Ötən həftə ölkədə iki böyük hadisə baş verdi. İkisi də qadınlarla bağlıydı. Biri odur ki, məşhur qadın jurnalisti tutublar, biri də budur ki, bir məşhur qadını efirdə tuta bilməyiblər, şpaqat açıb.
İctimaiyyət hələ də bu iki hadisəni müzakirə edir. Biri artıq beynəlxalq miqyasa çıxıb, barəsində vaşinqtonlarda, londonlarda danışılır. O birisi barədə söhbətlər isə dərinliklərə enib, alpoutlarda, surralarda müzakirə olunur.
Televizyonçuların sözü olmasın, hardan baxsan, böyük hadisələrdir və bu hadisələrin ötən həftədən bu həftəyə transfer etməsinin ciddi ictimai-siyasi, mənəvi-psixoloji, dramatik-psixatrik səbəbləri var.
Ancaq hiss olunur ki, efirdə şpaqat açılması məsələsi mental dəyərlərimizi ciddi zədələdiyindən xalq bunu daha ağrılı qəbul edir. Jurnalistdir, tutulub, bir gün əfv olunub buraxılacaq, amma efirdə şpaqat açılması ilə bir xeyli dəyərlər qəhr olub gedib.
Hər yanda bundan danışırlar – mediada, sosial şəbəkələrdə, xeyirdə-şərdə, ictimai nəqliyyatda, taksidə, efirlərdə və s.
Əgər bu hərəkəti edən xanımın məqsədi ajiotaj, rezonans, əks-səda yaratmaq idisə, o, öz niyyətinə artıqlaması ilə çatıb. Yox, xanımın niyyəti işlədiyi telekanalı populyarlaşdırmaq, ona reytinq qazandırmaqdısa, o, bu məqsədinə də çatıb. Neçə gündür yüz minlərlə adam həmin verilişi gözləyir ki, baxsın: bəlkə aparıcı xanım yenə şpaqat açacaq.
On minlərlə adam var, bu hərəkəti qınaya-qınaya hərəkətin təkrarlanmasını gözləyir, umur.
Əslində əksinə olmalıydı. Əgər bir telekanalda gedən hansısa verilişi bəyənmiriksə, ondan, hətta telekanaldan bilmərrə üz döndərməliyik. Bizdə isə tərsinə olur, çox qınanan, söyülən verilişlər reytinq rekordu qırır.
Halbuki asan çıxış yolu var: sevmədiyin, nifrət etdiyin proqrama baxmamaq, baxmaqdan imtina etmək. Onda nə şpaqat açanı görürsən, nə dombalaq aşanı, nə də sözü əlində şar kimi atıb-tutanı. Çevirirsən kanalı, oturub, məsələn, heyvanlar aləmi haqqında sənədli filmə, türkün sözü, bəlgəsələ baxırsan. Hərçənd mənim kimi emosional adamlar heç o bəlgəsəllərə də sakit baxa bilmirlər. Pələnglər cumub yazıq ceyranı, zebranı boğazlayanda istər-istəməz filmi çəkən operatora əsəbiləşirik ki, alçaq, yanında tüfəng də var, göyə bir güllə at, o yazıq heyvanı yırtıcıların əlindən qurtar də, kino çəkmək yeridirmi.
Xüləs, söz bunda deyil, ondadır ki, biz şou ilə ciddi verilişləri tez-tez qarışdırırıq. Efirdə şpaqat açmaq, dombalaq aşmaq o tipli verilişlərdə olur ki, onlar tamaşaçını əyləndirməlidir. Nadir Qafarzadə gəlib Yaxın Şərqdə baş verən hadisələrə dair analiz versə, ona heç kim baxmayacaq. Bizə analiz lazım deyil, əziz həmvətənlər, bizə cin çıxaranlar, falçılıq edənlər, itkinləri tapanlar, manısları qapışdıranlar və sair bu kimi adamı düşündürən verilişlər lazımdır və şükür o gözəgörünməzə ki, bu sarıdan korluğumuz yoxdur.
Ölkə səy adamlarla dolub-daşır, belələrinin potensialını üzə çıxarmaq lazımdır ki, yerdə qalanların kefi kökəlsin. Məsələn, dünən işə gəlirəm, “Araz” radiosunda “Üçü birində” verilişi gedir. Yaxşı verilişdir, həmişə qulaq asıram, normal suallar qoyurlar, dinləyicilər cavab verirlər, aparıcılar çalışır ki, insanların səhər ovqatı şən notlara köklənsin. O verilişdə bir “Popuqay” bölümü də var. Efirə bir səs (əsasən hansısa heyvanın səsi) verirlər, iştirakçı da onu təqlid edir. Zorla deyil, istəmirsən, sağollaş. Amma dünən bir nəfər o verilişdə anqırası oldu. Efirə yorulub tövşüyən eşşək səsi vermişdilər. Adam da onu əməlli-başlı yamsıladı, enerjili bir şəkildə anqırdı. Aparıcılar qane olmadılar. Adam yenidən, həm də daha inandırıcı şəkildə, daha ürəkdən anqırdı və işini vicdanla başa çatdırandan sonra maraqlandı ki, hədiyyə olacaqmı.
Niyə olmasın? Məncə, olmalıdır. Elə adama hansısa lokantaya iki nəfərlik nahar kuponu da vermək olar, lap bir kisə arpa da. Qoy aparsın, evdə tutuquşusu varsa, ona versin. Məşq etdirsən, tutuquşu da anqırmaq öyrənə bilər.
Dediyim odur ki, gəlin efirdə şpaqat açmaq məsələsini çox ürəyimizə salmayaq. Qoy kim nə istəyir, eləsin. Bizim isə onların şpaqatına, dombalağına, anqırmağına baxmamaq hüququmuz var. Təki ona dəyməsinlər.