Bakıda 9 Avropa şirkəti ilə qaz alqı-satqısı müqavilələri imzalandı; ən iri alıcılardan biri alman şirkəti oldu – 40 milyard kubmetr!
Dünən – sentyabrın 19-da “Şahdəniz” konsorsiumu “Shell”, “Bulgar gas”, DEPA, “Gas Natural Fenosa”, EON, “Gaz de France”, “Hera”, “Enel”, “Axpo” ilə 2019-cu ildən ildə 10 milyard kubmetr qaz tədarükü barədə saziş imzalayıb.
Virtualaz.org yerli və xarici informasiya agentliklərinə istinadən xəbər verir ki, sazişin müddəti 25 ildir, yəni 2044-cü ildə başa çatır. Amma yatağın işlənməsi üzrə saziş 2036-cı ildə başa çatır.
ARDNŞ prezidenti Rövnəq Abdullayev jurnalistlərə bildirib ki, əgər 2036-cı ildə yatağın işlənməsi üzrə sazişin müddəti artırılmasa, Azərbaycan şirkəti alıcıların qazla təchizatına dair öhdəliklərin yerinə yetirilməsini üzərinə götürəcək.
“Şahdəniz” yatağının işlənməsi üzrə saziş 4 iyun, 1996-cı ildə ilk qaz hasilatından sonra 25 illiyə imzalanıb. İlk qaz 2006-cı ildə çıxarılıb. Layihənin iştirakçıları bunlardır: ВР (25,5%), “Statoil” (25,5%), ARDNŞ (10%), “LUKoil” (10%), NICO (10%), “Total” (10%) və ТРАО (9%).
Bakıda imzalanan saziş Azərbaycan qazının Avropa bazarlarına nəqlinə yol açan ikinci tarixi hadisədir. Bundan əvvəl Azərbaycan və “Şahdəniz” konsorsimu qazın Avropa bazarlarına Transadriatik kəməri (TAP) ilə nəql olunmasına dair seçim ediblər. Bu kəmər Azərbaycanla Türkiyə arasında yeni çəkiləcək TANAP kəmərinin davamı olacaq və Avropanın cənubuna birləşəcək.
“Şahdəniz-2” qazının ən iri alıcılarından biri Almaniyanın energetika nəhəngi “E.on” olub. Şirkət Azərbaycanla 25 il ərzində cəmi 40 milyard kubmetr qazın alınmasını razılaşdırıb. Şirkətin meneceri Kristofer Delbryuk Azərbaycanla bağlanmış müqaviləni “epoxal” adlandırıb və bildirib ki, bu müqavilə qarşıdakı onilliklər ərzində Avropa bazarlarındakı situasiyaya uyğun olaraq Almaniyanı qazla təchiz edəcək.
Bolqarıstan da Azərbaycan qazının iri alıcılarından biri olacaq. Bu ölkənin “Bulgar gas” şirkəti 2019-cu ildən etibarən 25 il ərzində hər il Azərbaycandan 1 milyard kubmetr qaz almağa razılaşıb. Bununla da Bolqarıstan qazla təchizatını ilk dəfə diversifikasiya etməyə nail olur.
Bəs Azərbaycan “Şahdəniz-2” qazının satışından nə qədər gəlir götürə bilər?
ARDNŞ prezidenti R.Abdullayev bildirib ki, onların hesablamalarına görə, “Şahdəniz-2”dən qaz satışı üzrə ümumi gəlirlər 200 milyard dolar olacaq. Buraya Azərbaycan, ARDNŞ və xarici şirkətlərin 25 ildəki gəlirləri daxildir.
Qeyd edək ki, “Şahdəniz 2” layihəsi çərçivəsində 400 mlrd. kubmetr qaz ixracı planlaşdırılır: 250 mlrd. Kubmetr Avropaya, 150 mlrd. Kubmetr Türkiyəyə.
R.Abdullayev bildirib ki, qazın Avropaya tədarükü üzrə danışıqlar 5 il davam edib. Bu, “Şahdəniz” yatağı ilə bağlıdır, amma Azərbaycanın başqa yerdə də qaz ehtiyatları var. O cümlədən “Azəri-Çıraq-Günəşli” yatağının dərin laylarında, “Abşeron” yatağında, “Şəfəq-Asiman” perspektiv strukturdakı qaz yeni bazarlara çıxmaq imkanı verəcək. ARDNŞ-in proqnozuna əsaslansaq, “Şahdəniz-2” layihəsi üzrə qazın orta ixrac qiyməti 1000 kubmetr üçün 500 dollar götürülüb. Hazırda Azərbaycan qazı Türkiyəyə 26-30% ucuz satılır.
Beləliklə, Azərbaycanın qarşıdakı onilliklərdə qazdan əldə edəcəyi gəlirlər indiyədək neftdən əldə etdiyi gəlirləri dəfələrlə aşa bilər. Bu gəlirlərin ölkəyə daxil olması sayəsində Azərbaycan iqtisadiyyatının nə dərəcədə güclənəcəyini təsəvvür etmək çətin deyil.
virtualaz.org