Bu foto bu gün, bir-iki saat əvvəl, Bakıda, BDU-da çəkilib.
Bu şəkil Bakıda, bu ölkədə yox, başqa ölkədə, məsələn, Fransada, Norveçdə, Hollandiyada çəkilmiş olsaydı, hər kəs pis başa düşərdi.
Hamı hesab edərdi ki, şəkildə görünən və burun-buruna, gözə-gözə durmuş bu bığlı-saqqalı kişilərin arasında səmimi hisslər var.
Amma bu şəkil Bakıda elə bir məkanda və elə bir zamanda çəkilib ki, burun-buruna dayanmış bu adamların arasında olan əsas hissin adı hiddətdir.
Polis aksiyanı dağıtmağa gəlib və aksiya iştirakçılarının dağılışmasını istəyir.
Onunla burun-buruna dayanmış aksiya iştirakçısı tələbə isə əsas tələbini səsləndirmək fikrindədir.
Belə mənzərələrə boksda tez-tez rast gəlmək olar. Boksda bunun adı klinçdir. Yorulmuş idmançılar enerjilərini qorumaq üçün rəqiblərini tutur, burun-buruna dururlar.
Futbolda bu mənzərəni kapittanların hakimin qərarına etiraz etməsi zamanı görərsən.
Tərəflər başa düşürlər ki, əl hərəkəti etmək olmaz – bu rəqibə zərbə endirmək kimi tövsif oluna bilər.
Bir pis iş var ki, uzun müddət burun-buruna durmaq mümkün deyil. Mütləq kiminsə əsəbləri dözməyəcək və zora əl atacaq.
Ukraynada hökumət qüvvələri ilə xalq 3 ay burun-buruna durdu, axırda əsəblər dözmədi.
Bizdə hökumət qüvvələri ilə xalqın burun-buruna durması hələ yeni-yeni başlayıb.
Allah eləsin, axırda heç kəsin burnu ovulmasın, qanamasın və hər bir münaqişə, qovğa salam-səfa ilə başa çatsın.
musavat.com