İnterpress.az-ın “Qadın istəsə” rubrikasının qonağı Gürcüstanda yaşayan soydaşımız Ramilə Əliyevadır.
Ramilə Əliyeva hazırda Gürcüstanın İctimai kanalında aparıcıdır. Bu xanımın nazir təyin olunacağı deyilirdi. Gürcü Arzusu partiyasının lideri Bidzina İvanişvili onu nazir təyin edəcəyi ilə bağlı vəd də vermişdi.
-Ramilə Əliyeva kimdir?
Ramilə Əliyeva canı , ruhu ilə sadə bir azərbaycanlıdır. Sadə bir ailədə Qardabanidə anadan olmuşam. Anam milliyətcə gürcü, atam azərbaycanlıdır. Qardabanidə 3 saylı Azərbaycan məktəbini bitirmişəm. Bilirsiniz, hələ məktəbdə oxuyarkən mən təhsilimi davam etdirmək istəyirdim. Amma qohum-əqrəba, hamı mənə deyirdi ki, əziyyət çəkmə onsuz da axıra kimi oxuya bilməyəcəksən. O vaxt sosial mühit yaxşı deyildi. Mənim ailəmin də maddi imkanı yox idi. Məktəb vaxtlarından fəal idim. Rayon və respublika olimpiadalarında iştirak edirdim. Məktəbi əla qiymətlərlə bitirdikdən sonra ailəmizdə fikir ayrılığı yarandı. Mənim Gürcüstanın paytaxtına gəlib təhsilimi davam etdirməyim sual altında qalmışdı. Əleyhinə çıxanlar çox idi. Qohumlarım istəmirdi. Əsasən də ata tərəfdən. Mentalitet məsələsi var idi. Amma mən sonadək mübarizə apardım və 3 aylıq aclıq aksiyası keçirdim. Anamın da məni dəstəkləməsi işimə yaradı. Tbilisidə İlya Çavçavadze adına Universitetdə gürcü filologiyası fakültəsində oxuyurdum. Amma gürcü dilini yaxşı bilmirdim. Gürcü tələbələrdən geri qalmamaq üçün onlar gəzməyə gedəndə mən dil öyrənirdim. Amma jurnalistikaya marağım daha çox idi. Birinci kursda oxuyanda artıq mən Gürcüstanın İctimai televiziyasında işləyirdim, QHT-lərlə əməkdaşlıq edirdim. Tərcümələrlə məşğul olurdum. İndi fəxrlə deyirəm ki, mən Gürcüstan konstitusiyasını Azərbaycan dilinə tərcümə eləmişəm. Əsasən azərbaycanlılar üçün qanunları tərcümə edirdim. QHT çərçivəsində bir çox layihələrdə iştirak eləmişəm. Gürcüstan Polis Akademiyasında insan hüquqlarından mühazirələr oxumuşam. O vaxt 22 yaşında azərbaycanlı bir qızın gürcülərə mühazirələr oxuması asan deyildi. Soyadımın Əliyeva olması tələbələri təəccübləndirirdi. Gürcüstan parlamentində mütəxəssis və baş mütəxəssis kimi çalışmışam. Dostlarıma həmişə demişəm ki, Azərbaycanda azərbaycanlı olmağa nə var ki. Azərbaycandan kənarda azərbaycanlı olub, azərbaycançılığı qorumaq çətin və şərəflidir. Sosial vəziyyəti və vəzifəsindən asılı olmayaraq vətəndən kənarda yaşayan hər bir azərbaycanlı başa düşməlidir ki, ölkəsinin səfiridir. O, özünü necə tanıtsa, millətini də elə tanıyacaqlar.
-Ramilə , sirr deyil ki, Mixeil Saakaşvili hakimiyyəti illərində azərbaycanlılar üçün çox iş gördü. Amma sən Bidzina İvanişvili tərəfdarı kimi tanındın. İki hakimiyyət arasında fərq nədir?
