Rusiya Severodonetskin böyük hissəsinə nəzarəti ələ keçirib.
Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında belə qeyd olunub. Bildirilib ki, Rusiya artilleriya qüvvələrinin güclü cəmləşməsi sayəsində lokal nailiyyətlər əldə etməyə davam edir. Bununla belə, vurğulanıb ki, bu proses Rusiya üçün itkisiz başa gəlməyib.
Məlumatda qeyd olunub ki, Severski Donets çayı Rusiya qüvvələrinin hücum oxuna təbii maneədir. Lakin çayı keçmək Luqansk vilayətinin təhlükəsizliyini təmin edən və diqqətini Donetsk vilayətinə yönəltməyə hazırlaşan Rusiya qüvvələri üçün həyati əhəmiyyət kəsb edir.
Vurğulanıb ki, çayı keçmək üçün potensial keçid yerlərinə mövcud körpüləri dağıtmış və müdafiə mövqeyinə malik Ukrayna qüvvələri nəzarət edir.
Əlavə olunub ki, Rusiya qüvvələrinin Donetsk vilayətinə növbəti hücumları və çayı keçməsi üçün qısa taktiki fasiləyə ehtiyacı olacaq.