Məmur özbaşınalığı hakimiyyətə təhlükə yaradır; Hakimiyyətin daxili istifadə üçün keçirdiyi sorğuda respondentlərin 61 faizi məmur özbaşınalığından əziyyət çəkdiyini bildirib; siyasi hakimiyyət korrupsiyalaşmış məmur korpusunu media tənqidlərindən qorumaq fikrində deyil və seçkidən sonra ciddi kadr dəyişikliyi gözlənilir
Prezident Administrasiyasının sosioloji sorğu xidmətinin daxili istifadə üçün keçirdiyi sorğunun nəticələri analiz edilib. Bəlli olub ki, əhalinin hakimiyyətdən narazılığının kökündə korrupsiyadan sonra ikinci yerdə məmur özbaşınalığı durur. Respondentlərin 61 faizi məmur özbaşınalığından əziyyət çəkir. Bu barədə “Yeni Müsavat”a hakimiyyətə yaxın mənbələrdən məlumat daxil olub.
Mənbənin məlumatına görə, hakimiyyət texnoloqlarının Prezident Administrasiyasının rəhbərliyinə təqdim etdiyi hesabatda məmur özbaşınalıqlarının siyasi hakimiyyətin qorunması üçün ciddi təhlükə yaratdığı vurğulanır: “Ona görə də məmur özbaşınalığını aradan qaldırmaq, ən azı lokallaşdırmaq üçün bir sıra tədbirlər nəzərdə tutulub. Tədbirlərin tam şəkildə icrasına prezident seçkisindən sonra start veriləcək. Hökumət komandasının müəyyən hissəsi yeniləşəcək. Xüsusi narazılıq mənbəyi olan nazirliklərin rəhbərliyinə təhsil naziri Mikayıl Cabbarov, ASAN xidmətinin rəhbəri İnam Kərimov kimi gənc menecerlər gətiriləcək. Prezident İlham Əliyevin avqustun 14-də İsmayıllını içməli su ilə təchiz edəcək kəmərin açılışında məmurların ünvanına sərt tənqidlər səsləndirməsi bu tədbirlərin anonsu idi”.
Yada salaq ki, prezident İsmayıllıda məmurların ünvanına sərt ifadələr işlədib: “Bəzi hallarda yerli icra orqanlarının nümayəndələri öz vəzifə borclarını yerinə yetirə bilmirlər. Bəzi hallarda özlərini apara bilmirlər. Onların özləri, onların yaxınları insanları incidirlər, qıcıqlandırırlar, yersiz hərəkətlər edirlər və özlərini təvazökar aparmırlar. Belə olan halda, əlbəttə ki, ciddi tədbirlər görülür və görüləcək. Bütün vəzifəli şəxslər qarşısında qoyduğum əsas tələbləri mən qeyd etdim. Bir daha demək istəyirəm – mütləq Vətənə sədaqət, xalqa sədaqət, xalqa xidmət etmək lazımdır. Hər bir vəzifə sahibi bilməlidir ki, o, xalqa xidmət etmək üçün bu vəzifəni tutub, o cümlədən də mən. Bu vəzifəni mən ancaq xalqa xidmət etmək üçün icra edirəm. Hər bir vəzifəli şəxs öz məsuliyyətini dərk etməlidir, Vətən üçün, xalq üçün çalışmalıdır. Bax, əgər hər bir yerdə, hər bir səviyyədə bu prinsiplər tam üstünlük təşkil etsə, onda ölkəmiz daha da sürətlə qabağa gedəcək”.
Bu il fevralın 12-də keçirilən “Azərbaycan Respublikası regionlarının 2009 -2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda da prezident məmurları hədəf seçmişdi: “Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər. İnsanları təhqir edirlər. Özlərini apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə? Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə. Mən də çıxardacağam, lazım bildikdə. Bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq eləyir, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq”.
“Yeni Müsavat”ı məlumatlandıran mənbə deyir ki, komandanın monolitliyini saxlamaq üçün bu istiqamətdə addımların atılması seçkidən sonraya saxlanılıb: “Bu addımlar indidən atılmağa başlasa da, harınlamış məmur korpusu siyasi hakimiyyəti sabotaj edə bilər. Bu adamların hər birinin sərəncamında külli miqdarda vəsait var. Siyasi hakimiyyət onları cəzalandıracağı təqdirdə bu pulların özünün əleyhinə işləyəcəyindən ehtiyatlanır. Bu məmurları seçkiyə qədər nəzarətdə saxlamağın ən münasib modeli onları seçkiyə qədər vəzifədə saxlamaqdır. Seçkidən sonra isə onların çoxu ilə vidalaşacaqlar”.
Hakimiyyətdə kadr dəyişikliklərinin olacağına Azərbaycanın Balkanlardakı səfiri Eldar Həsənov da eyham vurub. Səfir barəsində gedən ittihamlara cavab olaraq bildirmişdi: “Bütün bunlar, olmayan yerdən problem yaratmaq, onu süni olaraq şişirtmək və Azərbaycan prezidentinə özünü bu olmayan problemi həll etməyə qadir olan ”yeganə qəhrəman” kimi qələmə verməkdən, şəxsi və qrup maraqları naminə “bizim də xidmətlərimiz var”, “biz olmasaq…” kimi fikirlərlə, nəyin bahasına olursa-olsun kreslosunu qorumağa və özünü sırımağa cəhd göstərməkdən başqa bir şey deyildir”.
Səfirin “kreslosunu qorumaq istəyənlər” ifadəsi də göstərir ki, kimlərsə yaxınlarda vəzifəsini itirəcək.
Nəhayət, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov iyulun 22-də keçirilən Mətbuat Şurasının qurultayında bildirmişdi ki, nazirləri, icra başçılarını tənqid edin. Bu, o deməkdir, siyasi hakimiyyət korrupsiyalaşmış məmur korpusunu media tənqidlərindən qorumaq fikrində deyil. Bütün bunlar seçkidən sonra ciddi kadr dəyişikliklərinin olacağından xəbər verir.
musavat.com