Son vaxtlar televiziyalarda aparıcıların və yaxud da verilişə dəvət olunan şəxslərin əndazədən çıxan davranış və hərəkətlər nümayiş etdirmələri, cəmiyyət və onun dəyələrini təhqir etməsi bir növ dəb halını alıb.
Bu günlərdə “Space” televiziyasında yayımlanan “Günaydın” verilişində baş verənləri isə əsl biabırçılıq adlnadırmaq olar. Belə ki, Vüsalə Kərimovanın aparıcılıq etdiyi verilişdə müğənni Mətanət Əsədova ilə yazar Əziz Musaoğlu bir-birilərinə qarşı biabırçı şəkildə qeyri-etik sözlər işlətdilər. Onların bu hərəkətinə mətbuatda, sosial şəbəklərdə tənqidi reaksiyalar gəlib. Mütəxəsislər isə bildirirlər ki, verilişdə başqasının şərəf və ləyaqətinin təhqir olunması məqamı var. Bu isə proqrama verilən tələblərin pozulması deməkdir.
Məsələ ilə bağlı musavat.com-a danışan əməkdar jurnalist, tele-tənqidçi Qulu Məhərrəmli baş verən olaya görə aparıcını günahlandırıb: “Bu məsələdə əsasən aparıcını günahkar hesab edirəm. Niyə aparıcı bu cür insanları efirə dəvət edir? Ümumiyyətlə, verilişdəki mövzunun məğzi məlum deyil.
İkinci bir tərəfdən, videolardan da görünür ki, bu cür qeyri-etik dialoqlar gedir, amma aparıcı nədənsə məsələyə müdaxilə etmək istəmir. Sanki burda çox dəyərli dialoq gedir və bu dialoqu pozmaq istəmir. Söhbətin getdikcə dramatikləşdiyini görən rejissor məsələyə müdaxilə etməli idi. Lakin görünür ki, rejissor da hadisələrin axınına tabe olur.
Digər tərəfdən, əlbəttə belə olaylarda televiziya rəhbərliyinin də günahı var. Bu barədə mətbuatda nə qədər yazılar getsə də, mütəxəsislər rəy bildirsələr də, hələlik problemin həllində heç bir irəliləyiş yoxdur. Bu məsələ cəmyyət üçün ciddi təhlükə yaradır. Hər televiziya öz aparıcılarını, qəhrəmanlarını yetişdirir. Görünür, bizim televiziya rəhbərləri bu cür aparıcılar yetişdirməkdə maraqlıdırlar”.
Tele-tənqidçi efirlərdəki xoşagəlməz olayların cəmiyyədə baş verən proseslərlə bağlı olduğunu deyib:“Əslində televiziyalar cəmyyətin müəyyən cizgilərini əks etdir. Bu, həyat tərzidir. Bu, insaların bir-biri ilə sərt, kobud davranışının təcəssümüdür. Artıq insanlar bir-birilərini anlaya bilmirlər. Bu, bir virusdur. Bu virus cəmiyyətə yoluxduqca insanların həyat və düşüncə tərzinə çevrilir. Nəticədə də bu cür xoşagəlməz hallar baş verir”.
Milli Televiziya və Radio Şurasının (MTRŞ) aparat rəhbəri Toğrul Məmmədov bu barədə mətbuata açıqlama verərək bildirib ki, adıçəkilən verilişdə “Televiziya və radio yayımı haqqında” Qanunun 32-ci maddəsi, proqrama verilən tələblər pozulub.
Onun sözlərinə görə, artıq MTRŞ bu məsələni “Space” televiziyasının rəhbərliyi ilə müzakirə edib:“Rəhbərlik üzrxahlıq edərək, ciddi tədbir görəcəyini öz öhdəsinə götürdü. Biz də bunu nəzərə aldıq. Şura verilən vədin əməl olunmasını gözləyəcək. Olayla bağlı ciddi tədbir görülməsə, Milli Televiziya və Radio Şurası sərt addımlar atacaq. Hadisənin canlı efirdə baş verməməsi bunun reytinq xətrinə atılmış addım olduğunu təsdiqləyir. Hadisənin bütün məsuliyyəti “Space”telekanalının çiyinlərindədir. Rəhbərlik bununla bağlı ciddi addımlar atmalıdır”.
Qeyd edək ki, verilişin aparıcısı Vüsalə Kərimova axşam.az-a açıqlamasında müğənninin haqlı tərəf olduğunu bəyan edib: “Əslində Əziz studiyada Mətanətdən üzr istədi. O, isə üzrü qəbul etmədi və qarşı tərəfi məhkəməyə verəcəyini dedi. Hələlik məhkəməyə şikayət ərizəsi yazmayıb. Mətanət xanıma haqq qazandırıram, çünki geyimi pis deyildi. O, sənətçidir, səhnə adamıdır. Necə istəsə, geyinə bilər. Həm də xanımdır. Gərək ona qarşı o cür ifadə olmazdı. Buna görə də Mətanət Əsədova bu qalmaqalda haqlı tərəfdir”.
Verilişin digər iştirakçısı olan müğənni Manaf Ağayev də baş verən qalmaqalda yazar Əziz Musaoğlunu günahlandırıb. Onun sözlərinə görə, hətta yazarın müğənni Mətanət Əsədovaya dediyi təhqiredici ifadələrin əksəriyyəti efirə verilməyib: “Verilişin ortasında Əziz Mətanət xanıma dedi ki, “Səndən xoşum gəlmir, pis geyinmisən, küçə qızısan, filansan”. Onun təhqirli sözlərinin çoxu efirə getmədi. Sonra başa düşdü ki, səhv edib, üzr istədi. Dedi ki, “Bilmədim məni bağışla”. Mətanət cavab verdi ki, “Sən kimsən, məni təhqir edirsən?” Mətanət xanım verilişdə uzun paltar geyinmişdi. Ayrı vaxt pis geyinəndə heç belə demirlər”.
Xatırladaq ki, bundan öncə də “Space” televiziyasında bu cür xoşagəlməz, qeyri-etik qalmaqal baş vermişdi. Samir Biləsuvarlı adlı müğənni oxuduğu mahnının sözlərini dəyişərək, söyüş dolu ifadələrdən istifadə etmişdi. Lakin televiziyanın rəhbərliyi bu məsələyə çox etinasız yanaşmışdı.