Xalid KAZIMLI
samir_sari@mail.ru
“U” DÖNÜŞÜ, “O” FIRLANIŞI
Goranboylu cəbhəçilərin “EL” hərəkatına qoşulması barədə xəbər bəlkə BAXCP-də hiddət, “EL”-də riqqət doğurdu, bilmirəm, amma bu hərəkət adamı məyusluqla müşayiət olunan düşüncələrə sövq edir.
Onların çoxu keçmiş cəbhəçilər, 1988-92-ci illərin hərəkatçıları, ondan sonranın əzmkar müxalifətçiləridir. Amma dünənə qədər özünü əslində hakimiyyət komandasının yaxını sayan, yeri düşdükcə müxalifəti “vuran” Qüdrət Həsənquliyevin başçılıq etdiyi partiyada idilər.
Bu gün onlar sanki yenidən müxalifət düşərgəsinə qayıdıblar, indən belə mövcud rejimə qarşı mübarizə aparan “EL” hərəkatının tərkibində siyasi fəaliyyətlərini davam etdirəcəklər.
20-25 il əvvəl Rusiya imperiyasına qarşı ölüm-dirim savaşına qalxan o insanlar bu gün rəhbərlərinin Rusiyaya isti münasibətdə olduğu siyasi təşkilatda birləşiblər.
Görün, Goranboy cəbhəçiləri haradan haraya gəldilər… Çox uzun və dolanbac, üstəlik, indilikdə mənzil başı görünməyən yoldur.
Onları bu keşməkeşli yollardan keçməyə mərhumiyyətlər, uğursuzluqlarla dolu həyat, uzun sürən irtica, beşiyində boğulan demokratiya vadar etdi.
Ölkənin o biri rayonlarındakı köhnə cəbhəçilər kimi, Goranboy cəbhəçiləri də həyatlarının ilk sarsıdıcı zərbələrini 1993-cü ildə aldılar, ikinci böyük zərbəni isə 2000-ci ildə daddılar. Birincidə milli-demokratik hakimiyyət əldən getdi, ikincidə hərəkatçıların lideri Elçibəy dünyasını dəyişdi.
Ondan sonra bir vaxtların ən güclü siyasi təşkilatı olan köhnə AXC əvvəlcə iki, sonra dörd yerə bölündü. Ara qarışdı, düzən pozuldu. Rayonlardakı təşkilat liderlərinin hansının paytaxtdakı liderlərdən hansıyla arası yaxşıydısa, kim gələcəyə yönəlik şirin, inandırıcı vəd verirdisə, onun yanında yer alırdı.
Goranboy cəbhəçilərinin də bir çoxu öz nüfuzlu liderlərinin – Maşallah Abdullayevin ardınca BAXCP üzvü olmuşdular. Təşkilatın adında “cəbhə” və “bütöv” sözü vardı, lideri (Qüdrət Həsənquliyev) köhnə cəbhəçiydi, ancaq çox tezliklə ortaya çıxdı ki, dövran dəyişib, nə BAXCP sinəsini irəliyə verib irtica ilə, haqsızlıqla mübarizə aparacaq, nə də Qüdrət Həsənquliyev mövcud iqtidarın üzünə ağ olacaq.
Beləcə, goranboylu köhnə cəbhəçilər zaman keçdikcə öz qablarında olmadıqlarını anladılar. Amma nə geriyə yol vardı, nə də yapacaq bir şey. Onların yeganə təsəllisi YAP-a üzv olmamalarıydı. Günortadan sonra yenidən BAXCP-dən ayrılıb başqa partiyaya, “ənənəvi müxalifət partiyaları” adlanan siyasi təşkilatlara qoşulmağa nə üz vardı, nə də həvəs. Deyəsən, heç dəvət də yox idi.
Siyasi arenada heç bir perspektiv görməyən, ancaq ümidlərini üzmədən, günlərini kəsbkarlıqla və çayxana söhbətləri ilə sovuşduran minlərlə keçmiş hərəkatçı kimi goranboylu hərəkatçılar da uzun illər idi ki, yeni bir üfüqün açılacağını gözləyirdilər.
Bu gün onların bir rayonda elliklə “EL”ə keçməsi göstərir ki, onlar belə bir üfüqü görürlər, ən azı, buna ümidləniblər. Ancaq onların ümidi bu dəfə də çiliklənəcəkmi, yoxsa yeni açılmış üfüqün bir ilğım olmadığı ortaya çıxacaqmı – indilikdə demək çətindir.
Bəlkə də goranboylu cəbhəçilərin bu hərəkətini “U” dönüşü saymaq olar, ancaq ən qorxulusu odur ki, bu, “O” fırlanması olsun. Birincidən fərqli olaraq, ikincidə çıxış yolu yoxdur, ona düşən insanlar fırlana-fırlana, partiya dəyişə-dəyişə ömrü tükətməkdə davam edirlər.
Ancaq həyatı (bəlkə də bəxti) başqa cür gətirənlər də var. Təxminən 20-23 il öncədən tanıdığım yüzlərlə müxalif düşüncəli insanlar var ki, onlar 20 il əvvəl hansı siyasi platformada, hansı siyasi liderin yanındaydılarsa, bu gün də ordadırlar, o vaxt hansı prinsipləri müdafiə edirdilərsə, bu gün də onun davasını aparırlar. Onlar da yorulublar, beziblər, uzun illərin uğursuzluqları öz izlərini qoyub, ancaq bu şəxslər hələ də inadkar, israrlı və əzmkardırlar. Son vaxtlar isə bu əzmkar insanlardan, köhnə hərəkatçılardan bir söz də eşitmək mümkündür: “Bəlkə də biz heç vaxt hakimiyyətə gəlməyəcəyik, amma öz mövqeyimizi də heç vaxt dəyişməyəcəyik”.
Hələlik belədir: bu ölkədə nə mövqeyini, partiyasını tez-tez dəyişənlər xoşbəxtdir, nə də heç vaxt dəyişməyənlər. Sadəcə, ikincilərin özləri ilə qürur duymağa səbəbləri var.