Famil CƏFƏRLİ
familceferli2@gmail.com
Qanun darıxmağa icazə verir
“Bu ölkədə rüşvətsiz bir addım da atmaq olmur” (YAP-ı sevməyən kasıb vətəndaşımız belə gileylənir)
“Ölkəmiz müstəqillik və demokratiya yolu ilə inamla addımlayır, pulumuz da çoxdur” (YAP-çı varlı vətəndaşımız isə belə lovğalanır)
Quba rayonunun icra başçısı Mübariz Ağayevin başına gələnlərdən iki kitab, üç dastan, dörd film, beş multfilm qayırmaq olar. Əvvəlcə aprelin 2-də onun ayağının yanması xəbəri yayıldı. Quba RİH-in hansısa məsul işçisi elə həmin gün çıxıb dedi ki, belə şey yoxdur, əzizimiz, iki gözümüz olan sevimli Mübariz müəllimin sadəcə ayağı burxulub, Qubaya gedən ABŞ səfirini buna görə şəxsən özü qarşılaya bilməyib…
Sonra aprelin 3-də başçının yanıb-yaxılmaq, burxulmaq nədir, nazir Ziya Məmmədov tərəfindən babat döyülməsi xəbəri yayıldı. Quba RİH-in bu dəfə başqa bir işçisi aprelin 4-də çıxıb dedi ki, belə şey də yoxdur, əzizimiz, iki gözümüz olan sevimli Mübariz müəllimi heç kim döyməyib, ümumən onu döyən hələ anasından olmayıb, inanmayanlar doğum evlərinə sorğu verib arayış alsın…
Amma buna da inanan olmadı. Ya da bu söhbət Mübariz müəllimin kefinə batmadı. Şəxsən özü elə həmin gün – aprelin 4-də jurnalistlərə zəng vurub dedi ki, döyülmək söhbəti boş söhbətdir, mən hazırda ailəmlə birlikdə məzuniyyətdəyəm…
Buna inanan inandı, inanmayan yox. Görünür, inanmayanlar çox oldu ki, Mübariz müəllim döyülmədiyini deməklə də rahatlanmadı. Özü məzuniyyətdə ola-ola, aprelin 4-də durub… jurnalistlərin qabağına çıxdı ki, baxın, bu da sir-sifətim, döyülməmişəm, əzilməmişəm, sağ-salamatam, sizin da salamat olmağınızı bir olan Allahdan arzu edirəm…
Bu xəbər də aprelin 5-də səhər saat 10:10-da yayıldı (qafqazinfo.az saytına bax). Lap yaxşı. Allah hamını salamat eləsin, icra başçıları da onların içində. Amma burada məzəli vəziyyət yaranır axı. Özünüz də gördünüz ki, Mübariz müəllim aprelin 4-də ailəsi ilə birlikdə həm məzuniyyətdə olur, həm də Qubada jurnalistlərin qabağına çıxır. Bəs bu necə olur? Yoxsa Mübariz müəllim sehrbazdır? Laməkandır? Spiritizm və tənasühlə məşğuldur deyə eyni anda həm orada olur, həm burada?
Bir də ki, ən azı martın 28-dən əvvəl (səfir Qubaya ayın 28-də getmişdi) döyüləndən sonra məzuniyyətə çıxmaq olmaz bəyəm? Döyüləndən sonra məzuniyyətə çıxmaq qanunla qadağandır bəyəm? Fəlsəfəyə və məntiqə varsaq, məzuniyyətə çıxmaq döyülməni rədd, istisna və inkar etmir…
Kəsəsi, icra başçısının döyülməsi məsələsi açıq qalır. Həm də ona görə ki, bunlar bir şeydən çox, danışırlarsa, bir şeyi dalbadal, dayanmadan, ciddi-cəhdlə təkzib-inkar edirlərsə, deməli, ortada nəsə var. Quba RİH işçiləri isə dayanmadan təkzib edir, jurnalistlərə lənət yağdırır. Amma bu hay-küylü təkzib-inkarlar da torbadakı pişiyin miyoltusunu batıra bilmir. Mən o səsi eşidirəm.
Nə isə, Ziya müəllim bilər, Mübariz müəllim bilər. Mənə sadəcə bunların əfəl informasiya siyasəti maraqlı gəldi. Bu məsələdə də eynilə Gülər Əhmədovanın ilk videosu yayılandakı kimi naşı hərəkət elədilər. Başlarını elə itirmişdilər ki, bilmirdilər Gülər Əhmədovanı müdafiə edələr, yoxsa linç. 3-4 gün avara qaldılar, yarısı öydü, yarısı söydü. Axırı da o oldu ki, Gülər Əhmədova indi türmədə bərk darıxır.
Əlbəttə, Əhmədovanın buna konstitusion haqqı var. Prezident Aparatında istehsal olunmuş lap axırıncı məşhur atalar sözündə deyildiyi kimi, o da vətəndaşdır axı, hüquqları var, üstəlik darıxmağa yaşı da çatır, hələ qanunlar da buna imkan verir…
P.S. EL hərəkatının nümayəndələri dünən Lənkərana gedirmiş. Rayon icra başçısının I müavininin başçılıq elədiyi 30-40 əli belli, yabalı, kətmənli adam qonaqlara hücum edərək onları Lənkərana buraxmayıb. Əcəb eləyiblər. O 30-40 əli yabalı adam da vətəndaşdır, onların da hüquqları var axı. Üstəlik yad adamları Lənkərana buraxmamağa qanun da imkan verir. Axı Lənkəran da offşor zonadı…