Məlum olduğu kimi, Mərkəzi Bankın qərarı bankların nizamnamə kapitalının minimum həddi 10 milyon manatdan 50 milyon manata manatadək artırılıb. Bu qərar cəmi 6 ay sonra – 2014-cü il yanvarın 1-dən qüvvəyə minir. Yəni bankların bu şərtə əməl etməsi üçün cəmi 6 ay vaxtı var. Mərkəzi Bank bu qərarını kapitalın keyfiyyətinin və maliyyə vasitəçiliyi effektivliyinin artırılması, bank sisteminin dayanıqlığının və maliyyə sabitliyinin daha da gücləndirilməsi istəyi ilə izah etməyə çalışır. Ancaq minimum nizamnamə kapitalının həddinin düz 5 dəfə artımı fonunda bu izahat inandırıcı görünmür. Bu, xeyli bankın inzibati yolla bazardan çıxarılmasına yönəlmiş bir qərardır.
Mərkəzi Bankın İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev mətbuata açıqlamasında bildirib ki, bankların sayı 20-dək azaldılacaq: “Ərazisinə və əhalisinin sayına görə 46 bank Azərbaycan üçün çoxdur. 46 bankdan yalnız 20 bank sistem üçün əhəmiyyətli hesab oluna bilər. Bir sıra banklara təklif olunacaq ki, birləşmə yolu ilə daha iri təşkilata çevrilsinlər. Bundan başqa, alternativ yol kimi bir sıra bankların qeyri-bank kredit təşkilatına çevrilmə variantı təklif olunur. Nəhayət, həyat qabiliyyəti olmayan banklar ümumiyyətlə bazardan çıxarılacaq”.
Artıq bu bankların adları da bəllidir. Son məlumatlara görə, bəzi bankların məcmu kapitalının həcmi aşağıdakı kimidir:
Azərbaycan Sənaye Bankı – 29,9 milyon AZN;
Zaminbank – 26 milyon AZN;
Turanbank – 25,5 milyon AZN;
“Bank of Azerbaican” – 25,3 milyon AZN;
“Kredobank” – 22,7 milyon AZN;
“Bank Avrasiya” – 18,8 milyon AZN;
“NBC Bank” – 18,4 milyon AZN;
“Rabitəbank” – 16 milyon AZN;
“Gəncəbank” -15,9 milyon AZN;
“Dekabank” 14,6 milyon AZN;
“Qafqaz İnkişaf Bankı” 14,4 milyon AZN;
“Parabank” – 13,8 milyon AZN;
“Bank Kredit United” -13,5 milyon AZN;
“Günaybank” – 13,364 milyon AZN;
“Azər-Türk Bank” 13,2 milyon AZN;
“Atrabank” – 11,4 milyon AZN.
Bu bankların 6 ay müddətində nizamnamə kapitallarının minimum həddini 50 milyon manata çatdırması real deyil. Ümumiyyətlə, nizamnamə kapitalının minimum həddini artırmaq çox çətin bir prosesdir. Bank sistemində şəksiz üstün mövqeyə sahib olan Azərbaycan Beynəlxalq Bankı belə nizamnamə kapitalını dövlət büdcəsi hesabına artırıb. Əgər Beynəlxalq Bank kimi nəhəng bir təsisat nizamnamə kapitalını daxili resurslar hesabına ödəyə bilmirsə, onda himayəsi o qədər də güclü olmayan bankların bu vəsaiti tez bir müddətdə əldə edəcəyi inandırıcı deyil. Yeri gəlmişkən, ölkənin ən nəhəng və gəlirli şirkəti olan ADRDNŞ də nizamnamə kapitalını məhz dövlət büdcəsi hesabına artırıb. Bu məqsədlə 2009-cu ildə dövlət büdcəsindən Dövlət Neft Şirkətinə 200 milyon manat ayrılıb. Yəni nizamnamə kapitalını artırmaq sadə məsələ deyil və cəmi 11,4 milyon manat məcmu kapitalı olan “Atrabank” kimi bankların sıradan çıxması qaçılmazdır.
Mərkəzi Bankın siyasəti ona yönəlib ki, ölkədəki bankların sayı yarıbayarı azalsın. Bu, bazar qanunlarına zidd yanaşmadır. Çünki bazarda oyunçuların sayını dövlət qurumu müəyyənləşdirə bilməz. Əgər müəyyənləşdirirsə, deməli, monopoliya dövlət siyasətinə çevrilib. Bu tendensiya Azərbaycanın biznes mühiti üçün yeni deyil. Ölkənin mobil rabitə bazarına 4-cü operatoru buraxmırlar ki, “3 operator kifayətdir”. Və yaxud yeni yaradılmış sığorta şirkətlərinə lisenziya verilmir ki, “bazarda sığorta şirkətləri kifayət qədərdir”. İndi də eyni qaydaları bank bazarına tətbiq edirlər – “20 bank kifayətdir”.
Normalda anlamaq çox çətindir ki, niyə axı oyunçuların sayı öncədən müəyyənləşir? Axı dövlət özü maraqlı olmalıdır ki, bazarda oyunçuların sayı kifayət qədər çox olsun. Bazarda oyunçuların sayı çox olanda rəqabət güclənir və istehlakçıya yüksək keyfiyyətli və ən ucuz qiymətə mal (xidmət) təklif edilir. Azərbaycanda isə tam əks proses gedir – dövlət çalışır ki, oyunçuların sayı az olsun, hətta elə olur ki, bir oyunçu ilə də kifayətlənirlər. Məsələn, siqaret satışı bazarını “EUROPEAN TOBACCO BAKU” ASC inhisara alıb, bazara ikinci oyunçu belə buraxılmır.
İndi də bank sektorunda süni şəkildə təmərküzləşmə meylləri yaradırlar. Məqsəd bank kapitalının bir əldə cəmlənməsi və bir mərkəzdən idarə olunmasıdır. Onsuz da bu proses bir neçə ildir davam edirdi. İri müəssisələrin hesabları bir neçə bankın əlində cəmlənib. Qalan banklar kiçik müəssisələrə və əhalinin kiçik bir qrupuna xidmət edirdi. Normal rəqabət mühiti davam etsəydi, böyük ehtimalla müəyyən zaman kəsiyindən sonra bu banklar təbii yolla sıradan çıxacaqdı. Ancaq bank monopolistlərinin buna səbri çatmadı – nizamnamə kapitalının həcmini birdən-birə 5 dəfə artırmaqla qısa zaman kəsiyində onlarla üzülüşməyə qərar verdilər.