Qarabağ separatçılarına bir zaman rəhbərlik edərək soydaşlarımızın qatili olan Serj Sərkisyanın Ermənistanda formalaşdırdığı rejim ermənilərin də qəniminə çevrilib. Bu rejimin Ermənistan əhalisi üçün nə qədər amansız olduğunu sübut edəcək kifayət qədər, həm də danılmaz faktlar sadalamaq olar. Modern.az saytı Sərkisyan rejiminin təngə gətirdiyi, adi məişət qayğılarını həll etməkdə aciz qalan ermənilərin öz həyatlarına qəsd etmələri ilə bağlı ciddi araşdırma aparıb. Məlum olub ki, Ermənistan artıq neçə ildir dəhşətli intihar dalğası ilə üz-üzə qalıb. Ən acınacaqlısı isə budur ki, ölkənin rəsmi dairələri intiharlarla bağlı əsl statistikanı gizlədirlər. Bu haqda bir qədər sonra.
Araşdırma zamanı məlum olur ki, Ermənistanda məktəbli və yeniyetmələrdən tutmuş ahıl ermənilər belə Sərkisyan rejimindən təngə gəldiklərindən çarəni kəndiri öz boğazlarına keçirməkdə görürlər. Əlbəttə, iqtisadi problemlər ermənilərin özlərini könüllü olaraq həyatdan məhrum etmələrinin başlıca səbəbidir.
Borca düşən ata və oğul özlərini asıblar
Erməni ekspertlərini də neçə ildir narahat edən məsələlərdən biri intiharlarla bağlıdır. Onların fikrincə, ölkə vətəndaşlarının könüllü olaraq özlərini həyatdan məhrum etmələrinin başlıca səbəbi iqtisadi problemlərdir. Məsələn, Yerevanda 62 yaşlı kişi ilə 30 yaşlı oğlu eyni vaxtda özlərini asıblar. Araşdırma zamanı məlum olub ki, ata-oğul borca görə intihar edib.
Sosioloqlar hesab edirlər ki, iqtisadi böhran, sosial gərginliyin artması cəmiyyətdə dezinteqrasiyaya səbəb olur ki, bunun da nəticəsində intiharların sayı çoxalır.
Ermənilər öz gələcəklərinə inanmırlar
Ermənistanda intiharların artmasının digər səbəbi cəmiyyətdə gələcəyə inamın olmamasıdır. Sosioloq Gevorq Poqosyanın fikrincə, bu ölkədə insanları bir ailədə birləşdirmək qabiliyyəti üçün heç bir başlanğıc yoxdur. O qeyd edir ki, bu, ciddi mənəvi problemdir və Ermənistan cəmiyyəti tənəzzül dövründədir.
Qeyd edək ki, Ermənistanda işsizliyin həddi 40 faizdir və bu MDB məkanında ən yüksək göstəricidir.
Xaricdə işləyən mühacirlərin qarşılaşdıqları problemlər səbəbindən Ermənistandakı qohumlarına daha az kömək etmələri də son illər daha geniş müşahidə olunur. Məhz bu amil Ermənistan əhalisinin bu gün 30 faizindən çoxunun yoxsulluq həddində yaşamasına səbəb olub. Ermənistanda gənclərin böyük hissəsi öz gələcəklərini görmürlər.
Psixoloq Rita Aqayanının sözlərinə görə, o həyati problemlərinin həll olunmazlığını düşünən adamlarla tez-tez rastlaşır. Ancaq həmin insanlara Ermənistanda vaxtında yardım edəcək qurum yoxdur. Bir sözlə, ermənilər taleyin ümidinə buraxılıblar.
Yeri gəlmişkən, Ermənistanda özlərini könüllü olaraq həyatdan məhrum etmək istəyənlərin əksəriyyəti işsizlərdir.
2013-cü ildə Ermənistanda 214 intihar baş verib
Qeyd etdik ki, Ermənistan rəsmiləri ölkədə intiharlarla bağlı real statistikanı gizlətməyə cəhd edirlər.
