Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
“Qərbi Azərbaycan reallığı erməni ictimai rəyinə yerləşməyə başlayır” adlı süjetdə Qazaxın dörd kəndinin qaytarılması və sərhədin demarkasiyasının Tavuş istiqamətində başlanmasından sonra Ermənistanda “Qərbi Azərbaycan” mövzusu üzrə müzakirənin intensivləşdiyi bildirilir.
Qeyd olunub ki, bütün bunlar Qərbi Azərbaycan reallığının erməni ictimai rəyinə yerləşməyə başlamasından xəbər verir: “Xüsusilə II Qarabağ müharibəsində qazanılan Zəfərdən sonra onlar anlayırlar ki, azərbaycanlıların tarixi torpaqlarına qayıdışı qaçılmazdır və bununla razılaşmalı olacaqlar. Ermənistanda “Qərbi Azərbaycan” müzakirələrinin əsas səbəbi Qazaxın kəndlərinin qaytarılmasından sonra rəsmi Bakının hansı tələblər irəli sürməsi haqqında səslənən fikirlərdir. Əslində isə növbəti hədəfin Zəngəzur dəhlizinin açılması olduğu sirr deyil”.
Süjetdə bu il aprelin 23-də Prezident İlham Əliyevin ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusundakı beynəlxalq forumda çıxışı zamanı Zəngəzur dəhlizi məsələsi ilə bağlı konkret mövqe açıqladığı vurğulanır.
Diqqətə çatdırılıb ki, həm sərhədin delimitasiyası üzrə razılığın əldə edilməsi, həm də kommunikasiyanın hansısa prinsiplərə uyğun açılması variantları Azərbaycan üçün məqbuldur və hər iki variantda dəhliz tələbi yerinə yetirilməlidir: “Bunu anlayan Qərb ölkələri artıq Azərbaycanın mövqeyini qəbul edirlər və əsas strategiya olaraq, Orta dəhlizin açılması seçilib. Bakı-İrəvan danışıqlarının növbəti raundunda ən aktual məsələ Zəngəzur dəhlizinin açılması olacaq. Ermənistanda hesab edirlər ki, bu dəhlizin reallaşması azərbaycanlıların Qərbi Azərbaycana qayıdışının da başlanğıcı olacaq”.
Erməni hüquqşünas Varazdat Arutyunyan, politoloq Beniamin Matevosyan və rusiyalı politoloq Boqdan Bezpalkonun fikrincə, baş nazir Nikol Paşinyanın gündə bir neçə dəfə “legitimlik” sözünü işlətməsi Azərbaycanın tələblərinin icrasının qaçılmaz olduğunu izah etmək məqsədi daşıyır: “Azərbaycanın növbəti hədəfi Sünikdən (Zəngəzur) dəhliz əldə etməkdir və Türkiyə də bu planı sona qədər dəstəkləyir. Ermənistan daha dəhşətli ssenari ilə üzləşəcək. Belə ki, Ermənistan cənubdakı əraziləri itirəcək. Bununla Zəngəzur dəhlizinin keçəcəyi bölgəyə Azərbaycan nəzarət edəcək”.
Sonda vurğulanıb ki, baş verənlər bir xəbərin müjdəçisidir: “Qərbi Azərbaycana addım-addım yaxınlaşırıq”.