Samir Sarı
Cəfərlilərin qənimi
Hərbi ekspert Yaşar Cəfərlini döyənlərin hərbi qulluqçular çıxması heç kəsi, hətta Cəfərlinin özünü də şaşırtmadı. Zatən, zərərçəkən lap əvvəldən deyirdi ki, ona dəyən şillə-təpiyin müəllifləri, sifarişçiləri kimdirlər, nəçidirlər.
Adamın özünün bunu bilməsi çətin deyil. Çünki adam o cür sifarişli fiziki təzyiqə məruz qalmazdan öncə bir qayda olaraq, xəbərdarlıqlar, təhdidlər alır. Ancaq bu fayda verməyəndə, hərdən ikinci, bəzənsə üçüncü mərhələdə söhbət gəlib şillə-təpikdən istifadəyə dirənir.
Belə haqq-hesablar ölkəmizdə vaxtaşırı olur. Bir də görürsən, kimsə bir tanınmış adamı axşamın qaranlığında basıb döyürlər. Döyülən adam birinci özü kimdən şübhələndiyini deyir.
Ancaq hadisənin bundan sonrakı hissəsi fərqli variantlarda inkişaf edir. Birinci variant belədir: Zərərçəkən tərəfindən adı çəkilən şəxs vəzifəsiz, amma pullu adamdırsa, qanı gedir. Haqq-nahaq adamın boğazına çökür, nəyi var əlindən alır, soğan kimi soyurlar. Axırda isə ya tərəfləri barışdırırlar, ya da işi bağlayırlar, gedir arxivə.
İkinci variant isə bu cürdür: əgər zərərçəkən tərəfindən adı çəkilən şəxs rəis, prokuror vəzifəsindən yuxarı ranqa malikdirsə, onda hesab edin ki, bu işin başına dəyirman daşı salınıb. Heç bir müstəntiq adı çəkilən şəxsi istintaq etməyəcək, işi araşdırmayacaq. Hətta zərərçəkən şəxs dotələb adam çıxarsa, istintaqdan “məni döyən adamı tapmalısınız” deyə fantastik tələblər edərsə, onda müstəntiq məcbur olacaq ki, adamın öz yaxın-qohum-əqrəbasını şübhəli şəxs qismində istintaqa cəlb eləsin. Guya ki, bu ictimai-siyasi fəalı özcə qohumları məişət münaqişəsi zəminində basıb döyüblər. Belə olandan sonra zərərçəkənin əlacı kəsilir, fikirləşir ki, məni döyənləri tapdırdığım deyil, barı qohum-əqrəbanı zəlil etdirməyim. Beləcə, o, bu işdən vaz keçəsi olur.
Beş-altı il qabaq, elə bu aprel ayında iş yoldaşımız Üzeyir Cəfərlini də işdən çıxdığı yerdə möhkəm döymüşdülər. Əslində “döymüşdülər” o söz deyil, polkovnikin başına armaturla iki-üç zərbə vurub öldürmək istəmişdilər, amma Üzeyir bəy cantaraq adam olduğundan və qafa sümüyü bərk çıxdığından ölməmişdi.
Hadisədən bir-iki gün sonra reanimasiyada özünə gələn Üzeyir deyirdi ki, onu vuranlar hündürboy, enlikürək şəxslər idi və bilinirdi ki, hərbçidirlər.
Bir az aralıda yerləşən bankın təhlükəsizlik kameraları polkovniki redaksiyanın qabağında var-gəl edə-edə gözləyən şəxsləri azı “Kurtlar vadisi” serialının bir bölümü qədər də çəkmişdi.
Üzeyir Cəfərli 10-15 günə sağalıb işə çıxandan sonra gündə bir gün bu işi araşdıran müstəntiqlə telefonla danışırdı, soruşurdu ki, nə oldu, istintaq gedirmi, basqınçıların izinə düşə bilmisinizmi. Müstəntiqin ona verdiyi cavabdan belə bir qənaət hasil olurdu ki, istintaqçılar çox əziyyət çəkirlər. Ancaq onların əziyyəti yalnız başı iki yerdən yarılmış polkovnikə cavab verəndə bilinirdi. Arada hətta hiss olunurdu ki, müstəntiq bir az xəcalət də çəkir. Sanki başına dəyən armatur zərbələri Üzeyir Cəfərlinin mərhəmət hissini öldürmüşdü, deyirdi, cənab müstəntiq, mən bilmirəm, məni öldürmək istəyənləri tapmalısınız. Yazıq müstəntiq qiyabi olaraq basqınçıları müdafiə etməli olurdu, deyirdi, öldürmək istəmək nədir, yazıqlara böhtan niyə atırsan, axı onlar zərbələri sənə öldürmək üçün vurmayıblar.
Həkimlər isə and içirdilər ki, armatur qafaya bir-iki millimetr artıq dalsaydı, nəinki Üzeyir, heç ölməz Kaşşey də sağ qala bilməzdi.
Yaxşı ki, jurnalist həmkarımız o vaxt sağ qaldı, yoxsa onun qətli də üstübağlı qalacaqdı və biz hər il aprelin 20-də onun məzarı üstünə yığışıb, ona “demokratiya şəhidi”, “Azad söz fədaisi” kimi epitetlər deyəcək, hökumətdən bu qətlin üstünü açmağı tələb edib dağılışacaqdıq. Hüquq-mühafizə orqanları isə birgə açıqlama verəcəkdilər ki, qatillər Gürcüstanda gizlənirlər, ala bilmirik.
Əslində isə bizə qatillər lazım deyil, sifarişçilər lazımdır. Onlar tapılsa, killerlər, adamdöyənlər işsiz qalar. Budur, Yaşar Cəfərli öz hadisəsinin sifarişçilərini göstərib, qoy onları tutsunlar və birdəfəlik soyadı Cəfərli olan ekspertlərin canı qurtarsın.