Samir SARI
samir_sari@mail.ru
Mübariz Əhmədoğlu qapan rolunda
Ölkəmizdə xeyli üzdə olan və daima, özləri demişkən, dövlətçilik kursunu dəstəkləyən insanlar var. Onlar özlərinə politoloq-zad deyirlər, opponentləri isə onlara aşağılayıcı elə şəbədələr qoşurlar ki, yazmaq mümkün deyil.
Ancaq göydən Allah baxır, onlar dövlətçilik yolunda çox əziyyət çəkirlər. Olur ki, İranla aramız dəyir, dərhal bu dövlətçi siyasətşünaslar hasarın başına çıxır, Tehran tərəfə bir-iki ağız qəzəbli sözlər qışqırırlar. Qardaş Türkiyənin iqtidarıyla iqtidarımızın sözü çəpləşir, baxırsan ki, dövlətçilər artıq az qalırlar İstanbulu Konstantinopol adlandırsınlar. Bunların əlindən ABŞ və İngiltərə kimi dövlətlərin səfirlikləri bəzi günlər qorxub işləmirlər. Beynəlxalq təşkilatlar bizim milli-dövlətçi-patriot politoloqlarımızın ittihamlarını eyzən peysərə verirlər, nə təsdiq edə bilirlər, nə də təkzib.
Hesab etməyin ki, bu şəxslər təkcə xarici siyasətlə, türkün sözü, uğraşırlar. Xeyr, onlar daxili siyasətdə də söz sahibidilər və vaxtaşırı müsahibələr verərək müxalifət liderlərini, hüquq müdafiəçilərini, ziyalıları, hökumətin xoşuna gəlməyən hər kəsi müxtəlif ittihamlara məruz qoyurlar.
Çünki dövlətçilik belə tələb edir. Adamların dolanışığı da buradandır. İşəmuzd çalışırlar. Yoxsa kimdir gətirib onlarla aybaay müftə maaş-məvacib verən. Əslində, o insanlar da fanatik-zad deyillər. Hakimiyyət sınasın, onların aylığını kəssin, görək dövlətçilik kursunda dayanarlarmı? Əsla dayanmazlar, ağıllı adamlardır, fikirləşərlər ki, booy, bunlar milyardları basıb yeyəcəklər, bizdə müftə dövlətçilik, vətənpərvərlik davası edəcəyikmi.
Bir dəfə eləsinin biri İsa Qəmbərə hücum eləmişdi. Jurnalistlər Müsavat başqanından bu barədə münasibət soruşdular, İsa Qəmbər dedi ki, eybi yox, qoy nə qədər istəyir, danışsın, hər halda, bir vətəndaşımız da bizi tənqid etməklə çörək qazanırsa, qoy qazansın.
Əlbəttə, bir çox müsavatçılar ürəklərində başqanın bu fikri ilə razı deyildilər və hiss olunurdu ki, əllərində imkan olsa, rəhbərlərinə qarşı hədyan danışan adamı it sürütməsi edərlər.
Sonradan təcrübə göstərdi ki, dözümlü, təmkinli olmaqda yarar var. O cür daima tərsinə danışan politoloqlara baş qoşmaq, onların sözlərini ciddiyə alıb reaksiya vermək, oxumuş adamların sözü olmasın, konseptual baxımdan rasional addım deyil.
Budur, o cür daima dövlətçilik mövqeyində duran şəxslərdən ən öndə gələni – politoloq Mübariz Əhmədoğlu “Yeni Azərbaycan” qəzetində “İsa Qəmbər yenidən keşiş Qapon rolunda” başlıqlı yazı dərc etdirib.
Əvvəllər ayda bir dəfə keçirdiyi brifinqlərdə Ermənistanın çökdüyünü, əhalisinin acından qırıldığını, ellikcə köçüb getdiyini deyən bu siyasi innovator bu dəfə qələmini yeni ampluada sınayıb. Nədən? Ondan ki, seçki ilidir, dövlətçilik belə tələb edir.
Əhmədoğlunu yazı yazmağa vadar edən səbəb odur ki, İsa Qəmbər son müsahibələrinin birində “ölkədə qan tökülə bilər” deyə xəbərdarlıq edib. Bu sözdən yapışan innovator hesab edir ki, bu, hökumətə hədədir. Amma bu ölkədə qan tökənlərin kimlər olduğunu bilənlər onu da bilirlər ki, bu, daha çox müxalifətə xəbərdarlıqdır, çünki silah dövlətçilərin əlindədir.
Ölkəmizin mübariz innovatoru 20 il öncə, özü demişkən, “müxalifət təmsilçilərindən birinin” başqana söylədiyi “sənin əlin qana batıb” ifadəsini də sitat gətirib, ancaq İsa Qəmbərin həmin şəxsə və onun yanındakılara nə cavab verdiyini yazmayıb.
Bu sitat adamın gözünün qabağına belə bir epizod gətirir. Sanasan, bir arıq uşaq ağır çəkili boksçu Vitali Kliçkoya sataşması ilə öyünür və söhbəti yarımçıq kəsir, sataşmadan sonra Kliçkonun onu nə kökə qoyduğundan danışmır. Hamı da deyir, halaldır, ellimiz Kliçkoya belə bir söz deyib.
Bu il dövlətçi-patriotların işi çətindir, onların danışmaqdan dilləri, yazmaqdan əlləri, bükülməkdən belləri qabar, yağır olacaq. Hökumət bu cəfakeş, fədakar insanların məvacibini artırmalı, hətta həftədə iki dəfə süd-qatıq da verməlidir. Çünki onlar bu hakimiyyətin yükünü çəkən qapan rolunda çıxış edirlər.