Rusiya Paşinyanın Qarabağla bağlı qərarını şərh edib
Medianews.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması ilə bağlı bəyanatına münasibət bildirib. Onun sözlərinə görə, Rusiya bu bəyanatı Paşinyanın 2022-ci ildə Çexiyada keçirilən sammit zamanı tutduğu mövqenin təsdiqi kimi qiymətləndirir:
“Biz Ermənistanın baş nazirinin bəyanatlarını onun 2022-ci il oktyabrın 7-də Praqada Azərbaycan, Ermənistan, Fransa və Aİ liderlərinin iştirakı ilə keçirilən sammit zamanı tutduğu mövqenin təsdiqi kimi qiymətləndiririk”.
Zaxarova əlavə edib ki, bu cür bəyanatlar Ermənistanın və onun xalqının səlahiyyətidir. Rusiya nizamlanma məsələlərində vasitəçi rolunu oynayır və onun üçün tərəflərin dəqiq mövqeyini bilməsi vacibdir.
Mayın 22-də Paşinyan Ermənistan əhalisinin təhlükəsizliyinə zəmanət vermək şərti ilə Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa hazır olduğunu bəyan edib.
Medianews.az