Qərbin Tehrana münasibətinin dəyişməsi neftin qiymətinin kəskin ucuzlaşmasına səbəb ola bilər; bu, Azərbaycan
iqtisadiyyatının çökməsinə səbəb olar; yeni regional reallıqlar ölkəmizin geosiyasi əhəmiyyətini azalda bilər
Dünya neft bazarında Azərbaycan üçün riskli hesab oluna biləcək proseslər gedir. Virtualaz.org saytı Amerika KİV-lərinə istinadən xəbər verir ki, Tehranla Vaşinqton arasında daha bir sensasion razılaşma əldə edilib. Dövlət katibi Con Kerri ilə İranın xarici işlər naziri Cavad Zərif arasında əldə edilmiş anlaşmaya əsasən Tehran gündəlik neft ixracını ikiqat artırmağa razılaşıb.
Xəbərlərdə bildirilir ki, İrandan neft hasilatını və ixracını artırmağı C.Kerri xahiş edib. “Gözlənilir ki, İranın neft ixracı gündə 0,715 milyon tondan 2 milyon tona qədər artırılacaq. Əvəzində ABŞ İranda iqtisadi iştirakını kəskin böyüdəcək” – deyə danışıqlar barədə məlumat verən mənbə bildirir.
Gözlənilir ki, artıq gələn həftədən İranın Kiş adası ilə Nyu-York arasında birbaşa aviareys açılacaq. Bunun ardınca kifayət qədər geniş tərkibli Amerika-İran Ticarət Palatasının təsis edilməsi gözlənilir.
Məlumatlara görə, bu palata hazırda ABŞ-la Türkiyə və ya Azərbaycan arasında fəaliyyət göstərən ticarət palatalarından daha güclü olacaq.
“Financial Times” isə xəbər verir ki, İran nüvə məsələsinə dair əldə edilmiş Cenevrə anlaşması fonunda Qərbin iri neft şirkətlərini ölkəyə dəvət etməyə hazırlaşır. Qəzetin yazdığına görə, İranın Neft Sənayesi Nazirliyi hazırda iri Qərb şirkətləri ilə danışıqlar aparır.
İranın neft sənayesi naziri Bijan Namdar Zənganə bildirib ki, o, artıq bir neçə Avropa şirkəti ilə şəxsi görüşlər keçirib. Nazirin sözlərinə görə, həmin görüşlər zamanı avropalıları Amerika şirkətləri ilə ortaq şəkildə “mümkün olan kimi” İrana qayıtmağa çağırıb.
Məlumatlara görə, artıq “Total” və “Shell” kimi iri şirkətlər İrana qayıtmaq perspektivlərini nəzərdən keçirirlər. Əgər Qərb şirkətləri İrana qayıtsalar, bu ölkədə neft hasilatının əhəmiyyətli ölçülərdə artacağına şübhə yoxdur.
İri Qərb şirkətlərinin İranda yerləşməsi isə artıq bütöv regionda vəziyyətin kökündən dəyişməsinə səbəb olacaq.
Şübhəsiz ki, bu dəyişiklik Xəzər hövzəsinin əsas neft-qaz ixracatçılarından biri olan Azərbaycanın da regional və beynəlxalq mövqelərinə təsirsiz ötüşməyəcək. Analitiklər hesab edir ki, böyük İran-Qərb anlaşması, o cümlədən Qərbin enerji şirkətlərinin İrana qayıtması, bu ölkənin neft hasilatının artması, gələcək perspektivdə İran qazının Avropaya nəqlinin yolunun açılması Azərbaycanın geosiyasi əhəmiyyətinin azalmasına səbəb ola bilər. Xüsusən də ona görə ki, Azərbaycanda neft hasilatı azalmağa doğru gedir.
Digər risk isə qısamüddətli perspektivə aiddir. Söhbət dünya bazarlarında neftin qiymətinin aşağı düşməsi tendensiyasından gedir. Azərbaycan büdcəsində gələn il üçün neftin 1 barelinin qiyməti 100 dollar göstərilib və qiymət bu həddən aşağı düşsə, büdcədə kəsir qaçılmaz olacaq.
Son məlumatlara görə, Nyu-York birjasında neft kəskin ucuzlaşmaqdadır. Son hərraclarda WTI markalı 1 barel neftin qiyməti ötən yarım il ərzində ən aşağı həddə – 92 dollara enib.
London birjasında da ucuzlaşma tendensiyası müşahidə edilir, ancaq burada “Brent” markalı neftin qiymətində dəyişiklik hələlik cüzidir. Son hərracda qiymət cəmi 10 sent aşağı düşüb və 110,8 dollar olub.
Analitiklərin hesablamalarına görə, İran neft ixracını gündəlik 2 milyon barelə çatdırandan sonra qiymətlərin daha sürətlə enməsi gözlənilir. Ucuzlaşmanın qarşısını gələn ay keçiriləcək toplantısında OPEC ala bilər. Təşkilatın hasilatı azaltmaq barədə qərar verəcəyi gözlənilir. Ancaq buna ümidlər o qədər də böyük deyil.
Birincisi, OPEK üzvü olan dövlətlər neft ixracından birbaşa asılı olan ölkələrdir. Hasilatın azalması avtomatik olaraq ölkə iqtisadiyyatı üçün təhlükəli risklər yaradır. Bəzi hallarda hasilatın azalması ilə bağlı təşkilatın qərarları kağız üzərində qalır. 2008-ci ilin böhran aylarında da qərar faktiki icra olunmadı.
İkincisi, OPEK Qərbin patronajlığı altından olan bir qurumdur. Qərb isə qiymətlərin sabit qalmasında yox, ucuzlaşmasında maraqlı görünür. Böhran riski ilə üzləşən Qərb ölkələri və ABŞ enerji qiymətlərini ucuzlaşdırmaqla böhranı önləməyə çalışır. İran-Qərb münasibətlərinin yumşalmasına da bu kontekstdən yanaşmaq lazımdır. Qısası, enerji təhlükəsizliyi indi əvvəlkindən daha aktualdır.
Üçüncüsü, Qərb Avropa Birliyinin genişlənməsinə mane olmağa çalışan Rusiyanı cəzalandırmaq niyyətindədir. Rusiyaya ən böyük cəza isə neftin ucuzlaşmasıdır. Rusiya iqtisadiyyatının neft satışından asılılıq dərəcəsi hətta Azərbaycandan da yüksəkdir. Neftin qiymətinin cəmi 10-15 dollar ucuzlaşması kifayətdir ki, Rusiya iqtisadiyyatı təlatümlərlə üzləşsin. 2008-ci ilin maliyyə böhranı dövründə də bunun şahidi olduq. Neftin qəfil ucuzlaşması Rusiya üçün elə problemlər yaratdı ki, onun nəticələrini hələ də aradan qaldırmaq mümkün olmayıb.
Ona görə də hesab etmək olar ki, Azərbaycan iqtisadiyyatı böyük təhlükə astanasındadır. Hökumət gözlənilən sarsıntılardan sığortalanmaq istəyirsə ənənəvi iqtisadi siyasətindən imtina edib, çoxşaxəli iqtisadiyyat haqda düşünməlidir. Düzdür, neft ucuzlaşarsa, istənilən halda itkilər, büdcə böhranı qaçılmaz olacaq. Ancaq hökumət ənənəvi iqtisadi siyasətindən imtina edərsə, itkiləri minimuma endirmək olar.