Xalid KAZIMLI
samir_sari@mail.ru
Hərbi canilərə “qurban” demək…
Bu sətirlərin müəllifi son bir ildə məşhur kinematoqrafımız, böyük ziyalımız Rüstəm İbrahimbəyovu azı üç köşə yazısı ilə müdafiə edib.
Bunu ona görə yazıram ki, hər kəs İbrahimbəyova rəğbət bəslədiyimi bilsin və ona qarşı qərəzli olduğum, yaxud hansısa siyasi konyuktura barədə əbəs düşüncələrə dalmasın.
Bundan əvvəl İbrahimbəyovu mövcud rejimin mürtəce aktlarından müdafiə etmişik. Onu rəsmi mediada qara piar kampaniyasına məruz qoyur, biznesinə, yaradıcılığına maneələr törədir, aeroportda qəsdən saxlayıb incidirdilər. Belə görkəmli ziyalımıza qarşı bu hərəkətlər çoxları tərəfindən qınanılırdı.
Ancaq Rüstəm müəllim bir neçə gün öncə “Rosbalt” agentliyinə verdiyi müsahibədə elə sözlər deyib ki, o mövqeni müdafiə etmək mümkün deyil.
Söz yox, onun Qarabağ münaqişəsinə, xalqlar dostluğuna bu cür yanaşmasında dünyanın ən humanist iki peşəsindən biri olan yazıçılığının müstəsna rolu var, ancaq onun dilə gətirdiyi ifadələr son illərdə siyasətə ciddi meyllənən bir ictimai xadim üçün yalnız və yalnız artıq söz-söhbət gətirə bilər.
Bunu dəfələrlə yazmışıq, bəlkə də bu, o sözün yüzüncü təkrarıdır: Qarabağ münaqişəsi həll olunmayınca bu ölkənin hər bir vətəndaşı xalqlar dostluğu (və ya düşmənçiliyi) mövzusunda danışarkən hər bir sözünü ölçüb-biçməlidir.
“Ermənilərin hamısı bizim düşmənimizdir” demək, əlbəttə ki, olmaz. Beynəlxalq birlik buna faşizmə yozacaq. Ancaq “erməni xalqı bizim düşmənimiz deyil” demək də mümkün deyil – daxildə xəyanətə yozulacaq.
Ermənistan və Azərbaycan dövlətləri arasında düşmənçilik faktdır. Münaqişə təkcə torpaq, ərazi davası ilə məhdudlaşmır, ortada milli dözülməzlik problemi də var. Biz nə qədər etiraf etməsək də, faktdır ki, ermənilərin tam əksəriyyəti bütün azərbaycanlıları düşmən sayır. Eləcə də azərbaycanlıların tam əksəriyyəti bütün erməniləri düşmən hesab edir.
İndilikdə belədir və Qarabağ münaqişəsi ədalətlə həll olunmasa, yüz il, min il belə qalacaq. Heç cür inanmaq mümkün deyil ki, ermənilər Qarabağı Azərbaycanda qoparsalar, iki dövlət arasında sülh və mehriban qonşuluq münasibətləri bərqərar oluna bilər.
Ona görə də Rüstəm İbrahimbəyovun verdiyi müsahibədə Qarabağ müharibəsinin təcavüzkar tərəfi ilə zərərçəkən tərəfi arasında bərabərlik işarəsi qoyması, “onlar da azərbaycanlılar kimi, baş verənlərin qurbanıdır” deməsi, yumşaq desək, yanlışdır.
Erməni separatçıları qurban deyillər. Onlar müharibədə hərbi cinayətlər törədiblər və buna görə hələ mühakimə olunmayıblar. Onlara necə “qurban” demək olar?
Qarabağda bəşəriyyət əleyhinə cinayətlər törədilib. Bir anlıq düşünək ki, təkcə Xocalıda öldürülən 613 nəfər və əsir götürülərək işgəncə verilən 2 minə yaxın insan heç azərbaycanlı deyil, boşnak, çərkəz, kumıkdırlar. Məgər bu hərbi cinayətin üstündən keçmək və özünü milli hisslərin fövqündə dururmuş kimi göstərmək olar?
Qoy ziyalılarımız, yazıçılarımız milli vətənpərvər olmasınlar, özləri də dediyi kimi, bəşəri hisslərlə yaşasınlar, həmişə neytral mühakimə yürütsünlər, amma Qarabağda günahsız olaraq öldürülən minlərlə insanı da bəşər əhli saysınlar.
Hörmətli yazıçımızın “Rosbalt”a verdiyi müsahibəsində daha ciddi bir məqam da var. İbrahimbəyov jurnalistin Avrasiya İttifaqı barədə verdiyi suala xeyli əhatəli və elmi-siyasi cavab verir, arqumentlərə əl ataraq sonda bu ittifaqın yaradılmasına tərəfdar olduğunu bildirir.
Bax, əsl qınanılası mövqe budur.
Söhbət Azərbaycanın müstəqil dövlətçiliyinin itirilməsindən gedir.
Avrasiya İttifaqının bir Putin layihəsi olduğunu hamımız bilirik. Onu da bilirik ki, 2000-ci ildən etibarən hakimiyyətə gələn DTK polkovniki Putinin həyatının qayəsi dağılmış SSRİ-ni hansısa ad altında yenidən bərpa etməkdir.
Heç kəs özünü və camaatı aldatmasın. Rusiya qırmızı imperiyanın (SSRİ-nin) sərhədlərinə qayıtmaq istəyir və bu plan baş tutsa ittifaqa qoşulan bütün ölkələrin müstəqilliyi əlindən alınacaq.
Ölkəmizin ən məşhur yazıçısı, ən məşhur kinematoqrafı isə bu ideyaya dəstək verir.
Bir az da yaşayaq, görək, nə olur.