“Təhsil bir xəzinədir, əmək isə onun açarı”.
S. Ə. Şirvaninin dərin bir məna kəsb edən bu aforizmi təhsilin insan, cəmiyyət, dövlət eləcə də dünyanın inkişafında əvəzsiz rolu olduğunu bəyan edir.
Aristotelə görə isə təhsilin kökləri acı, meyvələri isə şirindir. Həqiqətən bu iki dühanın fikirlərini müqayisə etsək, belə nəticəyə gəlirik ki, təhsilə, elmə çatana qədər əməlli yol qət etməlisən. O yol ki, əziyyət, çətinliklər, müxtəlif keşməkeşlərlə doludur. Şirvaninin dediyi kimi, əmək sərf etməlisən, məqsədə səbrlə irəliləməlisən. Nəticədə isə Aristotelin fikri reallaşır, yəni meyvəsi şirin olur.
Bir ölkənin gücü hər şeydən öncə onun təhsilindədir. Çünki ölkəni, cəmiyyəti idarə edə bilmək üçün ilk növbədə uşaqlara, gənclərə mükəmməl təhsil verilməlidir.
Təhsil insanların həyata baxışlarının, düşüncə və fikirlərinin dəyişməsində, formalaşamasında böyük rol oynayır, bunun nəticəsində də cəmiyyətin şüuru inkişaf edir. Unutmayaq ki, sivilizasiyanın ən yüksək zirvəsinə çatmaq da məhz bilik və təcrübə sayəsində mümkündür.
Bu arada görkəmli mütəfəkkir N. Nərimanovun “Əgər tarixə nəzər salsanız, bilərsiniz ki, heç bir xalq qılınc və silahla irəli getməyibdir. Hansı millət ki, qabağa gedib, tərəqqi edibdir, yalnız elmin, təhsilin gücünə olubdur” fikrini xatırlatmaq yerinə düşər.
Təhsilin yüksək keyfiyyətlərindən və zəruriliyindən danışdıq, bəs reallıqda cəmiyyətlər, insanlar bunu nə dərəcədə önəmsəyir? Hökumətlər orta və ali ixtisas təhsillərinin inkişafında hansı addımları atır?
Dünya təcrübəsinə nəzər yetirsək, bu məsələdə hər ölkəyə görə fərqli yanaşma görərik. Məsələn, əhalisinin sayı 300 mln.-dan çox olan ABŞ-da ilk məktəblərin meydana gəlməsi koloniyaların yaranmasının başlanğıc dövrünə təsadüf edir. İlk zamanlarda Amerika təhsili Avropa təhsil sisteminin təsiri altında inkişaf edirdi. Lakin sonrakı dövrlər, əsas da 20-ci əsrin 90-cı illərinə baxsaq, ABŞ-da 3680 ali təhsil müəssisəsi vardı. Bu da onu göstərir ki, ABŞ böyük və geniş ali təhsil sisteminə malik idi. Təkcə 1995-ci ildə ABŞ 1.3 mln bakalavr, 400 minə qədər magistr hazırlamışdır.
Bu faktlar ABŞ-ın bəxtəvər ölkə olması demək deyil. Təhsilə vəsait ayrılırdı, qanunlar qəbul edilirdi, amma ciddi problemlər hələ də qalırdı. Gənclər universitetlərdən məzun olsalar da, ixtisaslaşmış kadr ola bilmirdilər. Çünki onların arasında cinayətə meyillilik və narkomaniya yüksək dərəcədə idi. Belə ki, bir qrup mütəxəssis 1983-cü ildə “Millət Təhlükədədi” adı altında məruzə hazırlayaraq təhsildə geriliyə, sistemin keyfiyyətinin artırılmasına diqqəti yönləndirmişdilər. Bundan sonra gənclərin düzgün istiqamətləndirilməsi, eləcə də təhsilə və onun keyfiyyətinə xüsusi diqqət ayrıldı. Orta və ali təhsildə köklü dəyişiklik yarandı. 1994-cü ildə “2000-ci ilin məqsədləri Amerika təhsilidir” qanunu başlıca təkan oldu. Bu qanunu reallaşdırmaq üçün nə az, nə çox-342 mln. dollar ayrıldı.
Təhsil sisteminə ciddi önəm verən ölkələrdən biri də Kanadadır. Əhalisi 35 mln.-dan çox olan Kanada təhsilə ən çox maliyyə vəsaiti ayıran ölkələrdəndir. Ən qabaqcıl universiteti isə Toronto Universitetidir. Dünyada ən çox “ilk” lərə burada imza atılıb. Mədəaltı vəzi köçürülməsi əməliyyatından tutmuş, süni qirtlaga qədər bir çox əməliyyatlar və müalicələr, hətta insulinin kəşfi ilk dəfə burada edilib.
Maraqlı odur ki, ABŞ və Kanada təhsilinə görə necə bu qədər irəli gedə bilib? Cavabı isə
– Güclü maddi və texniki bazanın mövcudluğu, dövlətin hər zaman dəstək göstərməsi və yüksək məbləğlərdə maliyyələşmə,
– Liderlik uğrunda hər daim universitetlər arasındakı rəqabət şəklində mübarizə,
– Dünyanın aparıcı müəllimlərinin, alimlərinin, mütəxəssislərinin ölkəyə dəvət edilməsi,
– Tələbənin istədiyi zaman öz ixtisasını hətta universitetini dəyişmək imkanının yaradılması.