-Düşünürəm ki, Eduard Şevardnadzedən sonra kim hakimiyyətə gəlsəydi, eyni addımı atacaqdı. Bizim üçün yaradılan şəraiti hədiyyə kimi qəbul etməməliyik. Çünki bu qanundur. Biz də bu ölkənin tamhüquqlu vətəndaşıyıq. Saakaşvilinin siyasi kursu qərbyönümlü idi. Qərbin də əsas tələblərindən biri ölkədə yaşayan əhalinin etnik mənşəyi, dini və irqindən asılı olmayaraq hüquqlarının müdafiəsidir. İstənilən hakimiyyət yaxşı şərait yaratmaqla bizə hədiyyə etmir. Bu, bizim haqqımızdır. Mən səninlə razıyam ki, Saakaşvilidən əvvəl azərbaycanlıların ciddi problemləri var idi. Adi sənədi belə dövlət idarələrindən almaq zülm idi. İslahatlar aparıldı. Bizim cəmiyyətin problemi bunları hədiyyə kimi qəbul etməyidir. Biz Şevardnadze dövründə o qədər sıxıldıq ki, sonrakı müsbət addımlar bizə hədiyyə təsiri bağışladı. Düzdür, Saakaşvili dövründə bizim parlamentdə təmsilçilərimiz artdı, müəyyən vəzifələrə azərbaycanlılar gətirildi. Amma düşünürəm ki, bu, getdikcə daha da artacaq. Mənim Saakaşvilini dəstəkləmədiyimə gəlincə deyim ki, Gürcüstanda siyasi və milli idealogiya yoxdur. Gürcülərdə hakimiyyət dəyişdikcə tendensiya da dəyişir. Gürcüstan çoxmillətli bir ölkədir. Ona görə də burada dövlət idealogiyasının olması ciddi məsələdir. Gürcüstanın milli azlıqlar yaşayan iki böyük bölgəsi var, Kvemo Kartli və Samsxa Cavaxetiya. Bu iki regionda əhali dövlət dilini bilmirsə ,bu, Gürcüstanın qeyri düzgün siyasətinin nəticəsidir.
Şəxsən mənim üçün partiyalar və onların adının heç bir önəmi yoxdur. Mən azərbaycanlı olduğuma görə təkcə bizə aid məsələlərə münasibət bildirməməliyəm. Bu ölkənin vətəndaşı olaraq Gürcüstana aid istənilən məsələdə fəal olmalıyam. Saakaşvili hakimiyyətində yol verilən səhvlər onun iqtidardan getməsi ilə nəticələndi. Saakaşviliyə qarşı bir çox ölkələrdə demokratik lider eyforiyası yaranmışdı.
– M.Saakaşvilinin qeyri demokratlığı nədə göründü?
– Əgər, Saakaşvili hakimiyyəti dəyişilməsəydi, Gürcüstanda Rusiya ssenarisi təkrarlanacaqdı. M.Saakaşvili konstitusiyaya dəyişiklik edərək prezidentin səlahiyyətlərini baş nazirə vermişdi. Hamı da anlayırdı ki, Saakaşvilinin üçüncü dəfə prezident seçilməsi mümkünsüzdür və o, bu dəyişikliyə məqsədli gedir. Daha sonra mitinqlərin dağıdılması, sifarişli həbslər başladı. Təsəvvür edin, ən yaxın adamlarını həbs etdirirdi. Hətta öz fotoqrafını belə vətən xaini kimi həbs elətdirmişdi. B.İvanişvili 100-ə yaxın siyası məhbusu azad etdi. 2008-ci ildəki Rusiya-Gürcüstan müharibəsi ən böyük səhv idi. Hamı bilirdi ki, Gürcüstan Rusiyanın əlində acizdir.
– Axı Saakaşvili özbaşına etməmişdi bu müharibəni. Qərbin dəstəyi var idi.
