“Qadınlar nə istəyir?” Bu suala bütün həyatı boyu cavab axtaran Freyd ömrünün son günlərində etiraf edirdi: “30 il insan psixologiyasını öyrənməyə sərf etdim, yeganə suala cavab tapa bilmədim. Qadın nə istəyir?”.
Kişilər üçün qadınları anlamaq və nə istədiklərini bilmək çətindirmi?! Güclü cinsin nümayəndələri qadınlar haqqında “nə istədiklərini bilmirlər” sözlərini tez-tez deyirlər. Amma istənilən bir qadına sual verilsə ki, qadın nə istəyir? “Burda çətin nə var ki?!” cavabını almaq olar.
Buro 24/7.az
Fəxrəddin Manafov (aktyor)
Diqqət. Mən banal şeylər deməyəcəm, məsələn, sevgi kimi. Çünki qadınla sevgi birdir, qadın özü kosmosdur.
Murad Dadaşov (şoumen)
Qadın kişi üçün öz xüsusiliyini hiss etmək istəyir. Ən qiymətli şey kişinin bunu nümayiş etdirməsidir.
Miri Yusif (müğənni)
Qadınlar məncə, kişilərin elə bu suala cavab tapmalarını istəyirlər (gülür). Ancaq hələ ki, heç bir kişi bu suala cavab tapa bilməyib. Ümumiyyətlə, hədiyyənin böyük və ya kiçik, ucuz və ya bahalı olmasından asılı olmayaraq, qadınlar diqqət istəyirlər. Özü də Fransada istehsal olunmuş!
Emil Əziz (rəssam)
Qadınlar ilk növbədə sevgi, daha sonra isə sədaqət istəyirlər. Sevgi olanda hər şey olur. Maddiyyata bağlı hədiyyələrə gəlincə, bütün qadınlar başqa qadınların istədiklərini istəyirlər. Hamı bilir ki, qadınlar kişilər üçün deyil, elə qadınlar üçün geyinirlər. Kişilər onsuz da anlamırlar ki, qadınlar bu geyimləri niyə alırlar, niyə geyinirlər…
Kamal Bağırlı (“Peachline” reklam agentliyində SMM direktor)
Diqqət. Daimi.
Kamran Ağabalayev (aktyor)
Qadınlar daha çox öz həyatlarını idarə etmək istəyirlər.
Elçin Səfərli (yazıçı)
Qadın üçün onun dinlənilməsi çox vacibdir. Hətta o nəisə emosional etsə və ya kaprizləri olsa belə… Məhz belə diqqət onun üçün qiymətli hədiyyədən daha dəyərlidir. Qadın – nəfis, həssas və təzadlı varlıqdır. Əgər kişi ona fikir vermirsə, eşitmirsə, qadın onun yanında məhv olur və ya gedir.
Firdovsi Atakişiyev (aktyor)
Qadınlar diqqət istəyirlər. Onlar ilk növbədə anadırlar. Ana isə özünü həsr etmək deməkdir. Hər bir qadın özünü həsr edir – kimi həyat yoldaşına, övladlarına, kimi işinə…
Elə qadınlar var ki, onlar üçün ən böyük göstərici ailə qurmaq və uşaq dünyaya gətirməkdir. Elələri də var ki, onlara bir kişinin sevgisi bəs eləmir, çalışırlar öz gözəllikləri ilə bir neçə kişinin ürəyini fəth etsinlər və bunun müqabilində dəyərli hədiyyələr alsınlar.
Qadınlar müxtəlif olurlar. Qadın var ki, öz sərkərdəsinin arxası, dayağıdır. Onlar üçün də ən böyük mükafat bir igidin yanında olmaq, ona söykənmək, güvənməkdir.
Daxil aləmləri zəngin olduğu üçün hədiyyə seçimində istəkləri də müxtəlifdir. Müasir həyatımızda qadınları zinət əşyaları, ətriyyat, xəz, gözəl həyatla sevindirmək olar.
Tural Əsədov (aparıcı)
Qadın nə istəyir? Bu sualı mən hər gün özümə verirəm və bunun sevdiyim qadın, məni dünyaya gətirən qadın, ya da ki bir saat sonra görüşəcəyim və işin detallarını müzakirə edəcəyim qadın olmasının heç bir fərqi yoxdur. Sizə deyim ki, hər dəfə yeni cavab alıram və cavabın doğru olması da dəqiq deyil. Dəqiq bildiyim tək şey odur ki, qadın həmin kişini yanında görmək istəyinin itməsini arzulamır. Əgər bu baş versə, heç bir pul, hədiyyə, diqqət onun itmiş “istəyini” geri qaytarmayacaq.
Azər Qəribov (jurnalist)
Əgər məzəli bir cavab verməli olsaydım, deyərdim ki, “Qadın özü nə istədiyini bilmirsə, bunu kişi necə bilər?” Ancaq bu bayram məzəli deyil, kifayət qədər ciddi bayram olduğundan deyirəm ki, qadın Yer üzündə hər bir insanın istədiyi şeyi arzulayır – xoşbəxt olmağı. Mən də həmin gün onlara xoşbəxtlik arzu etmək istərdim!
Orxan Aslanov (fotoqraf)
Qadınlar 18-ci əsrdə onlara göstərilən diqqəti istəyirlər.