Famil CƏFƏRLİ
familceferli2@gmail.com
Siyavuşsuz nə siyasət?!
Pullu ölkəmizdə narazı vətəndaşlarımız həddən artıq çoxdur. Amma bəzən baxırsan ki, camaatımızın çoxunun narazılığı da düzgün deyil. Erməni dəyirmanına tökməyə su yığmaq üçün tez-tez Fəvvarələr meydanına gedən bu narkoman, təxribatçı, antimilli, dağıdıcı xalqımız lap ağ eləyib. Əgər ölkəmizdə seçkilər dübbədüz keçirsə, nəticədə Rafael Cəbrayılov kimi deputatlarımız ortaya çıxırsa, qərəzli və naşükür olmaq olmaz.
Qərəzli narazılığın bir-iki nümunəsini deyim, sən də bax gör düz deyirəm, ya yox. Bax, Rəsizadə əminin idarəsi 2013-ci il büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün ayrılan 6 milyard 915 milyon 200 min manatı nazirlər arasında pay-püş elədi. İndi xalq ondan narazıdır ki, ən çox pulu ən diribaş korrupsionerlərə veriblər. Ən böyük pay Ziya Məmmədova çatıb – 2013-cü ildə 1 milyard 22 milyon manat. Halbuki keçən il 852 milyon manat idi.
İndi bəzi vətəndaşlar narazılıqla donquldanır ki, 852 milyondan əvvəlki il 704 milyon ayrılmışdı. Pul artdıqca yollar lap yaman günə düşür. Deməli, 2013-də lap pis olacaq və s.
Düzdür, yol barədə deyilənlər düzdür. Amma təkcə yolların vəziyyəti pisləşəcək də. Əvəzində Ziya müəllimin vəziyyəti ki, yaxşılaşacaq. Nazir də vətəndaşdır də. Onun “ZQAN”ı da milli şirkətdir də. Bəs sən niyə istəmirsən ki, vətəndaşlarımız zənginləşsin?
Evi 2010 daşqınlarında uçan başqa bir vətəndaşımız o gün gileylənir ki, Hacıqabulun icra başçısı 100 yaşlı müharibə iştirakçısını “sizə ev tikiləcək” vədi ilə düz üç dəfə aldadıb. Əsassız şikayətdir. Əvvəla, xəbər aprelin 1-də – aldatma günündə yayılıb ki, bu da tam məntiqidir, qanunidir, yerinə düşür. İkincisi, atalar da üçdən deyib də. Day nədən narazısan? 4 dəfə aldatsaydı, hə, onda sən deyən olardı. Onda deyə bilərdin ki, icra başçısı prezident 12 fevralda deyən kimi olub, yəni harınlayıb. İndi isə narazılığın qəti yeri yoxdur. Başçı qanun və adətlərdən kənara çıxmayıb…
Ziyalılar Forumu ilə Eldəniz Quliyev də yersiz narazılıq edirlər. Onları deyə bilmərəm, amma mən Siyavuş Novruzovun mənasız sözlərindən bezib-eləməmişəm. Adam da ürəkdən gülmək imkanlarından təngə gələrmi, sağlam təbəssümdən bezərmi heç?! Şəxsən mən Siyavuşu yerüstü milli-siyasi sərvətimiz hesab edirəm. Allah ona uzun təbii-bioloji (siyasi yox!) ömür versin, hər həftə, hər gün desin-danışsın, xalq da doyunca gülsün.
Siyavuş olmasa, siyasi mühitin nə dadı-duzu?! Təsəvvür eləyin ki, siyasi həyatımız Siyavuşsuzdur. Onun əvəzində isə Rəsizadə kimi darıxdırıcı, quru bir hökumət adamı var və bu adam da tez-tez çıxıb siyasi təhlillər, müsahibələr, açıqlamalar, reaksiyalar, şərhlər verir. Onun danışığını nə dadı-duzu, nə mənası, nə koloriti olardı, ondan nə ləzzət alardın?!
Siyavuş isə… Baa, şəxsən mən Siyavuşun söhbətlərindən həmişə möhkəm ləzzət almışam. Onun “YAP ölkənin ən güclü, nüfuzlu və hörmətli partiyasıdır”, “xalq yalnız bizim ətrafımızda sıx birləşib və yalnız bizi dəstəkləyir”, “müxalifətin sosial dayağı yoxdur”, “xalq müxalifətə inanmır və ona nifrət edir” kimi dərin mənalı, çox ağıllı, hakəza şən, şaqraq və oynaq söhbətlərini necə qıyırsan. Şəxsən mən bunları heç bir komediyaya, heç bir məzəli multfilmə dəyişmərəm. Uşaqlıqdan bəri “Nu, poqodi”yə azı min dəfə baxmışam, canavarla dovşanın çıxdığı oyunları görəndə doyunca gülmüşəm. Amma bunlar mənə Siyavuşun “Azərbaycanda bütün seçkilər ədalətli və şəffaf keçib, heç bir saxtalaşdırma olmayıb” sözləri qədər ləzzət eləməyib. Bu sözlər qədər güldürməyib.
Səncə, “Tom və Cerri” multfilmi gülməli olar, yoxsa Siyavuşun “Azərbaycanda azad seçki mühiti, azadlıq və demokratiya var” sözləri? Səncə, ““I” əməliyyatı”, yaxud Şurikin macəraları” komediyası gülməli olar, yoxsa Siyavuşun “müxalifətin xalq arasında nüfuzu yoxdur” sözləri?
Ona görə də rəsmən bəyan edirəm: ictimai səhnəmizin əməkdar siyasi gülüş ustası olan Siyavuş Novruzovun üstünə yeriyən qarşısında məni görəcək. Qurtardıq bu söhbəti. Siyavuş xalqımızı bezdirmir. Ola bilsin ki, bəlkə də hətta tərsinədir, xalq özünün mənasız çörək, azadlıq, halallıq, demokratiya tələbləri ilə Siyavuşu bezdirir. Si-ya-vuş!!!