Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin müavini müsəlman ölkələrini Talibana qadınların İslamda hüquqlarının olduğunu xatırlatmağa çağırıb.
Medianews.az xarici mətbuata istinadla xəbər verir ki, müavin Əminə Məhəmməd Əfqanıstana 4 günlük səfərindən sonra BMT Baş Qərargahında verdiyi açıqlamasında bildirib ki, hazırda gündəmdə BMT və İslam Əməkdaşlıq Təşkilatının bir çox ölkələrlə birlikdə qadınlara dair beynəlxalq konfrans keçirməsi təklifi var. Əminə Məhəmməd qeyd edib ki, Əfqanıstan problemləri ilə yanaşı, regional məsələləri də gündəmə gətiriləcək.
Müsəlman ölkələrinin bir araya gəlməsinin və Talibana İslamda qadınların hüquqlarının olduğunu xatırlatmasının çox vacib olduğunu vurğulayan Əminə Məhəmməd qeyd edib ki, bizi narahat olduğumuz əsas məsələ Talibanı 13-cü əsrdən 21-ci əsrə necə köçürməyimizdir və bu, bir səyahətdir.
Yanvarın 20-də Əminə Məhəmmədin başçılıq etdiyi BMT-nin yüksək səviyyəli nümayəndə heyəti Taliban administrasiyasının əfqan qadınlara qarşı tətbiq etdiyi məhdudiyyətləri və Əfqanıstana humanitar yardımın aparılmasına maneələrin aradan qaldırılmasını müzakirə edib.
Taliban rəsmiləri ilə görüşlərində əfqan qız və qadınların təhsil almasına və qeyri-hökumət təşkilatlarında (QHT) işləməsinə qoyulan məhdudiyyətlərin götürülməsini istəyən Məhəmməd, humanitar yardım çatdırmaq üçün əfqan qadınlarının QHT-lərdə işləməsinin vacib olduğunu vurğulayıb.
Mehin Mehmanqızı
Medianews.az