Alyansın Avropadakı qüvvələrinin Baş komandanı general Filip Bridlav bəyan edib ki, NATO artıq Rusiyanı özünün tərəfdaşı hesab etmir
Şimali Atlantika Hərbi Bloku (NATO) və Rusiyanın Müdafiə Nazirliyi ikitərəfli operativ əlaqə kanalı yaradılmasına qərar veriblər. Analitik.az xarici mətbuata istinadən xəbər verir ki, bu, NATO-Rusiya qüvvələri arasında baş verə biləcək hər hansı qarşıdurmaya dərhal reaksiya vermək üçün nəzərdə tutulmuş tədbirdir.
Alman mətbuatının yazdığına görə, belə əlaqənin yaradılması soyuq müharibənin bitməsindən sonra ilk dəfədir tətbiq edilir.
“NATO qüvvələrinin Avropada yerləşən Ali baş komandanı və hərbi komitənin sədri istənilən anda rusiyalı hamkarları ilə birbaşa danışmaq imkanı əldə edir.” NATO-nun mənzil-qərargahından razılaşmanı belə şərh ediblər.
Bu razılaşmanın detalları məxfilik qrifi altında olduğundan, ikitərəfli telefon rabitəsinin nə vaxtdan aktivləşəcəyinə dair konkret məlumat verilmir. Ancaq məlumata görə, artıq tərəflər birbaşa telefon nömrələrini mübadilə ediblər.
Belə əlaqənin yaradılması təşəbbüsünü Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer (Frank-Walter Steinmeier) irəli sürüb. Son vaxtlar NATO və Rusiya hərbi qüvvələri arasında epizodik toqquşmaların artması, Rusiya hərbi təyyarələrinin Baltik suları üzərində hava məkanını pozması, Ukraynaya görə münasibətlərin gərginləşməsi fonunda birbaşa əlaqənin yaradılması zərurətə çevrilib.
Məlumata görə, ilk dəfə 1962-ci ildə Karib böhranından sonra SSRİ və ABŞ dövlətlərinin hərbi rəhbərliyi arasında belə birbaşa əlaqə yaradılmışdı. O zaman “qırmızı telefon” adlanan birbaşa teletayp əlaqəsi müharibənin aktiv fazaya keçməsini önləmək üçün son imkan vasitəsi idi.
Analitiklərin fikrincə, soyuq müharibənin bitdiyi vaxtdan, indi, 26 il sonra ilk dəfədir ki, NATO ilə Rusiya arasında “qırmızı telefon” əlaqəsinin yaradılması zəruri olub.
Analitik.az-ın məlumatına görə, aprelin 30-da Alyansın Avropadakı qüvvələrinin Baş komandanı general Filip Bridlav bəyan edib ki, NATO artıq Rusiyanı özünün tərəfdaşı hesab etmir. O qeyd edib ki, Rusiya onilliklər ərazində Avropada formalaşmış təhlükəsizlik və dinclik prinsiplərini pozmağa cəhd edir.
Bundan bir neçə gün əvvəl isə Baş katib Yens Stoltenberq NATO-nun ön təmas qüvvələrinin iki dəfədən çox – 13 mindən 30 minədək artırılması planını açıqlamışdı.
Rusiyada isə NATO-nun Şərqə doğru genişlənməsini və Şərqi Avropa dövlətlərinin NATO-ya qoşulmaq çağırışlarını mənfi qiymətləndirirlər. Bir müddət əvvəl RF Silahlı qüvvələrinin Baş qərargah rəisi Valeriy Gerasimov bəyan etmişdi ki, NATO Rusiya sərhədləri yaxınlığında böhran vəziyyətlərinin yaradılmasında maraqlıdır. Qarşılıqlı ittihamlar və gərginləşmə fonunda birbaşa telefon əlaqəsinin yaradılması hələlik “son imkan” kimi qiymətləndirilir.