Ancaq buna nail ola bilmirlər. İntiharlarla bağlı ixtişaşlaşmış psixoloq Kamo Vardanyan bu cəhdlərin tamamilə əsassız olduğunu açıqladığı real faktlarla almağa nail olub. Onun verdiyi məlumata görə, 2013-cü ildə Ermənistanda 214 intihar faktı qeydə alınıb. Psixoloqun fikrincə, dünyada olduğu kimi, Ermənistanda da son illər intihara meyllilik artıb. Məsələn, 2009-cu ildə 498 intihar hadisəsi baş verib ki, bunun 197-si ölümlə nəticələnib. 2010-cu ildə 225 nəfər həyatına qəsd edibsə, 592 nəfərin bu niyyəti uğursuz olub. 2011-ci ildə Ermənistanda 195 nəfər özünü bu və ya digər səbəbdən öldürüb, 647 nəfərin cəhdinin qarşısı alınıb. 2012-ci ildə isə bu göstərici müvafiq olara 214 və 740 olub. Göründüyü kimi, əhalisi 3,5 milyona yaxın olan Ermənistan üçün bu rəqəm kifayət qədər böyükdür.
Vardanyanın araşdırmasına görə, Ermənistanda hər gün ən azı 2 intihara cəhd, orta hesabla 3 gündə 2 intihar baş verir. Belə bir fikir var ki, əgər 100 min nəfər əhaliyə düşən intiharların sayı 10-u keçmirsə həmin ölkə psixoloji cəhətdən əlverişli hesab olunur. Həmin göstərici 10-20 arasında olursa, cəmiyyətdə müəyyən gərginlik var. Göstərici 20-dən yuxarıdırsa, bu o deməkdir ki, ölkə böhran vəziyyətindədir. Ermənistanda bu göstərici 7,4-dür. Ancaq bu o demək deyil ki, bu ölkə əhalisinin psixoloji durumu ilə bağlı ciddi problem yoxdur. Əgər qeydə alınan hər bir intihar faktını, yaxud cəhdini araşdırsaq görərik ki, Sərkisyanın rejimi erməniləri əsəb sistemini tamamilə tarıma çəkib. Heç yerdən yardım ala bilməyən ermənilər isə bunun əvəzini yalnız özlərindən çıxırlar…
İntiharlarla bağlı yalan statistikalar
Yazının əvvəlində Ermənistanda intiharlarla bağlı rəsmi mənbələrin reallıqdan tamamilə uzaq statistik məlumatlar verdiiklərini xatırlatdıq. İndi bunu sübut edəcək iki faktı nəzərə çatdırırıq.
Birincisi, Ermənistan Səhiyyə Nazirliyinin məlumatıdır. Nazirliyin açıqladığı statistika ilə psixoloq Kamo Vardanyanın elan etdiyi statistika arasında, necə deyərlər, yerlə göy qədər fərq var. Nazirliyin məlumatına görə, 2013-cü Ermənistanda cəmisi 98 nəfər intihar edib.
Ermənistanda 2013-cü ildə 67 nəfər intihar edib, bunların 43-ü kişi, 24-ü qadın olub. Bu məlumatı isə Səhiyyə Nazirliyinin Milli İnstitutu yayıb. Həmin institutun digər məlumatına görə, 2012-ci ildə Ermənistanda cəmisi 79 intihar faktı baş verib ki, onların 59-u kişi, 20-si qadın olub.
2013-cü ildə 53 ruhi xəstə intihara cıəhd edib, bunun 27-si ölümlə nəticələnib. 2012-ci ildə isə belə xəstələrin sayı 45 olub, 17-si ölümlə nəticələnib.
Göründüyü kimi, Ermənistanda baş verən intiharlarla bağlı real rəqəmlər gizlədilir. Əlbəttə, bu Sərkisyan rejiminin düşünülmüş taktikasıdır.
Odun dalınca gedən qoca özünü öldürüb
Ermənistanda intihar dalğası 2014-cü ildə də səngiməyib. İlin əvvəlindən indiyədək baş verən intiharların bəzilərini sadalayırıq.
Loriyski vilayətinin Debed kənd sakini Seroja Stepanyan meşəyə odun gətirmək üçün gedib və qayıtmayıb. Səhəri günü dan yeri ağaranda 83 yaşlı kişi meşədə asılmış vəziyyətdə tapılıb.
Bu, Ermənistanda 2014-cü ildə qeydə alınan intiharlardan biri idi.
Modern.az Ermənistanda 2014-cü ildə baş verən intiharlarla da bağlı araşdırma aparıb. Araşdırma bu ölkədə intihar dalğasının davam etdiyini, daha doğrusu, ermənilər üçün daha faciəli həddə çatdığını göstərir. Bu haqda növbəti yazıda…