Azərbaycanın Milli Qəhrəmanı, Fred Asif olaraq tanınan Asif Məhərrəmovun anası Məhluqə Məhərrəmova vəfat edib.
Medianews.az xəbər verir ki, o, ötən gecə 89 yaşında dünyasını dəyişib. Cənazəsi bu gün saat 12:30-da Tibilisi prospektində, İnqilabın kəsişdiyi yerə yaxın yerləşən evlərindən (hərbi şəhərcik “Ximqorodok”) götürüləcək. “Qurd qapısı” qəbiristanlığında dəfn ediləcək.
Qeyd edək ki, Fred Asif 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı camaatını xilas etmək üçün Ağdam-Əsgəran istiqamətində dəhlizin açılmasında, öz batalyonu ilə iştirak edib. Asif 1992-ci il 7 mart 859 saylı hərbi minaaxtaranlar hissəsinin komandiri təyin edilib. 10 mart 1992-ci il Asifin köməyi ilə Aranzəmin, Pircamal, Dəhrəz kəndləri düşməndən azad edilib. Həmin ilin mart ayının 20-də Füzuli şəhərini öz batalyonunun köməyi ilə düşməndən qoruyub.
O, 1994-cü ildə vərəmdən vəfat edib. Bakıda İkinci Şəhidlər xiyabanında dəfn edilib. Asif Məhərrəmova “Fred” ləqəbini 1970-ci illərdə onun yoldaşları Ağdamın “Dostluq” kinoteatrında nümayiş olunan Danimarkanın “Birinci vur, Fred” filminin əsas qəhrəmanının şərəfinə görə veriblər.
Asif Yusif oğlu Məhərrəmov 1952-ci il iyulun 26-da Ağdam şəhərində anadan olub. 1993-cü il 27 oktyabrda, Şelli uğrunda gedən döyüşdə iştirak edir, onun səhhəti vərəmə görə ağırlaşır, hərbi hissəni təhvil verir və müalicə məqsədi ilə Yalta şəhərinə gedir. 1 iyul 1994-cü ildə vərəmdən vəfat edir.
Azərbaycan Respublikası prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Məhərrəmov Asif Yusif oğluna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilsə də, təltif olunan Fred Asif bu addan imtina edib. Onun cavabı isə çox qəti olub: “Azərbaycanın böyük bir ərazisi işğal olunub, xeyli insan əsir götürülüb. Mən sinəmə medal vurub, qəhrəmanam deyə öyünə bilmərəm. Müharibəni qələbə ilə başa vurarıq, bayrağımızı İrəvana sancarıq, ondan sonra qəhrəman məsələsinə baxarıq”.
7 dekabr 1992-ci il ildə Məhərrəmov Asif Yusif oğluna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilsə də, o, bu addan imtina edib. Yalnız 1998-ci ildə, Asifin ölümündən dörd il sonra ümummilli lider Heydər Əliyev onun qəhrəman adını yenidən bərpa edib və vəsiqəsi ilə qəhrəman ulduzunu anasına təqdim edib.
Biz də Medianews.az kollektivi adından Məhluqə xanımın ailəsinə və yaxınlarına başsağlığı veririk. Allah rəhmət eləsin!
Medianews.az