Ötən əsrdə dünya ölkələrində dövlət və hökumət başçısı olan qadınlar çox az idi – sayları bir əlin beş barmağı qədər olardı, ya olmazdı. Onların dövlət başına gəlməsi yalnız fenomenal qabiliyyətləri nəticəsində mümkün olurdu.
Qadın liderlərdən söhbət düşəndə ilk yada düşən şəxs İsrailin baş naziri Qolda Meirdir. O, yeni təşkil olunmuş və dünyanın bir çox ölkələri (əsasən də SSRİ) tərəfindən tanınmayan İsrail dövlətinin 5-ci baş naziri olub və çox mürəkkəb bir dövrdə ölkəsinə rəhbərlik edib, dövlət üçün tarixi və mühüm qərarlar verib.
Hindistanın baş naziri İndira Qandi də 20-ci əsrin ən şan-şöhrətli qadın liderlərindən biri olub. Dünyanın bütün ölkələrində tanınan bu qadın Yer üzünün bütün ictimai-siyasi fəal qadınları üçün nümunəyə çevrilib.
Sonra Marqaret Tetçerin ulduzu parlayıb. Tezliklə “dəmir ledi” adını qazanan britaniyalı siyasətçi ölkəsinin baş naziri olaraq olduqca mühüm beynəlxalq proseslərdə iştirak edib, ölkəsini idarə etməkdə də fərqlənib, Böyük Britaniyanın tarixində silinməz izlər qoyub.
Daha sonra Pakistanda Benəzir Bhutto siyasi arenaya çıxdı. İndira Qandi kimi Benəzir Bhutto da siyasətçi qızıydı, vaxtilə ölkəsini idarə etmiş Zülfüqar Əli Bhuttonun ailəsində böyümüşdü və onun siyasi irsinin davamçısı, yaratmış olduğu partiyanın siyasi varisi olmuşdu.
Ancaq ondan fərqli olaraq Türkiyədə baş nazir seçilmiş Tansu Çillərin atası, babası nə baş nazir, nə də prezident olmamışdı. Tansu Çillər olduqca təlatümlü bir dövrdə Türkiyəyə rəhbərlik edib və hələlik ölkəsinin tarixində ilk və yeganə baş nazir olaraq qalır.
21-ci əsr isə bu baxımdan çox fərqlənir. Artıq ölkəsində prezident, baş nazir, vitse-prezident, parlament sədri olan qadınların sayı iki əlin on barmağını da aşıb və il-ildən hakimiyyətə gələn qadınların sayı artır.
Avropa ölkələri bu məsələdə daha öndədirlər.
Bu ilin iyulunda Litvanın prezidenti olaraq 10 illik karyerasını sonlandıran Dalya Qribauskayte ölkəsinin siyasi həyatında mühüm rol oynamış qadındır. İki dəfə ard-arda Litvanın prezidenti seçilən Dalya Qribauskaytenin hakimiyyəti dövründə bu kiçik Avropa dövlətinin iqtisadiyyatı xeyli inkişaf edib, ölkə əhalisinin rifahı qüdrətli Avropa dövlətlərinin standartlarına yaxınlaşıb. Prezident olmazdan öncə o, ayrı-ayrı illərdə ölkəsinin maliyyə və xarici işlər naziri postlarını tutub.
Litvanın qonşusu olan Latviyada isə parlamentin – Seymin sədri qadındır. 48 yaşlı İnara Murnietse ixtisasca tərcüməçi-jurnalistdir. Parlament sədri vəzifəsinə 2014-cü ildə seçilib. Ancaq o, ölkəsinin tarixində yüksək dövlət vəzifəsi tutan ilk qadın deyil, Murnietsedən əvvəl Latviyanı 8 il ərzində qadın idarə edib – Vayra Vike-Freyberq. Hazırda onun 82 yaşı var.
Baltikyanı ölkələrdən daha biri olan Estoniyanın da prezidenti hazırda qadındır. 50 yaşlı iqtisadçı-siyasətçi Kersti Kalyulayd ölkəsinin 4-cü prezidentidir, bu vəzifəyə 2016-cı ildə seçilib.
