UEFA prezidenti İlham Əliyevdən Rövnəq Abdullayevə toxunmamağı xahiş edib?
Bu günlərdə Azərbaycanda səfərdə olan UEFA prezidenti Mişel Platininin bu viziti ilə bağlı maraqlı məlumat əldə etmişik. Səfər çərçivəsində Platini bir sıra tədbirlərə qatıldı, o cümlədən milli komandalar üçün tikiləcək təlim-məşq bazasının təməlqoyma mərasimində də iştirak etdi.
Amma UEFA prezidentinin Bakıya gəlişində əsas məqsədi bundan ibarət olmayıb. Virtualaz.org saytı AFFA-da işləyən yüksək vəzifə sahibindən Platininin səfəri ilə bağlı maraqlı məlumat əldə edib.
Qeyd edək ki, Platini Bakıda səfərdə olarkən Azərbaycan prezidenti İlham Əliyevlə də görüşüb. Onun səfərinin əsas məqsədi də əslində bu görüşə bağlıdır. Mənbəmizin verdiyi məlumata görə, AFFA prezidenti Rövnəq Abdullayev UEFA prezidentini səfərə gəlməyə razı salmaq üçün Mişel Platinidən bir neçə dəfə şəxsən özü xahiş edib. R.Abdullayevin prezidenti olduğu ARDNŞ (SOCAR) UEFA-nın əsas sponsorlarından olduğu üçün R.Platini R.Abdullayevin xahişini yerə salmayıb.
Bəs Rövnəq Abdullayev UEFA prezidentinin Bakıya gəlməsində niyə bu qədər maraqlı olub?
Mənbəmizin verdiyi məlumata görə, Abdullayev gələcək taleyindən narahatdır.
“İdman ictimaiyyəti arasında müzakirə olunan əsas məsələlərdən biri də budur ki, prezident seçkilərindən sonra Rövnəq Abdullayev AFFA prezidenti postundan uzaqlaşdırılacaq. Səbəb ölkə futbolunun bərbad durumu, milli komandanın illərdir davam edən uğursuz çıxışları, klub futbolunun ildən-ilə zəifləməsidir. Hazırda Abdullayevi tənqid etməyən yoxdur. Ölkə rəhbərliyi də bunu bilir. Abdullayevin getməsində maraqlı olan qüvvələr çoxdur. Özü də onlar nüfuzlu fiqurlardır. Klub sahibi olan iri məmurlar da Abdulleyav idarəçiliyindən məmnun deyillər” – deyə qaynağımız bildirib.
AFFA-dakı mənbəmizin verdiyi məlumatda o da deyilir ki, Rövnəq Abdullayev postunu qorumaq üçün bütün mümkün vasitələrdən yararlanır: “UEFA prezidentinin özəl xahişlər əsasında baş tutan səfəri də məhz buna xidmət edib. Belə ki, Mişel Platini ölkə prezidenti İlham Əliyevlə görüşdə Rövnəq Abdullayevin xahişini etməli imiş”.
Mənbənin sözlərinə görə, R.Abdullayev yaxın ətrafına deyib ki, AFFA prezidenti postu onun gələcək karyerası üçün ölüm-qalım məsələsidir: “Rövnəq Abdullayev hesab edir ki, AFFA prezidenti postundan uzaqlaşdırılması onun hakimiyyətin yüksək təbəqəsindən salınmasının başlanğıcı ola bilər. Ona görə də israrla bu postda qalmağa cəhd edir”.
Bəs dövlət başçısı UEFA prezidentinin bu xahişini nəzərə alacaqmı? Hər halda bu sualın cavabını prezident seçkilərindən sonra biləcəyik.
Virtualaz.org