Zamin HACI
zaminhaci@gmail.com
Cəlladın asan xidməti
Anadolu türklərinin görməmiş adamlar haqda bəyəndiyim bir məsəli var, deyirlər, filankəs “kədi olaraq bir farə yakalamış”. Yapokratiyanın ASAN xidmət mərkəzi təxminən bunun kimi bir şeyə çevrilib – pişik olduqları 20 il müddətində bir siçan tutublar, indi az qalırlar o siçanı bütün millətin gözünə soxsunlar. Siçan da barı bir siçan ola…
Srağagün internetdə çox düşük, gülünc fotolar yerləşdirilmişdi, həmin bu ASAN-ın 3-4 işçisi metro və avtobusdan yararlanıb işə gedirmiş. Guya təyyarə ilə getməli imişlər. Guya matah bir şey olubmuş – normal Avropa dövlətlərində krallar, baş nazirlər, merlər velosipedlə, metro ilə işə gedib-gəlir, yapokratiya da gülməli, dövlət ierarxiyasında heç on dördüncü dərəcədə də avtoriteti olmayan bir idarənin işçilərinin avtobusa minməyi ilə fəxr edir. Üstəlik, bunun yalnız hər həftə cümə günləri olacağı yazılmışdı! Qalan günlər şəxsi, dövlət avtomobilləri ilə gəzəcəkmişlər. Saytlardan biri bu düşüklüyə lap gülünc başlıq qoşmuşdu: “ASAN-çılar çətin həyat tərzini seçib”. Deyərdin, bunlar metroya yox, cəhənnəm tanrısı Aidin qayığına miniblər. Ola bilsin xalqımızın ictimai nəqliyyatdan yararlanması qəhrəmanlıqdır, buna işarə vururlarsa sağ olsunlar.
Təbii ki, mən sosial şəbəkədə bu görməmiş fotosessiyanı lağa qoydum. Bundan sonra bəzi ASAN xidmət əməkdaşları şərh yazdılar, yenə qurumu təriflədilər. Dedilər, gəlin görün burda nə cənnət yaratmışıq, xalqa necə gözəl xidmət göstəririk. (“Gorun çatlasın, Məşədi Kazım, hardasan, gəl bir cah-cəlalı gör”). Hətta mənə çay da təklif olundu. İlk buna münasibət bildirim: korrupsioner bir hakimiyyətin istənilən qurumunda çay içməyi, hətta dostyana münasibətlə olsa belə, harama bulaşmaq sayıram. İçsəm də o çayın pulunu ödəyib içərəm.
Gələk cənnət məsələsinə. Bəlkə elə bilərsiniz ASAN xidmət mərkəzi bir növ ofşor adalarından biridir, orda xalqımızın pullarını saxlayırlar? Axı Virciniya adalarına da gözəlliyinə görə “Cənnət adaları” deyirlər. Elə deyil. Bunu yapokratlar təzə düzəldiblər, bəzi sənədlərin alınmasını asanlaşdırmaq üçün, guya müəyyən dövlət idarələrində bürokratiya və korrupsiyanı azaltmaq üçün belə idarə qurublar. İdarənin tam və dəqiq adı “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi”dir.
Mən hələ bu idarə yarananda bunun gülünc bir idarə olacağını proqnoz eləmişdim, çünki prezident özü xalqın, vətəndaşın qulluqçusu olmalıdır, qulluqçunun vətəndaşın pulu ilə qulluqçu tutması nə deməkdir? Əgər saysız-hesabsız dövlət idarələri düzgün işləmirsə, prezident onları niyə saxlayır? Az qala hər tində notarius və polis bölməsi var. Mən niyə hansısa sənəd qayırmağa Həsən Əliyev küçəsindəki ASAN xidmət-ə getməliyəm? Öz işini görməyən həmin bir sürü idarə də elə “prezidentin yanında” deyilmi?
Gəlin “ASAN xidmət”in göstərdiyi xidmətlərin qısa siyahısına baxaq: notariat fəaliyyəti, vətəndaşlıq pasportlarının verilməsi, sürücülük vəsiqəsini dəyişdirmək, torpaq mülkiyyəti arayışı, əmək pensiyalarını hesablamaq və sairə. Guya bu sənədləri asan almaqla nə dəyişir? O sənədlərin polis zorakılığı, icra qanunsuzluğu önündə qoyun qığı qədər önəmi yoxdursa, neynəyirik o arayışları, zir-zibil kimi kağızları? Hansı adamın torpağını, evini, mal-mülkünü zorla əlindən alanda, ekskavatorla yıxanda bu sənədlərə baxıblar? 100 manat pensiya alandan sonra, onun hesablanması asan olmayıb, nə olasıdır? Bəlkə “Pi” ədədinin 10 mininci qatını sayıb camaata deyirsiniz?
Təbii, prezident dükan yiyəsi çıxandan sonra bu cür suallar verməyin heç bir önəmi qalmamışdır. O cümlədən, “ASAN xidmət” rəhbərliyinə bu karikatur fəaliyyətlərində uğurlar diləyirəm. Mən karikatura janrını çox sevirəm. Söz verirəm ki, növbəti karikaturalarınızı da maraqla izləyəcəyəm.