Hazırda Finlandiyanın prezidenti kişi cinsindən olsa da, onun sələfi qadın olub – Tarya Halonen. O, 12 il ərzində (2000-2012) Finlandiyanı idarə edib.
Malta respublikası da bu ilin aprelinə qədər 5 il ərzində “matriarxal rejim”lə idarə olunub. Mariya Luis Kolerio Presa ölkəsinin 9-cu prezidenti olub.
Xorvatiyanın prezidenti Kolinda Qrabar Kitaroviç daha çox tanınır. Buna səbəb heç də 51 yaşlı Kolindanın təbii gözəlliyi deyil. O, ötən il Moskvada keçirilən futbol mundialında ölkəsinin milli komandasına ürəkdən azarkeşlik edirdi və Xorvatiya milli komandası finala yüksəldiyinə görə Qrabar Kitaroviç dünyanın dörd bir tərəfinə canlı yayım ötürən telekameraların qarşısından əskik olmurdu. O, 2015-ci ildən Xorvatiya prezidenti vəzifəsindədir.
Qərb qonşmuz Gürcüstanın prezidenti də qadındır – Salome Zurabişvili. Zurabişvili 1972-ci ildə Paris Siyasi Elmlər İnstitutunu, 1973-cü ildə isə ABŞ-da Kolumbiya Universitetini bitirib. 2003-cü ildə Fransanın Gürcüstandakı səlahiyyətli və fövqəladə səfiri təyin olunub. Daha sonra o, Mixail Saakaşvilinin dövründə xarici işlər naziri təyin edilib. 2018-ci ilin noyabrında keçirilmiş seçkilərdə seçicilərin 59, 56 faizinin səsini toplayan Salome Zurabişvili Gürcüstanın prezidenti olub.
Bu ilin iyununda Slovakiyada hakimiyyətə 46 yaşlı Zuzana Çaputova gəlib. Çaputova seçici səslərinin 58,3 faizini toplayıb. O, ixtisasca hüquqşünasdır.
Avropadakı qadın dövlət başçılarının sırasında Almaniya kansleri Angela Merkelin adını çəkməmək olmaz. Tetçerdən sonra məhz o, Avropanın ən güclü və nüfuzlu qadın siyasətçisi hesab oluna bilər. Merkel artıq 14 ildir ki, Almaniya kimi qüdrətli dövləti idarə edir, dünya miqyasında sözü keçən liderlərdəndir.
Ancaq qadın liderlər heç də Avropa ilə məhdudlaşmır. Cənubi Amerkada da qadın dövlət xadimləri var. Onlardan biri Çilinin prezidenti Veronika Mişel Baçelet Xeriyadır. 68 yaşlı xanım Baçelet bu vəzifəyə dörd illik fasilədən sonra ikinci dəfə seçilib. Bundan əvvəl isə o, Çilinin müdafiə naziri olub.
Nikaraquada isə vitse-prezident vəzifəsini qadın tutur. Bu, prezident Daniel Orteqanın həyat və silah yoldaşı Rosario Murilyadır. Kembric universitetinin məzunu olan Murilya vaxtilə Sandino azadlıq cəbhəsinin döyüşçüsü olub. Nikaraquada şairə kimi məşhurdur.
Afrika qadın dövlət başçıları epoxasına yeni-yeni qədəm qoyur. Hazırda Efiopiyanın prezidenti vəzifəsini Sahle Vork Zevde tutur. 69 yaşlı Zevde diplomatdır, BMT-də çalışıb, qurumun baş katibi Antonio Quterreşin xüsusi nümayəndəsi olub. Ölkəsinin 6-cı prezidentidir, bu gün düz bir ildir ki, o, Efiopiyanı idarə edir.
ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosini isə, yəqin ki, dünyada tanımayan yoxdur. 79 yaşlı Pelosi artıq 12 ildir spikerdir, ABŞ-ın ən nüfuzlu siyasətçilərindən biridir.
Böyük Britaniyanın keçmiş baş naziri Tereza Mey bu il vəzifəsini itirməsəydi, onun haqqında da dünyanın güclü qadın siyasi liderlərindən biri kimi bəhs emək olardı.