ARDNŞ prezidentinin qaz bəyanatı iqtidarı pis vəziyyətdə qoyub
Hakimiyyət siyasi rəqiblərini düşmən dəyirmanına su tökməkdə ittiham etdiyi vaxtda düşmən ocağına qaz vermək fikrinin ortaya atılması rəsmi təbliğatı alt-üst etdi
ARDNŞ prezidenti Rövnəq Abdullayevin “Azərbaycanın Ermənistana qaz verə biləcəyi” ilə bağlı bəyanatı ətrafında başlayan müzakirələr davam edir. Rəsmi qurumlar və hakimiyyəti müdafiə edən deputatlar ARDNŞ şefinin açıqlamasından doğan qıcıqları azaltmaq üçün bu bəyanatı “diplomatik gediş” kimi dəyərləndirsə də, bu xətanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda Bakının ziyanına işləyəcəyi şübhə doğurmur.
Birinci ondan başlayaq ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımayan yeganə dövlətdir. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü ona görə tanımır ki, ölkəmizə qarşı ərazi iddiası var – Dağlıq Qarabağı Azərbaycanın tərkibindən qoparıb öz ərazisinə qatmaq istəyir. Bu ölkələr arasında diplomatik əlaqələr də yoxdur. Yəni ən azı indiki status-kvo Azərbaycanın Ermənistana qaz satacağını istisna edir.
İkincisi, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması məsələsi gündəmə gələndə rəsmi Bakı buna sərt təpki göstərdi. Bir müddət rəsmi təbliğat Türkiyə iqtidarının Azərbaycanı öz iqtisadi maraqlarına qurban verməkdən danışdı. Bir sözlə, Bakı bir anlıq Ermənistanı unudub, AKP iqtidarına qarşı ideoloji müharibə elan etdi. Ancaq Türkiyə-Ermənistan sərhədlərinin açılması Ermənistana yalnız xırdavat biznesinin inkişafı baxımından önəmli idi. R.Abdullayevin bəyanatında isə Azərbaycanın Ermənistanın enerji təhlükəsizliyinin təminatını öz üzərinə götürməyə hazır olduğundan bəhs edilir. Bu absurdu necə izah etmək olar? Necə ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması gündəmə gələndə, rəsmi Bakı təkidlə Ankaradan izahat tələb edirdi, eyni məntiq və daha qəzəbli şəkildə Ankara Bakıdan izahat tələb edə bilər. Axı Bakı necə izah edə bilər ki, Qarabağ münaqişəsi həll edilməmiş düşmən ölkəyə qaz sata bilər?!
Üçüncüsü, bu bəyanat Azərbaycan diplomatiyasının 20 illik səylərini heçə endirir. Çünki rəsmi Bakı 20 ildir ki, bütün dünyaya bəyan edir ki, Ermənistan Azərbaycana qarşı ərazi iddialarından geri çəkilsə, işğal olunmuş əraziləri tərk etsə, məcburi köçkünlər öz evlərinə qayıtsa, bu ölkə ilə diplomatik və iqtisadi əlaqələr qurula bilər. Eyni zamanda Ermənistan Azərbaycanın patronajlığı altında olan regional layihələrə, məsələn, Bakı-Tiflis-Qars dəmiryolu layihəsinə cəlb edilə bilər. Ancaq İrəvanın Bakının bu tələblərindən heç birini yerinə yetirmədiyi halda, ARDNŞ prezidentinin bu bəyanatı Azərbaycan diplomatiyasının ciddiliyini şübhə altına alır.
Dördüncüsü, R.Abdullayevin bəyanatını rəsmilər “diplomatik gediş” kimi qiymətləndirir. Axı R.Abdullayev kimdir ki, diplomatik ifadələr işlətsin? Bu adam səhmləri 100 faiz dövlətə məxsus olan Neft Şirkətinin prezidentidir. Yeganə missiyası da neft sektorunu idarə etməkdir. Diplomatiya ilə isə ixtisaslaşmış dövlət qurumu olan Xarici İşlər Nazirliyi, Prezident Administrasiyasının xarici əlaqələr şöbəsi məşğul olur. Hətta Ermənistana qaz satışı gündəmə gəlsə belə R.Abdullayev bu məsələdə qərar verəcək şəxslər siyahısına daxil deyil. Çünki R.Abdullayev hökumətdə təmsil olunmayıb.
Beşincisi, məsələnin daha təhlükəli məqamı ondan ibarətdir ki, ARDNŞ ölkənin bir nömrəli şirkətidir. Ölkə prezidenti İlham Əliyev vaxtilə (1994-2003-cü illər) bu şirkətin birinci vitse-prezidenti olub. Bu səbəbdən də ARDNŞ prezidentə yaxın şirkət hesab edilir. Ona görə də R.Abdullayevin hər hansı qeyri-ciddi açıqlaması birinci şəxsin mövqeyi kimi yozula bilər. Yəni bəyanatla tanış olan beynəlxalq təşkilatlar və xarici dövlətlər belə hesab edə bilər ki, Azərbaycan öz haqlı mövqeyindən geri çəkilərək, Ermənistana güzəştə gedir. Prinsipcə, hansısa mərhələdə Ermənistana güzəşt edilə bilər. Ancaq “Ermənistana güzəşt” ifadəsi yalnız işğal altında olan torpaqlar boşaldıqdan və Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyandan sonra leksikonumuza daxil ola bilər.
Altıncısı, bu gün Azərbaycan ərazisinin cəmi 60-70 faizi qazlaşdırılıb. Bir az da sadələşdirsək, hər 3 ailədən biri hələ də mavi yanacaq üzünə həsrətdir. Belə bir şəraitdə R.Abdullayevin Ermənistana qaz satmağa hazır olduğunu bəyan etməsi daxili ictimai rəydə böyük qıcıq doğurub. Azərbaycan toplumu hələ tam şəkildə qazdan faydalanmağa macal tapmamış, ARDNŞ prezidentinin ermənilərə qaz satmağa hazır olmasını bəyan etməsinə ad tapmaq olmur.
Ən nəhayət, iqtidar hazırda ölkə daxilindəki siyasi rəqiblərini “düşmən dəyirmanına su tökən”, “ermənilərin maraqlarını ifadə edən”, “Qarabağı ermənilərə verməyə hazır olan” qüvvə kimi təqdim edir və bu, siyasi müxalifətə qarşı aparılan rəsmi təbliğatın aparıcı tezislərindəndir. Belə bir vəziyyətdə dövlət şirkətinin rəhbəri “düşmən ocağını yanacaq tökməyə hazırıq” tipli bəyanatla təmsil olunduğu iqtidarı da pis vəziyyətdə qoyur, onu ideoloji baxımdan tərk-silah edir.
Əgər bu bəyanatı R.Abdullayev özbaşına veribsə, yəni siyasi hakimiyyət bundan xəbərsizdirsə, o zaman ARDNŞ prezidentinin başı dərdə girəcək. Yox, bu, siyasi hakimiyyətin razılığı ilə ortaya atılıbsa, lap pis. Amma heç inandırıcı deyil ki, indiki vəziyyətdə hakimiyyət bu cür siyasi səhvə yol versin. Ona görə də yəqin bugünlərdə R.Abdullayevin “qaz bəyanatı”na ciddi redaktələr olunacaq.