Beynəlxalq Bankın şefi “Bakı Quşçuluq” ASC-nin 30 hektar torpağını qanunsuz yolla və ucuz qiymətə AZAL-ın rəhbərinə satdıqdan sonra məsuliyyəti ikincinin üzərinə qoymaq istəyir; bankir Cahangir Əsgərovu ASC-nin minor səhmdarları ilə qarşı-qarşıya qoymaq ssenarisini işə salıb
“Bakı Quşçuluq” ASC-nin minor səhmdarları (kiçik pay sahibləri – red.) Beynəlxalq Bankın İdarə Heyətinin sədri, səhmdar cəmiyyətinin səhm paketinin gerçək yiyəsi Cahangir Hacıyevi müəssisəyə məxsus torpaq sahələrini qanunsuz olaraq AZAL-ın baş direktoru Cahangir Əsgərova satmaqda ittiham edirlər.
Bu barədə “Yeni Müsavat”a “Bakı Quşçuluq” ASC-nin səhmdarı Şahin Əlizadə məlumat verib. Səhmdarın sözlərinə görə, Cahangir Hacıyev Cahangir Əsgərovu “Bakı Quşçuluq” ASC-nin minor səhmdarları ilə qarşı-qarşıya qoymaq istəyir: “Bakı Quşçuluq” ASC tam özəlləşdirilmiş səhmdar cəmiyyətidir. ASC-nin nəzarət səhm zərifi “Xəzər Menecment Sistems” MMC-yə məxsusdur. MMC-nin təsisçisi C.Hacıyevin ortağı olan Xəqani Bəşirovdur”.
Yada salaq ki, X.Bəşirovun adı 1 il öncə qəzetlərin manşetini bəzəyirdi. Onun adı təsisçisi olduğu şirkətlər vasitəsi ilə Azərbaycan Beynəlxalq Bankından alınmış 185 milyon dollar kreditin mənimsənilməsində hallanırdı. Daha doğrusu, bu işlə bağlı cinayət işi açılmış və 2011-ci ilin sentyabrın 12-də Xətai rayon Məhkəməsində X.Bəşirovun barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilmişdi. Həbsdən verilən apelyasiya şikayətini Bakı Apelyasiya Məhkəməsi təmin etməyib və Xətai Rayon Məhkəməsinin hökmü qüvvədə saxlanılmışdı. Ancaq 2012-ci ilin yanvarında X.Bəşirov gözlənilmədən azadlığa buraxılır və ölkəni tərk edir. Hazırda onun Bakıya qayıtması ilə bağlı məlumatlar var.
Ş.Əlizadənin sözlərinə görə, “Bakı Quşçuluq” ASC 36 hektar torpaq sahəsində yerləşmişdi və həmin torpaq sahəsi tam özəl idi. 2011-ci ildə səhmdar cəmiyyətin ləğvi prosesi başlandı və bununla “Xəzər Menecment Sistems” MMC ilə minor səhmdarlar arasında konfliktə start verildi. Cəmiyyətin ləğvetmə komissiyasının ASC-ni qeyri-qanuni yollarla ləğv edib minor səhmdarları mülkiyyət hüquqlarından məhrum etmək istəyi getdikcə konflikti dərinləşdirirdi. Hazırda əvvəllər səhmdar cəmiyyətə məxsus torpaq sahəsində AAAF-İnşaat MMC şəhərcik inşa edib, mənzil və villaları ayrı-ayrı vətəndaşlara satır. ASC-nin minor səhmdarları əvvəllər ehtimallar irəli sürürdülər ki, cəmiyyətin ləğvi əslində qeyri-qanuni torpaq sahəsinin alqı-satqı edilməsini ört-basdır etmək məqsədini güdürdü. Son zamanlar ələ keçən sənədlər onu təsdiq etdi ki, səhmdarların ehtimalları düz imiş”.
