Zamin HACI
zaminhaci@gmail.com
ALÇAQLIĞIN SƏRHƏDİNDƏ
Dövlət Sərhəd Xidmətinin (DSX) Yevlaxdakı hərbi hissəsində əsgər öldü. Qohumları deyirlər ki, əsgəri komandiri döyüb öldürüb. Kontur almadığı üçün başına stulla vurubmuş. DSX əsgərin öldürülməsini təkzib elədi. Dedilər zəhərlənibmiş. Kim haqlıdır, biz bunu bilməyəcəyik. Təcrübə var.
Eyni zamanda, əsgər ölümləri zamanı Səfər Əbiyevin istefasını tələb edənlərin yanlış yolda olması aydın görünür. Bu əsgər də milli orduda, Əbiyevin tabeliyində deyildi ki? Yoxsa sərhədçi əsgər öləndə Elçin Quliyevin, daxili qoşunlarda oxşar hadisə baş verəndə Zakir Həsənovun istefasını tələb etməliyik? Bəlkə bütün bu problemlərin və qanunsuzluqların ali baş komandandan – prezidentdən qaynaqlandığını, onun istefa verməli olduğunu nəhayət anlayaq?
Problem bu yapokratiyanın mahiyyətindən doğur. Xalqa yad, oğru bir qrup hakimiyyəti mənimsədiyi üçün Azərbaycanda körpə ölümü də yüksəkdir, əsgər ölümü də, orta yaşlıların, ahılların da durumu acınacaqlıdır. Ətrafına bəzək vurulan bu xarabada kimin günü xoş keçir ki? Hətta hakimiyyətdəkilər də əziyyət çəkirlər, qorxu altında yaşayırlar, kürü yaxmacını zəhər yeyirmiş kimi yeyirlər. Burunlarından gəlsin. Adam kimi yaşasınlar, adam kimi yemək yesinlər.
Axı elementar bir proses olardı, ordunu peşəkar orduya çevirmək. Adamlar əsgərliyə peşə kimi getsələr, maaş alsalar, iş başında ölsələr bu qədər səsi də çıxmaz. Bu qədər etiraz da doğurmaz. Ümumiyyətlə, bir nəfər izah eləsin görək Yevlaxda sərhəd xidmətinin hərbi hissəsi nə… üçün var? Yevlax bəyəm sərhəddir? O cümlədən, Daxili Qoşunların Hacıqabulda, Zaqatalada və başqa yerlərdə hərbi hissələrini saxlamaq nəyə gərəkdir? Rayonlarda adamları döymək üçün?
Sanki hamısı bir-birinin ağzına tüpürüblər. Dünən sərhəd xidməti də Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin oxşar vəziyyətlərdə yaydığı açıqlamalara bənzər açıqlama yayıb. Sitat: “…bədbəxt hadisəni öz çirkin məqsədləri üçün istifadə edənləri qınayır, özgəsinin kədərindən yararlanmaq cəhdlərini mənfi qiymətləndiririk”.
Bir nəfər azca ağlı olan məmur varsa bu yoldaşlarına izah eləsin ki, əsgər ölümü haqda informasiya yaymaq Kütləvi İnformasiya Vasitələrinin adi fəaliyyət normasıdır. O cümlədən, ölən əsgərin qohumlarının səsləndirdiyi versiya və ehtimalları yaymaqla heç kim heç bir məqsəd güdmür. Çirkin məqsəd nə deməkdir? Özgəsinin kədəri nədir? Bu hakimiyyətdə xalq, dövlət anlayışları olan bir nəfər də qalmayıbmı? Ən azından dəhşətli təsadüfə diqqət eləsinlər: indi ölən əsgərin əmisi oğlu heç bir həftə deyildi ki, “əsgər ölümlərinə etiraz edənlər siyasi məqsəd güdür” deyə sarsaq bir açıqlama vermişdi. Niyə başa düşmürlər ki, əcəl zəngi özgəsi üçün yox, elə bizim hamımız üçün çalınır, orduda məhv edilən hər bir gənc bizim qardaşımız, oğlumuzdur?
“Özgəsinin kədərindən yararlanmaq” ifadəsi məni çox düşündürüb. Yapokratlar bununla nə demək istəyirlər? Bəlkə bunun alt qatında bu ifadənin tərsi durur – “öz kədərinizdən yararlanın”? Kədərdən yararlanmaq mümkündürmü? Bu qədər sinik mahiyyətli tipləri hardan tapıb bir yerə, bir hakimiyyətə yığıblar?
Amma ta yararlanmaq boynumuza qoyulubsa, yapokratiyadakı kədər alverçiləri kədərin ölçü vahidini, kilosunun neçəyə satıldığını-filanı da bizə bildirsinlər.
Alçaqlar. Uşaqlarımızı, qardaşlarımızı öldürürlər, hələ ağlamağı qadağan eləmək fikirləri də var. İstəyirlər millət özünü arsızlığa qoyub oynasın, deyib-gülsün, acqarına şükür eləsin…
Bu alçaqlığın bir sərhədi, sərhəd xidməti-zadı varmı?