Famil CƏFƏRLİ
familceferli2@gmail.com
ƏSGƏR ÖLÜMLƏRİNƏ DAVAM (?)
Rüşvət və korrupsiya, yalan və talan sisteminin doğma bacısı olan özbaşınalıq, dərəbəylik, anarxiya daha bir əsgəri diri-diri uddu. 18 yaşı üç ay öncə tamam olmuş, cəmi iki ay yarımın əsgəri olan Elvin Niftizadə müəmmalı şəkildə öldü. Əslində əsgər öləndə burada müəmma-filan olmur. Səbəb olur…
Elvin döyüş bölgəsində deyildi, erməni gülləsinə tuş gəlməyib. İlk baxışdan sakit, təhlükəsiz görünən bölgədə – Dövlət Sərhəd Xidmətinin (DSX) Yevlaxdakı hərbi hissəsində xidmət edirdi. Onu xidmət başında ikən hansısa qaçaqmalçı, sərhəd pozucusu vurmayıb. Əsgər intihar da etməyib. Silahla da ehtiyatsız davranmayıb. Əsgər yoldaşları ilə də dalaşıb öldürülməyib.
Bu halda generalların adətən bir bəhanəsi qalır – xəstəlik. Çox qan bu adla batırılıb. Buna qayıdarıq. Hələlik daha bir “səbəb” barədə. Bu xəbər yayılan kimi hansısa naşı polkovnik (bəlkə də gizir, general – fərqi nə) ağzından qaçırıb ki, əsgər yemək yeyəndən sonra özünü pis hiss edib, böyük ehtimalla qidadan zəhərlənib.
Tutaq ki, belədir. Amma bu keyfiyyətsiz qida bəs qalan əsgərlərə niyə (şükür ki!) pis təsir etməyib? Yoxsa o yemək yalnız bir əsgər üçün bişirilmişdi? Bəs ərzaq niyə keyfiyyətsiz imiş? Buna kim nəzarət etməli idi? Niyə etməyib?
DSX da əsgər ölümü ilə bağlı rəsmi məlumat yayıb. Görək o nə deyir: “Əsgər Elvin Niftizadə martın 16-da nahar yeməyindən sonra özünü narahat hiss etdiyindən hərbi hissənin tibb məntəqəsinə aparılıb. Müayinə zamanı təzyiqinin kəskin surətdə aşağı düşməsi aşkar olunub. Həkimlərin ciddi səyinə baxmayaraq Elvinin həyatını xilas etmək mümkün olmayıb. Əsgərin bədənində hər hansı xarici, yaxud daxili xəsarətin olmaması müəyyən edilib… DSX rəhbərliyi əsgərin vəfatından kədərləndiyini bildirir”.
Əsgərin təzyiqi düşübmüş. Həkimlərdən soruşdum, onlar deyir yeməkdən sonra təzyiq düşürsə, bunun bir və əsas səbəbi də qida zəhərlənməsidir. Yeməkdən sonra təzyiq qalxırsa, yemək yağlıdır. Amma Elvinin təzyiqi düşüb. Gənc, sağlam adamda təzyiq niyə düşsün bəs? Deməli, rəsmi versiyaya görə, yemək şübhəsi əsaslı kimi görünür. Onda qayıdaq bayaqkı suala: bəs ərzaq niyə keyfiyyətsiz imiş, bəs o biri əsgərlərə niyə (şükür ki!) bir şey olmayıb?
Rəsmi versiyaya bir “quş”. Boş söhbətdir. Belə quru, rəsmi cümlələrlə o qədər müəmmalı əsgər ölümünün üstü basdırılıb, o qədər qanlar batırılıb ki… Görək əsgərin ailəsi nə deyir. Elvinin bibisi oğlu, keçmiş vicdan məhbusu Ülvi Quliyev deyib ki, əsgəri elə öz komandiri kətillə (“taburetka”) başından vuraraq öldürüb, onun bədənində, başında çoxlu xəsarət və döyülmə izləri var. Bunu Elvinin əmisi oğlu, tanınmış şair Aqşin Yenisey də təsdiqləyib.
Buyur, bu da sənə rəsmi məlumat. Necə deyərlər, dədəsi ölən mən, üzün cıran bu… Cəhənnəmdən gələn mən, xəbər verən bu… DSX bundan sonra neçə Məlikməmməd nağılı danışır danışsın. Kimi inandıracaq? Kimi inandıra bilər?
Gənclər əsgər ölümlərinə etiraz olaraq yanvarın 12-də və martın 10-da “Əsgər ölümlərinə son!” şüarı ilə iki aksiya keçirib. Hökumət hər iki aksiyanı daşatan, suvuran, kətil vuran maşınlarla, gözyaşardıcı qazla (balası ölmüş gözüyaşlı ananı gözyaşardıcı qazla boğmaq absurdu yalnız yappi təfəkkürünün məhsulu ola bilər!) dağıtdı. Xeyli gənc döyüldü, həbs edildi, cərimələndi. Çox maraqlıdır, bunlar hər dəfə daha bir əsgər ölümü xəbəri gələndə görəsən, heç bu həyasızlıqlarından da utanmırmı?!
…Kətil oturacaqdır. Kim bilir, burda bəlkə simvolik məna var. O komandir oturacağı əsgərin başına vurmaqla bəlkə elə Elçin Quliyevin, Səfər Əbiyevin 41-45-dən bəri oturub durmadıqları nazir, rəhbər kürsüsünə eyham vurub?!
…DSX bəyanatının sonunda lap gül vurub: “Təəssüf ki, bəzi mətbuat orqanları tərəfindən bununla bağlı həqiqətə uyğun olmayan, qərəzli məlumatlar yayılıb. Bu məlumatları qətiyyətlə təkzib edir, bədbəxt hadisədən öz çirkin məqsədləri üçün istifadə edənləri qınayır, özgəsinin kədərindən yararlanmaq cəhdlərini mənfi qiymətləndiririk”.
Ax sizi, yaramaz jurnalistlər. Generallar rahat kabinetlərində yayxanıb kədərlənir, bunlarsa alçaqlıq edib onların kədərindən öz çirkin məqsədi üçün yararlanır. Əsgər ailəsinin sözünü niyə yazırsınız? İmkan verin generallar ürəkdən ağı desin da bə…
Bəziləri öz xırdaca ağlınca elə düşünür ki, əsgərin ölüm səbəbini göstərməkdə çirkin məqsəd var. Balaca ağılla idarə olunan ölkələrdə vətəni sevmək də, qorumaq da çətin işdi. Bunu adamın başına kətil qarışıq qaxırlar…