-Gəlin, belə danışaq. Tarixi insanlar yazır, zaman onu redaktə edir. İllər keçəcək və biz 2008-ci ildə həqiqətən nə baş verdiyini biləcəyik. Həmin zaman kəsiyini analiz etmişəm. Müharibədən əvvəl Kandaliza Rays və Corc Buşun Tbilisiyə gəlişi , Saakaşvilinin Amerika səfərləri- bunlar hamısı bir məna daşıyırdı. Bəlkə də ABŞ bununla Rusiyanın imicini korlamaq, təcavüzkar ölkə kimi qələmə vermək istəyirdi. Bəlkə də əksinə. Qərb Saakaşvilini bu yolla sakitləşdirməyə çalışırdı. Ona izah etmək istəyirdi ki, Rusiya ilə münasibətləri təmiz kəsmə. Ona görə Qərbin dəstəyi məsələsinə şübhəli baxıram. Qərb necə müdaxilə edə bilərdi. Soyqırım baş vermirdi ki, beynəlxalq konvensiyalar işə düşsün, Gürcüstan Avropa Birliyi, NATO-nun üzvü deyildi ki, müdaxilə olunsun. Mən demirəm ki, gürcülər başladı müharibəni. Bu müharibə daha çox Putin–Saakaşvili mübarizəsi idi. Bu , nəyisə bölə bilməyən iki kişinin davası idi.
– Ramilə, nazir təyin olunmalıydın və bununla bağlı Bidzina İvanişvili də müsahibələrin birində bu məsələyə toxunmuşdu….
-Gürcüstanda oktyabr seçkilərindən əvvəl mən fəal şəkildə İvanişvilini dəstəkləyirdim. Televiziya verilişlərində , mitinqlərdə iştirak edirdim. Gürcülər elə bilirdilər ki, bizi ancaq Kvemo-Kartli bölgəsi maraqlandırır. Mən hətta siyasi kluarlardan təklif də gəldi. Mən konkret bilirdim ki, hansı nazirliyə gedirəm. Bidzina İvanişvilinin bəyanatı isə bu məsələnin pik həddi oldu. Amma bunun niyə reallaşmadığını isə mən heç kimdən soruşmamışam. Bu mənə yaraşmaz . Sadəcə, öz soydaşlarımız müraciət ediblər ki, niyə bizim təmsilçimiz qadın olsun. Mentalitet, adət-ənənə bəhanəsi ilə budəfəki təyinatımı gecikdirə biliblər.
-Kimlər deyib bilirsən?
-Bəli, bilirəm kimlər edib. Düşünürəm ki, bunu problemə çevirib, işimi dayandırmamalıyam. Mən davam edəcəyəm , böyük arzularım var. İstəmirəm ki, bizə verilən kvotaya görə vəzifə tutum. Əksinə, Gürcüstan vətəndaşı olaraq gürcülər kimi vəzifə tutum. Gürcü cəmiyyətinə bunu aşılamalıyıq. Mən yaşıdım olan gürcü ilə eyni statusda olmalıyam. Dili bilirəm, ali savadım var, Gürcüstan qanunvericiliyini oxumuşam. Niyə mən kvotaya görə vəzifə tutmalıyam. Axı, mən də bu cəmiyyətin tamhüquqlu üzvüyəm. Bizdə belə bir şey də var. Azərbaycanlılarla bağlı bir problem olan kimi qaçıb Azərbaycanda etiraz edirik , mətbuat konfransı keçiririk. Bəli, Azərbaycan inkişaf edir, güclənir, dünyada öz yerini tutur. Bu nəinki Gürcüstanda yaşayan azərbaycanlıların, dünya azərbaycanlıları üçün fəxrdir. Amma bizim problemin həlli Gürcüstandan asılıdır. Etiraz səsimizi də Gürcüstan hökuməti qarşısında ucaltmalıyıq. Ermənilər bunu edir. Eşitmisiniz ki, ermənilər Gürcüstanda qarşılaşdıqları problemə görə gedib Yerevanda mətbuat konfransı keçirsinlər? Biz ancaq sazlı-sözlü tədbirlərlə özümüz deyib, özümüz də eşidirik. Dili öyrənməliyik. Azərbaycanla bağlı tədbirləri keçirəndə bunu Marneulidə, Qardabanidə etməməliyik. Bunu Gürcüstanın ucqar yerlərində etməliyik. Gürcüstanın elə yerləri var ki, orada bizi tanımırlar. Özümüzü tanıtmalıyıq. Görüləsi işimiz çoxdur.
http://i069.radikal.ru/1403/4d/865af4e35ccd.jpg
http://s006.radikal.ru/i215/1403/58/3a93e9855d93.jpg
http://i055.radikal.ru/1403/55/58893b24a3ad.jpg