“Avesta Concern”in həyata keçirdiyi və dünyanın ən böyük tikinti layihələrindən biri kimi dəyərləndirilən “Khazar Islands” layihəsi Yaponiyada da böyük marağa səbəb olub. Gündoğar ölkənin iki yüzdən artıq şirkəti “Khazar Islands” layihəsinə maraq göstərir.
Musavat.com xəbər verir ki, bu məlumat Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takaxasinin “Avesta Concern”in prezidenti Hacı İbrahim Nehrəmli ilə görüşündə səslənib. Oktyabrın 14-də “Khazar Islands” layihəsi ilə yerində tanış olmaq üçün səfiri Tsuquo Takaxasi layihənin həyata keçirildiyi ərazidə olub. “Khazar Islands” layihəsi səfirə ətraflı məlumat verən “Avesta Concern”in prezidenti Hacı İbrahim Nehrəmli layihənin həyata keçirilməsində Yaponiyanın dünya miqyaslı şirkətlərinin məhsullarından, xüsusilə də ən yeni texnologiyasından istifadə etmək niyyətində olduqlarını bildirib. Səfiri Tsuquo Takaxasi isə ölkəsinin iki yüzdən artıq şirkətinin “Khazar Islands” layihəsinə maraq göstərdiyini vurğulayıb. “Avesta Concern”in prezidenti Hacı İbrahim Nehrəmli Yaponiya şirkətləri əməkdaşlığa hazır olduqlarını, bu əməkdaşlıqdan hər iki tərəfin maraqlarına uyğun ola biləcəyini qeyd edib. Əməkdaşlığın təfərrüatları isə şirkətlərin nümayəndələri ilə görüşdə müzakirə olunacaq. Yaponiya şirkətlərinin “Khazar Islands” layihəsi ilə tanış olmaq və əməkdaşlığın prinsiplərini müzakirə etmək üçün tezliklə ölkəmizə səfər edəcəkləri istisna edilmir. Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takaxasinin “Avesta Concern”in prezidenti Hacı İbrahim Nehrəmli ilə görüşündə Azərbaycan iqtisadiyyatının sürətlə inkişafının hər iki ölkədən olan iş adamları arasında əməkdaşlığa böyük perspektivlər açdığı da vurğulanıb. “Avesta Concern”in prezidenti Hacı İbrahim Nehrəmli Yaponiya şirkətlərini Azərbaycanda daha çox iş görmək imkanlarına malik olduqlarını, bunun üçün bütün imkanların mövcudluğunu qeyd edib və onların bu addımının hər iki ölkə arasında münasibətlərin daha da yaxınlaşacağına təkan verə biləcəyini diqqətə çatdırıb. “Khazar Islands” layihəsi çərçivəsində həyata keçirilən işlərlə ətraflı tanış olan səfiri Tsuquo Takaxasi görüşdən xoş təəssüratla ayrılıb.