Bu gün Yunanıstanda keçirilən referendumda əhalinin iştirakı 40%-i ötüb ki, bu da onun baş tutması anlamına gəlir. Referendumda iştirak edən yunanların 59,7 faizi kreditorların tələblərinə “yox” deyib, Seçicilərin 40.3 faizi isə “bəli” deyə cavab verib. Bəzi mütəxəssislər Avropa Birliyinin bu məsələdən uduzmuş halda çıxacağını düşünür.
Politoloq Hikmət Hacızadə Deyerler.org-a fikirlərini bölüşərkən bildirib ki, Yunanıstanın hal hazırkı vəziyyəti Avropa Birliyi üçün çox ciddi problemlər yaradır: “Yunanıstan böhranı həm avro ilə bağlı, həm də ümumi iqtisadi göstəricilərlə bağlı neqativ nəticələr vəd edir. Düşünürəm ki, danışıqlar davam etdiriləcək. Bu referendumla işi bitmiş hesab etmək olmaz, kiçik nəfəslik qoyulub. Xalq öz sözünü dedi. Amma baş nazir və maliyyə naziri danışıları davam etdirəcək.
Vəziyyət olduqca pisdir. Avropa Birliyi bu prosesdə kifayət qədər güzəşt edib. Artıq bir neçə ildir ki, Avropa Birliyi və Yunanıstan arasında analoji danışıqlar gedir. Hər dəfə müəyyən adla kredit alır, amma yenə də borc qaytarılmır.
Bu məsələdə birmənalı olaraq Avropa Birliyini günahlandırmaq düzgün deyil. Düşünürəm ki, maksimum çalışılacaq ki, Yunanıstan düyünü pozitiv istiqamətdə çözülsün. Bu baxımdan danışıqlar davam etdiriləcək”.