmçinin oxuduqları müddətdə zəruri digər xərclərinin qarşılanmasını nəzərdə tutur. Hər il 400 gəncimiz həm bakalavr, həm də magistratura təhsilini dünyanın ən nüfuzlu universitetlərində almaları üçün keçirilən müsabiqədə qalib ola bilirlər. Onlarla bağlanan müqavilə şərtinə görə, təhsilini başa vurduqdan sonra gənclər ən azı 5 il vətəndə öz ixtisaslarına uyğun işləməli, vətənin inkişafına öz töhfələrini verməlidilər.
Bəs görəsən, gənclərimiz xaricdə dövlət hesabına yüksək səviyyəli təhsil alıb vətənə geri döndükdən sonra işlə necə təmin olunurlar? Onlara bu şərait hansı şəkildə yaradılır? İşlə təmin olunma prosedur qaydaları necədir?
Bu suallara cavab tapmaq üçün ekspertlərlə danışdıq. Həmçinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə sorğu göndərdik.
Təhsil eksperti Elmin Nurinin sözlərinə görə, bu, kifayət qədər ciddi və problematik bir mövzudur.
E.Nuri deyir: “Əsas problem ondan ibarətdir ki, xaricdə təhsil alan tələbələrin təhsilini başa vurub vətənə döndükdən sonra işlə təmin olunması ilə bağlı heç bir mexanizm yoxdur. Bu, çox təəssüfləndirici haldır. Bəli, dövlət kifayət qədər tələbənin xaricdə təhsili ilə bağlı pul xərcləyir. Amma bu, işin birnci mərhələsidir. İşin ikinci mərhələsi təhsili alıb gəldikdən sonra onların faydalılığını, nəzəri və praktiki bacarığını yoxlanması mexanizmi olmalıdır. Deyək ki, bir gənc Londonda oxuyubsa, bu, o demək deyil ki, bununla hər şey həll olundu. Elə deyil. Əmək bazarının özünün tələbləri var. Tələbə əldə etdiyi bilik və bacarıqlarını burada hansı mexanizlmlərlə tətbiq edəcək? Onun idarəçilik, təşkilatçılq qabiliyyəti, işə yararlılıq meyarları nə dərəcədədir? İkinci mərhələdə bu həyata keçməlidir.
Üçüncü mərhələ isə təyinat məsələsidir. Yəni müsabiqədən keçən bu şəxslərin təyinatı çox vacidir. Bu gün xaricdə nüfuzlu universitetlərdə oxuyan tələbələrimiz ona görə ölkəyə qayıtmaq istəmir ki, burada öz potensiallarına uyğun ya iş tapa bilməyəcəklər, ya da alacaqları məvacib onların potensialına uyğun olmayacaq. Təyinat mexanizmi mütləq həyata keçirilməlidir. Necə ki, müəllimlərin işə qəbulu ilə bağlı imtahan keçirilir, bu o da onun kimi olmalıdır. Dövlət sifarişi üzrə xaricdə təhsil alan gənclər təhsilini uğurla başa vurduqdan sonra ya birbaşa təyinat, ya da ki, vakant seçim yolu ilə işlə təmin edilməlidir. Belə olan halda onlara da motivasiya olar ki, təhsillərini başa vurduqdan sonra vətənə qayıtmaq həvəsində olsunlar. Heç olmasa, bu cür detallarla xaricdəki yüksək potensiallı intelektual kadrları vətənə qaytarmış olarıq”.
Təhsil mütəxəssisi Qoşqar Məhərrəmov xaricdə dövlət hesabına təhsil alıb geri dönən gənclərlə bağlı araşdırma aparmağın vacibliyini düşünür. O, deyir ki, o tələbələrin hazırda harada çalışmalarını daha yaxından araşdırmaq lazımdır: “Müqavilədə qeyd olunur ki, tələbələr dövlət hesabına təhsil alıb geri döndükdən sonra Azərbaycanda çalışmalıdırlar. Ancaq bir çox məzun buna əməl etmədi. Xaricdə təhsil alıb gələn məzunlarımıza hər hansı sanksiya tətbiq olunmadı. Bir qismi dövlətin onlara verdiyi ödənişi, təhsil haqqını geri qaytardı, beləcə onlar da gedib xaricdə öz işlərini qurdular. Onların bir qismi isə həqiqətən də müxtəlif qurumlarda çalışır. Bu yaxınlarda onlarla müsahibə də aparıldı. Dövlət istəyir ki, ödəniş edib xaricdə oxutduğu kadr qayıdıb gəldikdə Azərbaycanda işləsin. Şərt deyil ki, onlar gəlib dövlət müəssisəsində çalışsınlar. Bununla bağlı müntəzəm araşdırma aparılmalıdır. Bu araşdırma nəticəsində məlum ola bilər ki, həqiqətən də o tələbələr müəssisələrimizdə qayıdıb işləyirlər”.
Dövlət proqramı məzunu olan Rəsul Qədirov hazırda Amerikada havalandırma sistemləri təmizliyi şirkəti olan “Duct Pros”un qurucusudur. O deyir ki, xaricdə dövlət proqramı əsasında təhsil aldıqdan sonra ona burada yaxşı iş təklif edilib: “2011-2013-cü illərdə Xaricdə Təhsil üzrə Dövlət Proqramı ilə Almaniyanın Bremen Universitetində MBA (turizm) təhsil aldım. Vətənə qayıtdıqdan sonra mənə iki iş təklif olundu. Onun biri Sumqayıt Kimya Sənaye Parkında yeni layihələr üzrə idi. 2014-2018-ci illərdə Sumqayıt Kimya Sənaye Parkında (indiki İqtisadi Zonaların İnkişafı Agentliyi) çalışmışam. 2018-ci ilin aprelində isə “Green card” udmaq şansım oldu və beləliklə Amerikaya gəldim. Dövlətin mənə təklif etdiyi iş çox yaxşı idi və məni qane edirdi”.
Mövzu ilə bağlı Elm və Təhsil Nazirliyindən müraciətimizə cavab olaraq bildirilib ki, tələbə dövlət hesabına təhsilini bitirdikdən sonra Dövlət Proqramı İdarəetmə Qrupu (DPİQ) ilə əlaqə yaradaraq məzun qeydiyyatından keçməlidir: “Növbəti prosesdə iştirakçılara DPİQ tərəfindən məzun statusunu təsdiq edən rəsmi məktub təqdim ediləcək. Bu məktub vasitəsilə dövlət proqramı iştirakçıları istər dövlət, istərsə də özəl şirkətlərdə öz ixtisaslarına uyğun yaranmış vakant yerlərə müraciət edə bilər”.
Son illər yüksək vəzifələrə təyin olunan gənc kadrların avtobioqrafiyasına diqqət yetirdikdə onların xaricdə, nüfuzlu universitetlərdə təhsil almaları barədə qeyd az qala qırmızı sətirlə keçir. Əksəriyyətinin də Dövlət Proqramı sayəsində təhsil aldıqları qeyd edilir. Belə anlaşılır ki, onların seçilib irəli çəkilməsində xaricdə təhsil amili ciddi rol oynayıb. Bu müsbət tendensiyadır, düzgün istiqamətdir. Ancaq bu məsələdə şəffaflıq və dürüstlük də vacib şərtdir. Yoxsa yuxarılarda himayədarı olmayan hazırlıqlı gənclər yenə də qapı arxasında qalacaq.
Xəyalə Rəis
Medianews.az
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” mövzusunda hazırlanıb.