Famil Cəfərli
YAP-çıdan niyə narkotik çıxmır?
Daha bir əsgərimiz özünü güllələdi. Hadisə belə olub. Əsgər postda duranda o qədər bit öldürüb ki, yorulub əldən düşüb, axırda yuxulayıb. Yuxuda Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri, təyyarə sərnişinlərinin yaxın dostu, qardaşı, arkadaşı, dindaşı, qandaşı, silahdaşı, ATƏT-in Minsk Qrupunun ağsaqqalı Bayram müəllim Səfərovu görüb. Yuxudan duran kimi də özünü vurub. Görüb iki-üç gündür ölən-itən yoxdur, özünü vurub. “Əsgərdir dəəə, ölüb ölüb dəəəə…” deyə böyük müdriklik göstərən o boyda Bayram müəllimin sözünü yerə salmayacaqdı ki…
Ümumiyyətlə, Bayram müəllimin sözü olmasın, əlindəki diktofonu söndür, əəə, oğlum yerindəsən, bu, nə təxribatçı erməni sualıdır verirsən mənə, əəə?! Yaraşır əəə, bu saa?! Əsgər ölər da bə. Əsgər ölməsin, bə kim ölsün, hay? Tem bolee, ölən kasıb-kusubun uşağıdır. Yəni qəti qorxusu yoxdur. Kasıb nədən də olmasa, uşaqdan bol olur, ölən oğlunun yerinə ayrı oğlunu göndərər. Əgər döyüş bölgəsində ölən əsgər hansısa hörmətli varlı məmurun balası olsaydı, hə, onda sən deyəndir, buna qarşı dövlət səviyyəsində təcili tədbirlər görülməli idi. Lap birinci o hörmətli varlı məmurun balasını çaşıb döyüş bölgəsinə əsgərliyə yollayan alçaqlar tutulub dama basılmalı idi. Yoxsa yoluq bir kasıbın balasından ötrü hay-küy salıb ictimai rəyi çaşdırmaq, vətəndaşların istirahət hüququnu pozmaq, təyyarə sərnişinlərinin iştahasını küsdürmək olmaz…
Mən bu məsələdə Bayram müəllimi dəstəkləyirəm yəni. Həddən artıq ali savadlı söhbət eləyib. Sözlərinə ürəkdən inanmalıyıq. Çünki onun böyük dövlətçilik təcrübəsi var. Həm də yeyib-içən kişiyə oxşayır. Millətə bu dəqiqə belə müdrik, yeyib-içən rəhbər yoldaşlar gərəkdir ki, Qarabağı quzu kababı ilə, kürü ilə, tut arağı ilə tutub alaq. Bayram müəllimi ona görə şəxsən dəstəkləyirəm ki, Rayon İstehlak Cəmiyyətinin binasında aparılan restoran danışıqları…, yox, səhv dedim, Qarabağ danışıqları rəvan getsin.
Danışıqlar dedim, danışırlar ki, Qarabağ danışıqları o gün yenə Bakıya gəlibmiş. Gəlin o məlumatı oxuyaq: “Qarabağ danışıqları Lissabondan gəlib dincini almaq üçün yolda Praqada dayandı. Bir qismət çörək yedi. Kürünü çox yediyindən onu yuxu basdı. Ayaq üstə dayana bilmədiyindən başını Madrid prinsiplərinə söykəyib xoruldadı. Sonra da Rambuye qəsrindən çıxıb Qız qalasına dırmaşmaq üçün Bayram müəllimdən icazə almaq istədi. Amma adama erməni sualları verən təxribatçı jurnalistlər həmin gün Bayram müəllimi qəzəbləndirmişdilər deyə həmsədrlər icazə almaq üçün ona yaxınlaşmağa qorxdular. Görüşməyib çıxıb getdilər. Ayrı vaxt onların ağzı nəydi Bayram müəllimlə görüşməyələr. Kimdir onlar axı görüşməyələr?! Amma bu dəfə görüşməyə qorxdular. Sırf buna görə də Qarabağ hələ ermənidədir. AZAL-dan gələn bərəkət haqqı…”
Yazıq Azərbaycan, günümüzə bax də… Bu xaraba bəyəm təkcə bayramlara görə bu gündədir? Biri elə deputat Fuad Muradov. Adam deputat təyin edildiyi Səbayel rayonunda gənclərin bütün problemlərini “həll eləyəndən” sonra o günü basıb gedib Şirvan şəhərində gənclərlə görüşməyə. Orada uzun bir moizə oxuyub. Ölkədəki fəlakəti dilə gətirən müxalif və müstəqil gənclərə qarğış eləyəndən sonra vətənpərvərlik damarına 2,1 atmosfer hava vurub. Damarı lazımi həddə qədər şişən kimi belə də deyib: “Torpaqlarımız hələ də işğaldadır. Ona görə də gənclərimiz müharibəyə hər an hazır olmalıdır”.
Muradovun bu sözü mənə Təbrizin imam-cüməsi Mələkutinin “camaat, həlin yığışaq, müharibəyə gedin” söhbəti qədər məzəli gəldi. Amma zarafatı bir qırağa qoyub əsgərlikdə olmayan bu cavan deputata sualımı verməliyəm: yoldaş Muradov, “Kalaşnikov” avtomatının neçə lüləsi olur? Düz tapsan, sənin üçüncü dəfə də deputat təyin olunmağına dəstək verəcəm…
Gənclərlə başladıq, onlarla da bitirək. Nə məsələdirsə, gənc yappilər möhkəm həşirdədir. Nədən qorxurlar – bilinmir. Amma hər gün yığışıb iclas keçirir, gəncləri sabitliyi və dövlətçiliyi qorumağa çağırır, inqilab sözünə qarğış eləyir, müxalifətçi gəncləri isə söyürlər. Orda çoxlu sual-cavab da olur. Amma bu suala heç kəs cavab vermir: necə olur ki, YAP-çı gənclərin cibindən heç vaxt narkotik çıxmır? Cibləri oğurluq pulla doludur, orada nəşə-tiryək bükümünə yer yoxdur, ona görəmi?