Səhmdarın sözlərinə, ASC-nin tam özəlləşdirilmiş 30 hektardan çox torpaq sahəsi 19 avqust 2011-ci il tarixində alqı-satqı yolu satılıb: “Ləğvetmə prosesinə isə yalnız 30 sentyabr 2011-ci il tarixində start verilib. Torpağı satandan sonra Cahangir Hacıyev ASC-ni Şəkiyə köçürmək istəyirdi, hətta buna dair məsələni bir dəfə səhmdarların ümumi yığıncağına da çıxarmışdı. Lakin sonradan görünür torpaq sahəsinin alıcısının təkidi ilə cəmiyyətin ləğvinə başlandı. Lakin son zamanlar yəqin haqsız olduğuna görə məhkəmə çəkişmələri ona bahaya oturduğundan Cahangir Hacıyevin adamları ona çalışır ki, məhkəmələrdə mübahisələr sona çatmamış ASC hüquqi şəxslərin reyestrindən çıxarmağa nail olsun və bununla da hüquq-mühafizə orqanların qarşısında cavabdehlik daşımasınlar. ”Bakı Quşçuluq” ASC aradan çıxandan sonra səhmdarların bütün mümkün iradlarına və iddialarına AAAF-İnşaat MMC-nin cavab verməli olacağı barədə fikir dövriyyəyə buraxıblar. ASC-nin minor səhmdarları düşünürlər ki, C.Hacıyev qəsdən C.Əsgərovla səhmdarları qarşı-qarşıya qoymaq istəyir. Bunu ASC-yə məxsus torpaq sahəsinin AAAF-İnşaat MMC-yə satılmasına dair alqı-satqı müqaviləsinin surətlərinin səhmdarlara təqdim edilməsi də təsdiq edir. Sanki bununla səhmdarlara demək istəyirlər ki, “budur sizə məxsus torpaq sahəsini ucuz qiymətə ələ keçirən şəxs, gedin ondan öz payınızı istəyin. Bununla bağlı səhmdarlar artıq Cahangir Əsgərova müraciət ünvanlayıb ki, ”əgər Cahangir Hacıyev istədiyinə nail olsa onda səhmdarlar məcbur qalıb öz etiraz və iddialarını AZAL rəhbərinə qarşı yönəldəcəklər”. Çünki sənədlərə görə səhmdarları talayan məhz AAAF-İnşaat-dır, məhz bu MMC torpaq sahəsini dəfələrlə bazar qiymətindən aşağı bir qiymətə alıb. Minor səhmdarlar anlayırlar ki, alqı-satqı müqaviləsində göstərilən qiymət real qiymət deyil və sövdələşmə tam başqa şərtlər əsasında baş verib. Məhz bu səbəbdən bu gün mübahisələr məhz Cahangir Hacıyevin komandası ilə səhmdarlar arasında gedir. Sonuncular hesab edirlər ki, onlara çatası ləğvetmə payı C.Hacıyevin komandası mənimsəyib”.
Səhmdarın sözlərinə görə, C.Hacıyevin adamları ASC-ni qeydiyyatdan çıxarmaqla C.Əsgərovu “döyüş meydanında” səhmdarlarla tək qoyarkən çox gözəl anlayırlar ki, müflisləşdirilmiş “Bakı Quşçuluq” ASC-dən fərqli olaraq AAAF-İnşaat MMC özünü qeydiyyatdan çıxarıb aradan çıxa bilməz. Çünki AAAF-İnşaaat Azərbaycan Ağır Atletika Federasiyasının inşaat şirkətidir və inşa etdiyi şəhərcikdə də Ağır Atletika Kompleksini tikdirir. Şirkətin rəhbəri Cahangir Əsgərovun müavini statusunda olan şəxsdir və hər hansı bir neqativ fakt aşkara çıxarsa, C.Əsgərovun həm cəmiyyətdəki, həm də dövlət başçısının gözündə imici korlana bilər. Bu səbəbdən AAAF-İnşaatın özünü ləğv edib səhmdarlarla şəhərciyin sakinlərini üz-üzə qoyması qeyri-mümkündür. C.Hacıyev yəqin düşünür ki, səhmdarlarla üz-üzə qalan C.Əsgərovun adamları çıxılmaz vəziyyətə düşüb ikinci dəfə xərcə düşüb problemi həll edər. Səhmdarlar bunu haqsızlıq saydığına görə C.Əsgərova müraciət edib bu ssenarinin inkişafının qarşısını almağa çağırıblar. Minor səhmdarlar hesab edirlər ki, mübahisə yalnız C.Hacıyevin komandası ilə səhmdarlar arasında getməlidir. Lakin hadisələrin sonrakı inkişafı səhmdarlardan asılı deyil, onu yalnız zaman göstərəcək”.
Məsələ ilə bağlı tərəflərin mövqelərini öyrənmək cəhdlərimiz baş tutmadı.
musavat.com