Nida Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Üzeyir Məmmədli Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb. Bu barədə NİDA-çı gənc öz Facebook profilində yazıb. Ü. Məmmədli şahid qismində ifadə vermək üçün çağırıldığını bildirib:
“Biraz bundan əvvəl Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər İdarəsinə şahid qismində ifadə verməyə çağırıldım. “Nida”çıların işini aparan müstəntiq telefonla zəng edərək dəvət etdi. Birazdan ifadə vermək üçün idarədə olacam”.
***
“Nida”Vətəndaş Hərəkatından Zaur Qurbanlı “Azadlıq” radiosuna Aygun Pəncəliyeva adlı “Nida”çının da istintaqa çağırıldığı barədə məlumat verib: “Üzeyir Məmmədlini saat 14.00-a, Aygün Pəncəliyevanı saat 17.00-a çağırıblar. Deyiblər ki, şahid qismində dindiriləcəklər. Ancaq onlardan hər şey gözləmək olar. Rəşadı da guya dindirməyə çağırmışdılar. Ancaq tutdular”.
Zaur Qurbanlının sözlərinə görə, ifadə verməyə çağırılan gənclər İdarə Heyətinin üzvləridir və bunun üçün də narahatdırlar: İdarə Heyəti üzvləri təhlükədədir. Çünki televiziyaya çıxmağa vadar edilən uşaqlara təzyiq etmişdilər ki, İdarə Heyəti üzvlərinin adlarını çəksinlər. Ona görə bu gün “Nidaçılar Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinin qarşısına toplaşacaqlar”.