Hətta bu ölkələrin reytinqli, aparıcı şirkətləri universitetlərlə qarşılıqlı əlaqə, əməkdaşlıq şəklində fəaliyyət göstərirlər.
Avropanın da bir çox ölkələrində təhsilə diqqət etsək, göz qamaşdıran nəticələrin şahidi olarıq. Onlarda da təhsilin yüksək məbləğlərlə maliyyələşməsi, aparıcı alimlər və müəllimlər, dərs metodlarının və proqramlarının səmərəli olması mövcuddur.
Bəs vətənimiz Azərbaycanın təhsil sistemi necədir?
2021-ci ildə dövlət büdcəsindən təhsil sisteminin inkişafına 3.277 mln. manat vəsait ayrılmışdır. Əvvəlki illə müqayisədə 8.0 % üstünlük təşkil edirdi. Bundan əlavə, universitetlərin maliyyə təminatını təmin etmək məqsədi ilə isə büdcədən 55 mln. manat ayrılıb. Statistik məlumatlardan da görünür ki, hər il dövlət büdcəsindən kifayət qədər vəsait ayrılır. Əlbəttə ki, bu, onu göstərir ki, təhsilimiz göz önündə tutulur, qayğı göstərilir. Bəs, görəsən, maliyyə vəsaiti problemlərin həlli üçün kifayətdirmi?
Bildiyimiz kimi təhsil orta və ali ixtisas şəklində bölünür. 4 illik bakalavr təhsili hazırda Boloniya sistemi əsasında aparılır. Azərbaycan bu sistemə 19 may 2005-ci ildə rəsmi qoşulmuşdu. Universitetlərimizdə bu sistem 2006-2007-ci illərdən tətbiq edildi. Məqsəd Avropa təhsil sisteminə uyğunlaşmaqdır. Sistemə əsasən, auditoriyada dərs saatları aşağı endirilir, ali təhsil müəssisələrində kredit sistemləri ilə tədrisin təşkili nəzərdə tutulurdu. Boloniya sistemi özünə görə, tələbələrin kadr kimi ixtisaslaşmasına yardım edən normal bir sistemdir. Amma bizim ölkədə onun tətbiqi vaxtından əvvəl atılmış bir addım idi. Səbəblərinə gəlincə isə ölkəmiz hələ də sovet təhsil sisteminin əsarətindən çıxa bilməyib. Dərsliklər hamısı sovet alimlərinin fikirlərinə əsaslanaraq yazılmış, hətta köçürülmüşdür. İxtisaslaşmış kadrlar aşağı səviyyədədir.
Xüsusən də, ingilisdilli fakültələrdə ingilis dilində səlis danışan, dərs yükünü öhdəsinə götürə bilən müəllimlərin sayı məyusedicidir. Bundan başqa, müəyyən fənlər mövcuddur ki, proqrama əsasən praktik məşğələlər aparılmalı və tələbələr qiymətləndirilməlidir. Reallıq isə acınacaqlıdır-məşğələ yox, qiymətləndirmə var. Qiymətləndirmə nəyə əsasən aparılır? Məlum deyil.
Bəs müəllim tələbənin dərs yükünü mənimsədiyindən nə dərəcədə əmin olur?
Tələbələrin bu hallardan narazı qaldıqlarının, yaradılmış sistemə adaptasiya ola bilmədiklərinin şahidi oluruq. Təbii ki, belə hallar tələbələrin motivasiyasının aşağı düşməsinə, dərslərə məsuliyyətsiz yanaşmasına, təhsildən soyumasına gətirib çıxarır. Bu problemlərin nəticəsində ixtisaslaşmadan və inkişafdan söhbət gedə bilməz.
Bu vəziyyətdə hansı addımlar atıla bilər? Dövlətin üzərinə burada böyük məsuliyyət düşür. Sovet təhsili, Boloniya təhsili, yoxsa yeni qanunlar əsasında yaradılacaq müasir təhsil olması barədə qərar verilməlidir. Kadr ixtisaslaşması üçün yeni qanunlar qüvvəyə minməli, proqramlar hazırlanmalı, dərsliklər yenilənməli, müasir bazar tələblərinə cavab verən yeni dərsliklər yazılmalıdır. Eləcə də bu günün tələbinə cavab verməyən fakültələr ləğv edilməli, tələbat olan ixtisaslar və sahələr təkmilləşdirilməlidir. Sovet təhsili almış alim və müəllimlər, hətta gənc kadrlar da müasir qaydada ixtisaslaşdırılmalıdır.
Bu gün universitetlərdə təhsil sistemi və məzun olan tələbələr müasir bazar iqtisadiyyatının tələblərinə uyğundurmu sualına “yox” cavabı vermək məcburiyyətindəyik.
Sonda qeyd edim ki, təbii sərvətlərimizin, resurslarımızın idarə edilməsində, biznes və digər sektorlarda xarici ölkələrdən kadrların gətirilməsi bizim üçün utancvericidir. Bu, iqtisadiyyatımıza da mənfi təsir göstərir. Unutmayaq ki, tələblərə uyğun qanunlar qəbul edilsə və şəffaf işləsə, gənclərimizə dəstək verilsə, şərait yaradılsa, əminəm ki, dünya gəncliyi arasında bizim gənclərimiz, tələbələrimiz də özünəlayiq yer tutacaq.
Aida Hüseynova
Jurnalist