“Mən özüm üçün darıxıram…” Layza Cenovanın “Elə həmin Elis” kitabının sonlarına yaxın oxuduğum bu cümlə bütün əsərin ruhunu açırdı sanki. Altsheymer xəstəliyinə tutulan uğurlu bir elm adamının günbəgün yaşadıqları, itkiləri, iztirabları… Günbəgün itirirdi yaddaşını, yaşadıqlarını, xatirələrini…
Kənardan baxanda qibtə doğuran bir həyata sahib olan qadın, sevilən həyat yoldaşı, üç uşaq anası… Və günlərin bir günü qaçdığı yolu, əşyaların, evdəki otaqların yerini unudur. Cəmiyyət üçün yararlı, özünə inamlı bir qadın qısa müddətdə möhtac, yenicə dil açan, ayaq açan bir körpə kimi yardımdan asılı bir vəziyyətə düşür.
Nə xərçəng, nə qəza, nə şikəst qalma… Elisin başına gələn olay əsas kapitalı beyni olan, düşünən, intellektual bir insanın yaşaya biləcəyi ən böyük faciədir əslində. Düşünün, dünənə qədər Harvard Universitetinin zalında yüzlərlə tələbəyə mühazirə deyirsən, elmi işlərdə məsləhətçisən və… gün gəlir, yaddaşının oynadığı oyun səni sıfırlayır. Öncə çalışdığın yerdə səni istəmirlər. Ardınca həyat yoldaşın səni düşdüyün bu vəziyyətdə görməkdən yorulur və bir arada olmamaq üçün müxtəlif cür bəhanələr yaradır. Övladların bu xəstəliyin irsi ola biləcəyi əndişəsi ilə içdən-içə səni suçlayırlar. Açıq şəkildə deməsələr də…
“Con Elisin necə dərman içdiyini görmək istəmirdi. Sözü-söhbəti yarımçıq da qalsa, Elisin plastik həb qutusunu çıxardığını görən kimi otağı tərk edirdi”. Con qəhrəmanımızın həyat yoldaşıdır. Onu sevən, onunla bütün həyatı boyu fəxr edən, üç uşağını onunla birgə böyüdən… Elə yazının girişində Elisin həyat yoldaşına dediyi “Mən özüm üçün darıxıram” sözləri də bəlkə yaşadığı suçluluq duyğusunu azaltmaq, bölüşmək, özünü anlatmaq çabası idi. Cavab da gecikməmişdi əslində: “Mən də sənin üçün darıxıram, Elis, çox darıxıram”…
Bu xəstəlik sevgini də xərcləyir əslində. Əsərdən görünən bu… Məsələn, Elis və Con cütlüyü daha öncədən birgə yaradıcılıq məzuniyyətinə çıxmağa qərar versələr də, xəstəlikdən sonra Con ümumiyyətlə, bu plan barədə danışmır, necə deyərlər, “Con dəyişir”. Ardınca isə Nyu-Yorkda iş axtarmaqla sanki bu xəstəliklə barışır və yoldaşını gözardı edir. Köçəcəkləri vaxta qədər Elisin harda olduğunu bilməyəcəyi ehtimalını ön plana çıxarır. Sevgi bu sınaqdan üzüağ çıxmır əslində…
Sevdiyin, minlərlə xatirəni paylaşdığın həyat yoldaşının, övladlarının birdən-birə sənə yadlaşmasıdır, alzheimer xəstələrini daha çox sarsıdan, yoxsa xələl gələcəyindən qorxduqları nüfuzları? Elis və onun dəstək qrupunun üzvləri Meri, Keti və Den də diaqnoz qoyulmazdan əvvəl nüfuzlarına xələl gəldiyi barədə danışırlar. Çünki insanlar onların xasiyyətlərinin qəlizləşdiyini və ya narkotik maddələrin qəbuluna başladıqlarını düşünürdülər. Elisin diaqnozu təsdiqlənəndən sonra yaşadıqlarını sətir-sətir oxuyanda mən də bu dilemma qarşısında qalıram: görəsən bu xəstəlikdən əziyyət çəkənlərin ən böyük iztirabı öz nüfuzunu qoruyub saxlaya bilməməkdir, yoxsa yaddaşlarının, yaşadıqlarının sıfırlanması?
Elis xəstəliyinin ona irsən keçdiyini bilirdi əslində… Sevmədiyi, bağışlaya bilmədiyi atasının “miras”ı idi əslində. Xəstəliyini öyrənəndən sonra atasının məzarı üstündə ağlayaraq ürəyindən keçirdiyi bu sözlər də “suçlu”nu tapdığının göstəricisi idi, bəlkə də… “İndi xoşbəxtsən, ata? Lənətə gəlmiş DNT-ni mənə ötürmüsən. Bütün ailəni öldürəcəksən. Hamımız ölsək dincələcəksən?” deyib iztirab içində hönkürtü ilə ağlayan qadın… Bu mənzərəni məzarlıqda görənlər çox da yadırğamaya bilərdi: övlad atasının qəbri üstündə göz yaşı tökür… Bəs, bu gözyaşları havaya uçan illərin nisgilidir, yoxsa…?
Həyatını fiziki yox, mənəvi itirməkdir alzheimer xəstəliyi… Damla-damla yığdığın xatirələrini, sevincini, kədərini, uğurlarını unutmaqdır. Sil başdan… yaşamaqdır bəlkə… Səhəri gün yenə, bir daha yenidən… Çünki xəstəliyə tutulmaq hər günü dünyaya yenidən gəlmiş kimi, amma bütün yaşadıqlarını yaşamamış kimi yola davam etməkdir. Həyatındakı hər kəsə yad gözü ilə baxmaq, yabançılarla eyni evdə yaşamaq, yeri gələndə onlardan çəkinmək… hissinin müşayiəti ilə bir ömür… Bəlaların ən böyüyü bəlkə də…
“Elə həmin Elis…” Mən olsam kitabın adını “Özü üçün darıxan qadın” qoyardım… Bu kitab əsasında çəkilmiş film də tamaşaçısına eyni hissi verir: İtkin düşmüş həyat… İtkilərin ən böyüyü…