Son illər “ağrısız, çapıqsız, lazerlə əməliyyat” kimi reklamlara daha tez-tez rast gəlinir. Deyilənlərə, əsasən, bu üsul digərindən fərqli və ağrısız həyata keçirilir və daha tez sağalır.
Bəs lazerlə əməliyyat nədir? Necə aparılır?
Tibb üzrə fəlsəfə doktoru Ramin Qasımov bu barədə Medianews.az-a danışıb:
“Xəstə narkoz verilərək yatırıldıqdan sonra qarın boşluğuna yeridilən xüsusi iynə ilə karbondioksid qazı verilərək qarın boşluğu şişirdilir. Bu qazın başlıca xüsusiyyəti sürətli şəkildə orqanizmdən xaric olmasıdır. Bir neçə yerdən 5-15 mm ölçülü borular (trokar) yerləşdirilir. Bu alətlər vasitəsilə qarın boşluğuna ucunda kamerası olan optik cihazlar və cərrahi işləmlər aparılması üçün laparoskopik alətlər daxil edilir. Beləliklə böyük cərrahi kəsik aparılmadan daxili orqanlarda cərrahi əməliyyat icra olunur.
Laparoskopik cərrahiyyənin üstünlükləri:
• Əməliyyatdan sonra ağrının az olması
• Xəstənin qısa müddətdə sağalması
• İş və gündəlik həyata daha tez geri dönməsi (2-3 gün ərzində günlük həyata, 5-7 gün ərzində aktiv iş həyatına geri dönür, 7 gün sonra hətta avtomobil idarə etməyə icazə verilir. )
• Əməliyyat yerinin infeksiyalaşma riski azalır
• Əməliyyatdan sonra kosmetik olaraq daha kiçik əməliyyat izinin qalması
• Ağciyər ağırlaşmalarının azalması
• İdmançılarda əməliyyatdan sonra performans itkisinin az olması
• Əməliyyat yerində yırtıq olması riskinin azalması
• Qarın boşluğunda yad cismin və ya alətin unudulması riskinin olmaması
Laparoskopik əməliyyatların çatışmayan cəhəti əməliyyat müddətinin nisbətən uzun olması, ixtisaslaşmış cərrahi heyətə ehtiyacın olması və əməliyyat məsrəflərinin çox olmasıdır.
Laparoskopik yolla əməliyyat olunan xəstəliklər:
• Öd kisəsi daşı və polipi
• Appendisit
• Qarın divarı yırtığı
• Reflyuks
• Piylənmə əməliyyatları (Bariatrik cərrahiyyə)
• Dalağın çıxarılması
• Böyrəküstü vəzin əməliyyatları
• Kolon və rektum xərçəngi əməliyyatları
• Seçilmiş pankreas xərçəngi əməliyyatları
• Seçilmiş qaraciyər əməliyyatları”.
Medianews.az