“Ümummilli liderimiz Heydər Əliyevdən sonra cənab İlham Əliyev bu siyasəti davam etdirərək, qarşıya qoyulmuş hədəflərə doğru çox ağıllı, düşünülmüş, müdrik addımlarla bütün Azərbaycanı o istiqamətdə irəlilətdi və 2020-ci ildə biz möhtəşəm zəfərə şahid olduq. Düşmən üzərində qələbə çalaraq, torpaqlarımızı işğaldan azad etdik”.
Bu sözləri Medianews.az– a danışan Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.
Qeyd edək ki, 10 may 2023-cü il tarixində Azərbaycan xalqının Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur.
Bu münasibətlə açıqlamalar verən millət vəkili Heydər Əliyev haqqında fikirlərini bildirib:
“Bu il Ümummilli liderimiz Heydər Əliyev ili kimi qeyd olunur. Ulu Öndərimiz hər zaman öz çıxışlarında torpaqlarımızın işğaldan azad ediləcəyini, soydaşlarımızın öz dədə-baba yurdlarına qayıdacağını, nəinki Qarabağ, hətta tarixən bütün Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisindən deportasiya olunmuş azərbaycanlıların öz torpaqlarına qayıdacaqlarını əminliklə qeyd edirdi”.
Tural Gəncəliyevin sözlərinə görə bu gün artıq azərbaycanlıların Qərbi Zəngəzura – öz ata-baba yurdlarına dönməsi haqqında məsələlər gündəmdədir:
“ İnanıram ki, yaxın gələcəkdə bu yöndəki atılan addımlar öz müsbət nəticəsini verəcək.
Ümumiyyətlə, Ulu Öndərimiz öz proqramında müasir Azərbaycan dövlətinin inkişafı, onun inkişaf istiqamətləri və irəliləməli olduğumuz yolları müəyyənləşdirmişdi. Həmin o proqram, plan bu gün ardıcıllıqla, müdirikliklə davam etdirilir. Təbii ki, Ümumilli liderimizin proqramı əsasında cənab Prezident Azərbaycana rəhbərlik etdiyi dövrdə milli ruhda yetişmiş vətənpərvər gənc nəsil bu strateji planların həyata keçirilməsi istiqamətində öz vəzifəsini şərəflə, layiqincə yerinə yetirir. Beləliklə, biz burada Ümummilli liderimizdən qalan müəyyənləşdirilmiş irsin, mirasın, strateji planlamanın həyata keçirilməsinin şahidi oluruq”.
Milli Məclisin deputatı qeyd edir ki, bu gün dünyada qlobal tektonik dəyişikliklər baş verir:
“ Azərbaycan məhz Heydər Əliyevin müəyyənləşdirdiyi xətlə hərəkət edərək, bütün bu dəyişikliklərin içərisində çox ağıllı addımlar ataraq irəliləyir. Bu gün Azərbaycan nəinki Cənubi Qafqazda, hətta dünyada qlobal səviyyədə gedən proseslərə birbaşa təsir edir. Bu gün Azərbaycanın həyata keçirdiyi siyasət, enerji təhlükəsizliyi, neft, qaz stategiyası məhz Ümummilli liderimizin planlaşdırdığı addımlarla həyata keçirilir.
Bir daha şahid oluruq ki, Heydər Əliyevin “Əsrin müqaviləsi” kimi mühüm bir sənədi imzalaması, Azərbaycanın regional rolunun artırılmasına xidmət edən addımları atması bu gün də ölkənin inkişafına misilsiz təsirini göstərir. Çünki bu gün Azərbaycan Orta Dəhliz marşut xəttində yerləşən əsas ölkədir. Bu gün bütün şimal-cənub, şərq-qərb marşrutları, şərqdən qərbə gələn əsas transport xətləri, enerji daşıyıcıları, boru kəmərləri Azərbaycanın üzərindən keçir. Bütün bunların strategiyasını, cizgilərini Ulu Öndərimiz illər öncə çəkərək həyata keçirib. Bundan sonra da, hesab edirəm ki, Azərbaycanın bu strateji planlaması cənab İlham Əliyev tərəfindən öz hədəflərinə çatdırılacaq”.
Tural Gəncəliyev vurğulayır ki, bu gün İlham Əliyevin təkcə Azərbaycanda deyil, bütün dünyadakı azərbaycanlıların lideridir:
“Məhz İlham Əliyevin qətiyyətli addımı sayəsində ölkənin qlobal səviyyədə, geostrateji layihələrdə əhəmiyyətinin artmasının şahidi oluruq. Bu gün Avropanın, Şərqin, Qərbin güc mərkəzləri Azərbaycanın atdığı addımları xüsusi diqqətlə izləyir. Azərbaycanın ərazi və əhalisini nəzərə almaqla, ölkəmizin özündən qat-qat böyük ölkələrlə daha çox siyasi, hərbi sahələrdə “yumşaq güc” vasitəsi ilə öz huquqlarını, imkanlarını proyeksiya etməsinin şahidiyik.
Azərbaycan elə bir həddə çatıb ki, Fransa, İran kimi dövlətlərə cavab vermək əzmindədir. Azərbaycan öz mənafeyini, “qırmızı xətt”ini, maraqlarını şərəflə qoruyur. Ümummilli liderimizin qoyub getdiyi planın həyata keçirilməsinin nəticəsidir ki, güclü dövlətlər Azərbayacana təzyiq edə bilmirlər.
Azərbaycan çox gözəl şəkildə manevr edərək, bu təzyiqlərin qarşısını alır və öz maraqlarını həyata keçirir”.
Mehin Mehmanqızı
Medianews.az
Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” mövzusunda hazırlanmışdır.