Müstəqil Azərbaycanın sayca 6-cı prezident seçkisinin keçirilməsinə az vaxt qalır. Oktyabrın 9-da Azərbaycan Respublikasının vətəndaşları növbəti 5 il üçün yeni prezidentini seçəcək.
Mərkəzi Seçki Komissiyası hələlik 18 nəfərin namizədliyinin irəli sürüldüyünü təsdiqləyib. Namizədliyini irəli sürən siyasətçilər üçün hazırda imzatoplama kampaniyası həyata keçirilr. Bu mərhələnin son müddəti sentyabrın 9-na kimidir. Hələlik yalnız hakim partiyanın – YAP-ın namizədi İlham Əliyevin imzaları MSK-ya təqdim olunub və ölkə başçısının üçüncü dəfə prezidentliyə namizədliyi rəsmən qeydə alınıb.
Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadənin də imza vərəqələrini MSK-ya təhvil verilib. Deputat namizədliyinin qeydə alınması üçün rəsmi cavab gözləyir.
Modern.az saytı namizədliyi irəli sürülmüş digər şəxslərin imzatoplama kampaniyasının nə yerdə olduğunu araşdırıb.
BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı bildirib ki, partiya sədri, deputat Qüdrət Həsənquliyevin imzatoplama kampaniyasını qurumun 56 rayon təşkilatı aparır. Partiya rəsmisi qeyd edib ki, sentyabr ayının 2-də imza vərəqələri BAXCP-nin seçki qərargahına təhvil veriləcək və yoxlanıldıqdan sonra MSK-ya təqdim olunacaq.
BAXCP funksioneri onu da əlavə edib ki, onların proqnozuna görə, Qüdrət Həsənquluyev tələb olunan imzadan əlavə 3 min imza toplayacaq.
Öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş deputat Zahid Orucun seçki qərargahının rəhbəri Ərəstun Əlioğlu da bu istiqamətdə dinamik işlərin getdiyini deyir. O vurğulayıb ki, artıq 30 minə yaxın imza toplanıb və işlər yekunlaşan kimi imza vərəqələrini MSK-ya təqdim edəcəklər.
“A 13” hərəkatının rəhbəri, politoloq Ərəstun Oruclu bildirib ki, müxtəlif bölgələrdə proses davam edir. Onun sözlərinə görə, hələlik rəqəmlərlə bağlı dəqiq məlumatlar olmasa da, təxmini hesablamalar imza üçün tələb olunan həddin yarısı qədərdir (yəni 45 min imzanın yarısı). “Biz vaxtdan maksimum istifadə edəcəyik”, – deyə təşkilat sədri vurğulayıb.
Azadlıq Partiyasının sədri Əhməd Oruc məsələ barədə danışarkən qeyd edib ki, artıq 40 min civarında imza toplayıb və sentyabrın 6-da sənədləri MSK-ya verməyi düşünürlər.
ASDP sədri Araz Əlizadənin prezidentliyə namizədliyinin qeydə alınması üçün əsas rol oynayan imzalar eyni durumdadır. Partiya sədri bildirib ki, artıq 40 mindən artıq imza toplanıb və yaxın günlərdə sənədlər MSK-ya təqdim olunacaq.
Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin isə imza toplama kompaniyasına yeni start verildiyindən imza sayları ilə bağlı informasiya yoxdur.
MSK-da namizədliyinin irəli sürüldüyü təsdiqlənən şəxslərin sayı 18-dir.
1. Yeni Azərbaycan Partiyasından (YAP) İlham Əliyev;
2. Azadlıq Partiyasından Əhməd Oruc;
3. Hüquqşünas İlqar Altay;
4. Ümid Partiyasından İqbal Ağazadə;
5. Liberal Demokrat Partiyasından Fuad Əliyev;
6. Vətəndaş və İnkişaf Partiyasından Əli Əliyev;
7. Azərbaycan Sosial Demokrat Partiyasından Araz Əlizadə;
8. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından Qüdrət Həsənquliyev;
9. Müasir Müsavat Partiyasından Hafiz Hacıyev;
10. Şərq-Qərb Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclu;
11. Ədalət Partiyasından İlyas İsmayılov;
12. REAL Hərəkatından İlqar Məmmədov;
13. Milli Şuradan Cəmil Həsənli;
14. Milli Dirçəliş Hərəkatı Partiyasından Fərəc Quliyev;
15. Deputat Zahid Oruc;
16. Fizika elmləri doktoru Qüdrət İsaqov;
17.İsmayıl Yusifov;
18. Elşən Həsənov.