Xalid KAZIMLI
samir_sari@mail.ru
Cəngililərin cəngi və iqtidarın çıxış yolu
Ölkənin hər tərəfindən gələn etiraz aksiyaları xəbərləri artıq xeyli intensivləşib. Elə bir gün olmur ki, hansısa rayonda əhali öz narazılığını aksiya şəklində bildirməsin. Dünən də Qobustanın Cəngi kəndinin sakinləri yerli hökumətlə cəngə çıxmışdı, torpaq davası aparırdı və nəticədə 200 hektar torpaq aldı.
Bu aksiyaların çoxunun siyasətə, seçkilərə birbaşa dəxli yoxdur. Camaat sosial tələblər səsləndirir, güzəran, haqq-ədalət davası aparır, istismara qarşı çıxır, məmurlardan eşitdikləri “gedin, kimə istəyirsiniz, şikayət edin” cavabına cavabı meydana çıxmaqla verir.
Eyni zamanda bu aksiyaların siyasətə və seçkilərə birbaşa aidiyyatı var. İndilikdə bu narazılıq dalğası lokal səciyyə daşıyırsa, ilin sonuna, seçkilərə doğru total xarakter ala və seçkinin nəticələrinə öz möhürünü vura bilər. Hər bir narazı insan hakimiyyətin itirdiyi bir səs deməkdir. Belə insanlar isə yüz minlərlədir.
Son aksiyaların hamısı ölkədə yeridilən siyasətə etirazdır. Etirazlar çoxşaxəlidir. Ölkədə elə bir iqtisadi sahə və ya insan həyatına aid sfera yoxdur ki, ona yönəlik hakim siyasətə etiraz bildirilməsin. Etirazların başlıca hədəfi ya özbaşınalıq edən məmurlardır, ya da məmurlara güvənən, onların hesabına insanlara zülm edən iş adamları.
Get-gedə ölkədəki narazılar kontingentinin coğrafiyası bariz şəkildə üzə çıxır və aydın olur ki, tam əksəriyyət narazıdır. İşləyənlər də, işsizlər də. Təqaüdçülər də, tələbələr də. Hətta aşağı və orta ranqlı məmurlar özləri də narazıdır. Sonuncular öz etirazlarını aksiyaya çıxaraq bildirmirlər və bildirməyəcəklər, ancaq dar dairələrdə yuxarılardan necə narazı olduqlarını söyləyirlər.
Son 25 ildə bu ölkənin daxilində heç vaxt xalqın bu sayaq total miqyasda narazı olduğu və narazılığını dilə gətirdiyi olmayıb.
Hətta 1988-ci ildə Azadlıq meydanına yüzminlərlə insanın yığıldığı vaxt dövlətdən, hakimiyyətdən, öz həyatından, güzəranından narazı olanların sayı indiki qədər deyildi. O vaxt xalq hakimiyyətdən Qarabağın müdafiəsini və bir qədər də azadlıq, ədalət tələb edirdisə, indi daha çox şey tələb edir: Azadlıq, ədalət, dolanışıq, şəxsi əmlakın toxunulmazlığı, harınlardan müdafiə, azad seçki, məmur özbaşınalığına, əsgər ölümlərinə son qoyulması… və Qarabağ.
Ölkədəki real vəziyyəti izləyən və bilən istənilən xarici müşahidəçi bu qədər kütləvi narazılığı görərək çox asanlıqla seçkilərdə hakim partiyanın acı məğlubiyyətə uğrayacağını proqnozlaşdıra bilər. Demokratik ölkələrin heç birində xalqın bu qədər hiddətini qazanan iqtidar komandası seçkilərdə uğura iddia edə bilməz.
Ancaq hiss olunur ki, hakimiyyət ard-arda təşkil olunan aksiyalardan narahat olsa da, hərdən hətta təlaşa, təşvişə qapılsa da, ümumilikdə xalq kütlələrinin böyüməkdə olan narazılığının öhdəsindən hansı yolla olur-olsun gələcəyini düşünür.
Hakim komandanın əlində xalqdan səs almadan seçkini udmaq, hakimiyyəti zor hesabına qoruyub saxlamaq üçün etibarlı, sınanmış ssenarilər var. Aydın məsələdir ki, mövcud rejim əlinin altındakı leqal və yarımleqal hərbi birləşmələrə, kölə itaəti göstərən məmurlar korpusuna ümidlidir.
Ancaq saxtakarlıq və zorakılıqlar hesabına hakimiyyətin əldə saxlanılmasını müəyyən zaman kəsiyində təmin etmək olur. Bunu əbədi etmək mümkün deyil. Yoxsa dünya tarixində ad qoymuş tiranların nəsil-nəcabəti və ya ardıcılları hələ də iş başında olardılar.
O da fakt olaraq ortaya çıxır ki, bu hakimiyyət ölkədəki narazıları razı salmaq üçün elə də səy göstərmir, daha çox narazılığı boğmaq barədə fikirləşir və bu istiqamətdə tədbir görür.
İlin əvvəlindən başlayan həbslər bu tədbirlərin bir hissəsidir. İş artıq hətta adi haqq-muzd davası döyən fəhlələrin də 6 sutkalıq həbsinə çatıb.
Hər etiraz bildirən şəxs tutulacaqsa, bu gedişlə oktyabra qədər ölkənin təcridxanalarında yer qalmayacaq.
Bəs bu çıxış yoludurmu, narazılıq doğuran məsələlərin həllidirmi?